İrəvandan Qarabağ ermənilərini çətinə salacaq gediş: - “… müharibə yenidən başlaycaq”

22-12-2020, 15:09           
İrəvandan Qarabağ ermənilərini çətinə salacaq gediş: - “…
Dağlıq Qarabağın müstəqilliyinin tanınması və siyasi statusu ilə bağlı bəyanatlar son günlər yenidən gündəmə gəlib.

Azərbaycan Dağlıq Qarabağda yaşayan erməni əhaliyə xüsusi siyasi status verilməyəcəyini bəyan etsə də, rəsmi İrəvan bu məsələni müzakirə predmetinə çevirməyə şalışır. Əks təqdirdə, Ermənistan hakimiyyəti Azərbaycanı Dağlıq Qarabağın müstəqilliyini tanıyacağı ilə təhdid edir. Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ara Ayvazyan bir neçə gün öncə Fransanın “Le Monde” qəzetinə verdiyi müsahibədə belə bir açılqma ilə çıxış edib.

“Bakı Dağlıq Qarabağın statusun müəyyənləşdirilməsinə dair danışıqlara razı olmazsa, İrəvan bölgənin müstəqilliyinin tanınması prosesinin mümkünlüyünü nəzərdən keçirəcək”.

Bir çox insanın Dağlıq Qarabağın statusu mövzusunun hərbi güc tətbiq edərək gündəmdən çıxarıldığını düşündüyünü söyləyən nazir bunun səhv yanaşma olduğu qənaətindədir.

"Minsk Qrupu həmsədrləri Qarabağın statusu məsələsinin danışıqların gündəliyində qaldığını təsdiqlədi", - erməni nazir müsahibəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona son səfərlərini şərh edərkən belə deyib. Kapitulyasiya sənədinə imza atmış və Azərbaycanla barışığın vacibliyindən danışan Paşinyan hökumətindən indi sözügedən bəyanatın gəlməsi siyasi blef kimi də qiymətləndirilə bilər. Çünki Ermənistanın Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımaq barədə hər hansı qərarı müharibənin yenidən alovlanması üçün əsas yaradacaq. Bu isə münaqişə zonasına sülhməramlı qüvvələr yerləşdirmiş Rusiyanın missiyasına ziddir. Ona görə də Ermənistanın istənilən pozucu addımı Rusiyanın bölgədəki geosiyasi maraqlarına zərbə vura bilər.

Rusiya prezidenti Vladimir Putin də dekabrın 18-də keçirdiyi illik mətbuat konfransında status məsələsindən söz açarkən bildirib ki, hətta Ermənistanın özü Dağlıq Qarabağın müstəqilliyini tanımayıb.

Konfliktoloq Əvəz Həsənov hesab edir ki, prezident Vladimir Putinin videokonfransda söylədiyi bu fikirlər başqa məna kəsb etmir və Azərbaycanın maraqlarına uyğundur. Bu mesaj aydın olmaqla yanaşı, konkretdir. Bu isə perspektivdəki vəziyyəti dəyərləndirməyə imkan yaradır.

“Ermənistanın Dağlıq Qarabağı tanıması barədə Ayvazyanın dediklərinə gəlincə, mənə elə gəlir ki, rəsmi İrəvan belə bir addıma atmaq istəsə idi, bunu müharibənin qızğın vaxtı edərdi. İndi faktiki olaraq, Dağlıq Qarabağdakı qondarma rejimin özü belə çox iflic vəziyyətdədir.

Dağlıq Qarabağ demək olar ki, Azərbaycanın nəzarəti altındadır. Azərbaycan əsgərlərinin yerləşdiyi hərbi mövqelər Dağlıq Qarabağa çox yaxındır. Əvvəlki bufer zona yoxdur. Əgər Ermənistan Dağlıq Qarabağın müstəqilliyini birtərəfli qaydada tanıyarsa, Rusiya sülhməramlılarının orada olmasına baxmayaraq, bu Azərbaycan ordusunun Dağlıq Qarabağın digər ərazilərini də tam nəzarətə götürməsi üçün əsas olacaq. Sülhməramlıların orada olduğu bir müddətdə Dağlıq Qarabağın müstəqilliyinin tanınması bir xülyadır. Çünki o halda sülhməramlı qüvvələrə ehtiyac qalmır və onlar ərazini tərk etməli olacaqlar. Müharibənin başlanmasından sonra Azərbaycan ordusunun qarşısında dayana biləcək sədd qalmayacaq. Çünki ermənilər yaşayan kəndlər Azərbaycan ordusunun hədəfindədir. Mən inanmıram ki, Ermənistan özünü də Dağlıq Qarabağdakı erməniləri də belə zərbə altında qoyacaq qədər ağılsızdır. Dağlıq Qarabağın müstəqilliyinin tanınması Azərbaycan-Ermənistan münasibətlərini tamam başqa müstəviyə keçəcək. Azərbaycan Ermənistana təzyiqlərini daha çox artıracaq.

Ona görə də bu deyilənlər xülyadır. Ermənistan hakimiyyətində olanların vəziyyətdən çıxış üçün təklif etdiyi yollardır. Dağlıq Qarabağın gələcəyini fikirləşmək istəyirlərsə, bunu Azərbaycanla məsləhətləşməlidirlər. Dağlıq Qarabağın müstəqilliyinin tanınması həmin bölgənin statusunun və mövcudluğunun şübhə altına düşməsinə gətirib çıxara bilər”.

Ekspert bildirdi ki, Ermənistan xarici işlər nazirinin açılaması daxili ictimai rəyə hesablanıb. Siyasi vəziyyətin gərgin olduğu Ermənistanda hökumət bu cür variantları ortaya atmaqla vəziyyətdən çıxış yolu axtarmağa çalışır. “Yenidən müharibəyə başlamaq əks-nəticə verər.

Çünki Ermənistan ikiqat güc toplasa, Azərbaycan on qat güc toplayacaq. Ermənistan artıq bundan sonra müharibəni Azərbaycanla sərhəddə edəcək. Ona görə də müharibə inandırıcı görünmür. İndi münasibətlərin normallaşması haqqında düşünmək lazımdır. Dağlıq Qarabağda yaşayan insanların taleyi ilə bağlı “yol xəritəsi” hazırlanmalıdır ki, onlar hüquqsuz, təcrid olunmuş vəziyyətdə qalmasın”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.