"Azərbaycanda bu qüvvələri Rusiya və İrandan idarə edirlər" - AÇIQLAMA
23-12-2020, 00:06

Müharibə dövrü hər dəfə sülh sazişi elan olunan kimi aktivləşən, hakimiyyəti satqınlıqda ittiham edən, Ordumuzun uğurlarından sonra isə susan qüvvələr müharibə bitən kimi yenidən fəaliyyətə başladılar və getdikcə təhlükəli fəaliyyətlərini gücləndirirlər. Bu qüvvələrin İran və Rusiyadan idarə olunmasına heç bir şübhəm yoxdur. Bu oyunda da Milli Şuranın hakimiyyət hərisləri olan aktivistlərindən bəziləri bilərəkdən, bəziləri bilməyərəkdən ön cərgədədirlər. Yazdıqlarıma əmin olmaq üçün həmin şəxslərin müharibə dövrü və müharibədən sonra yazdıqlarını, çıxışlarını diqqətlə təhlil edin. Onların fəaliyyəti bir neçə istiqamətdə davam edir.
Bu qüvvələr 10 noyabr Sazişindən dərhal sonra Qələbəmizə kölgə salmaq, vətəndaşlarımızda olan milli ruh yüksəkliyini öldürmək üçün əllərindən gələni etdilər. İlk günlərdən sazişi satqınlıq adlandırıb Ağdam, Kəlbəcər və Laçın rayonlarının heç vaxt qaytarılmayacağını elan etdilər. Bunun ardınca Kəlbəcərin boşaldılmasına əlavə 10 gün verilməsindən sonra ittihamlarını daha da gücləndirdilər. Sazişdə göstərilən bütün rayonlar azad edildikdən sonra artıq bəzi kəndlərlə olan problemləri az qala bütün müharibədə məğlubiyyət kimi qələmə verdilər.
Yenə bu qüvvələr Rusiyanın regionda, xüsusilə Dağlıq Qarabağ probleminin həllindəki rolunu bilərəkdən rus sülhməramlılarının təmas xəttinə yerləşdirilməsini milli maraqların satqınlığı kimi qələmə verdilər. Bilərəkdən Rusiya – Azərbaycan qarşıdurması yaratmaq istədilər. Bundan sonra Türkiyənin bu prosesdə ən fəal iştirakını görməzliyə vurub Azərbaycan hakimiyyətinin sülh barədə qərarı Türkiyə ilə hesablaşmadan verdiyini tirajladılar. Türkiyə sülhməramlılarının Azərbaycana yerləşdirilməsi üçün Rusiya ilə Türkiyə arasında dəfələrlə Prezidentlər, Xarici İşlər, Müdafiə nazirləri səviyyəsində danışıqların, görüşlərin olmasına, bu barədə ictimaiyyətə daim məlumatlar verilməsinə baxmayaraq Azərbaycanın bu yöndə heç bir iş görmədiyini tirajlamaqla vətəndaşlarda hakimiyyətə qarşı inamsızlıq yaratmağa çalışdılar.
Bundan sonra, yenə bu qüvvələr müharibədəki uğurlarımızı ancaq pilotsuz uçan aparatlarla (PUA) əlaqələndirdilər. Əminəm ki, məhz bu yanlışlığı aradan qaldırmaq üçün İlham Əliyev dəfələrlə Xalqa müraciətlərində müharibədə qələbəni PUA-ların yox, döyüşən əsgər və zabitlərimizin qazandığını elan etdi.
Ali Baş Komandan İlham Əliyevin müharibə dövrü davamlı olaraq müharibədə qələbəni əsgər və zabitlərimizin qazandığını deməsinə baxmayaraq bilərəkdən Ali Baş Komandanla əsgər və zabitlərimiz arasında qarşıdurma yaratmaq üçün guya hakimiyyət tərəfindən qələbənin haqsız olaraq ancaq İ.Əliyevin adına yazılmasını şüar edib, əksini tirajlamağa başladılar. Burada məqsəd müharibədə kimin az, kimin çox iştirakını göstərmək yox, məhz Qalib Ordunun Ali Baş Komandanı olmuş İlham Əliyevin məqsədyönlü gözdən salınmasıdır. Buna da səbəb müharibə dövrü İlham Əliyevin qonşu dövlətlərin göstərişləri ilə yox, məhz Azərbaycan Xalqının maraqlarına xidmət edən addımlarıdır.
Son günlər isə bunlar daha təhlükəli yola əl atıblar. Bilərəkdən Orduda olan çatışmazlıqları önə çəkərək artıq bu dəfə əsgər, zabitlərimiz və hakimiyyət arasında gərginlik yaratmağa çalışırlar. Əlbəttə, istənilən müharibədə və ondan sonra əsgər və zabitlərin çatışmazlıqları olur. O cümlədən Vətən Müharibəsində və ondan sonra da çatışmazlıqlar oldu, var və təcili həll olunmalıdır. Ancaq ayrı-ayrı halları əldə bayraq edib ümumilikdə Azərbaycan Ordusunu rəzil durumda göstərmək, tək əsgər və zabitlərimizə hörmətsizlik deyil, bu həm də düşmənçilikdir! Mən erməni mətbuatını daim izləyirəm və sizi əmin edirəm ki, bizim orduda olan çatışmazlıqların bu gün sosial şəbəkələrdə tirajlandığının onda biri də məğlub erməni Ordusu haqqında yoxdur. Müharibədən tarixi Qələbə ilə çıxmış Ordunun dərhal nüfuzdan salınması, problemin həll olunması istəyi ilə heç bir əlaqəsi yoxdur, bunu hamı bilməlidir.
Son günlər haqqımda olan, yazımdan bir cümlənin kontekstən çıxarılıb kampaniya başladılması da bu böyük oyunun tərkib hissəsidir. Ona görə də bu gün hamının Ordu ilə bağlı yayılan yazılara diqqətlə yanaşmalarını xahiş edirəm. İki gündür haqqımda İran və Rusiya nökərləri tərəfindən yaradılmış yüzlərlə saxta profillər təhqir, böhtan tirajlayır. Bunun da səbəbini çox gözəl bilirəm və növbəti yazılarımda onları və Azərbaycanı yaxın günlərdə gözləyən təhlükələri Sizə çatdıracam.
Sonda Azərbaycan hakimiyyətinə müraciət edib göstərdiklərim hallara ciddi diqqət yetirmələrini xahiş edirəm. İlk növbədə şəhid ailələrinə, yaralılara, hələ də cəbhə xəttində olan əsgər və zabitlərimizin problemlərinin həll edilməsinə yanaşmada köklü dəyişiklik etməsini xahiş edirəm. Bununla belə, ayrıca Müdafiə Nazirliyinin işi təcili olaraq yenidən araşdırılıb müvafiq tədbirlər görülməlidir.