Rusiyanın Qarabağ planı reallaşır? - “Azərbaycanın öz torpaqlarında nəzarətinin qarşısını alır…”

23-12-2020, 11:53           
Rusiyanın Qarabağ planı reallaşır? - “Azərbaycanın öz torpaqlarında nəzarətinin qarşısını alır…”
“Rusiya növbəti dəfə Qarabağın dağlıq hissəsinə, sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə xeyli hərbi avtomobil, təchizat, yanğınsöndürən maşın və digər hərbi təyinatlı mallar daşıyır.

Artıq Xocalıda hərbi avtopark inşa edib. Yeni mülki və hərbi şəhərciklərin tikintisini planlaşdırır. Göründüyü kimi, Rusiya rəhbərliyinin demək olar ki, diqqəti Qarabağdadı və planları heç də bu ərazilərin Azərbaycana reinteqrasiyasını nəzərdə tutmur”.

Cebhe.info xəbər verir ki, bu fikirlərlə Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə çıxış edib.

O qeyd edib ki, Rusiya ilə Türkiyə arasında birgə sülhməramlı qüvvələrin fəaliyyəti və patrul sistemi danışıqları Moskva tərəfindən qəbul edilmədi:

“Əsasən Sergey Lavrov xətti buna qarşı çıxdı. Rusiya erməni faktorunu qabardaraq Türkiyə ilə birgə sülhməramlı fəaliyyətdən çəkildi. Rusiyanın təktərəfli şəkildə sülhməramlı kimi iştirakı artıq əleyhimizə işləyir. Rusiyanın sülhməramlı qüvvələri adı altında ərazilərimizə girən Rusiya Azərbaycanın öz torpaqlarında nəzarətinin qarşısını alır. Apardığı işlərdən aydın olur ki, Rusiyanın məqsədi əslində nədir.

Türkiyə və Rusiyanın birgə Monitorinq Mərkəzində əməkdaşlığı sadəcə Türkiyənin burada qalıcılığına hesablanıb. Rusiya məcburiyyətdən bu planla razılaşdı. Birgə Monitorinq Mərkəzi Ağdamdan idarə edilsə də, Türkiyə Rusiya üçün Qarabağda qəbuledilməz bir faktordu. Ona görə də Moskva Dağlıq Qarabağa erməniləri köçürməklə, burada infrasturuktur qurmaqla, regiona nəzarəti bu istiqamətdən etməyi planlayır. Məhz bundan sonra, Ermənistanın da Rusiya üçün əhəmiyyəti azalır. Əsas diqqəti Qarabağa yönəldib burada müstəqil hərəkət edəcək. Bu səbəblə də Xocalı aperoportundan istifadə etmək üçün hərəkətə keçib”.

Politoloqun sözlərinə görə, Rusiya Dağlıq Qarabağla hava nəqliyyatını işə salarsa, ermənilərin Rusiya ilə birbaşa əlaqəsi yaranacaq və burada statusu möhkəmləndirəcək:

“Dekabrın 25-də ilk uçuşu həyata keçirməklə, hərbi və mülki uçuşları Azərbaycanın nəzarətində olmadan reallaşdırmağı nəzərdə tutur. Xocalıda avtopark bunun üçün salınıb. Əgər, Xocalı aeroportundan uçuşlar həyata keçiriləcəksə, bu Azərbaycanın nəzarətində həyata keçirilməlidir. Nəzarətimiz olmasa, Rusiya buraya silahlar daşıyacaq və erməniləri yenidən müasir silahlarla təmin edib, Azərbaycana qarşı istənilən təzyiqə əl atdıracaq. Rusiyanın planı regionda təhlükəsizliyi təhdid edir. Xocalı aeroprtunun açılmasına icazə vermək olmaz”.

Politoloqun fikrincə, Türkiyə sülhməramlı qüvvələri Qarabağa gəlməyəcək:

“Çünki Rusiya onun nəzarətində olduğu ərazilərdə birgə patrul sistemini qəbul etmədi. Türkiyə çox cəhd etdi, amma danışıqlar baş tutmadı. Çünki bu mandat altında yalnız azərbaycanlılar Xankəndi, Xocalı və Agdərəyə qayıdacaqsa, ola bilərdi. Türkiyə Silahlı Qüvvələrini (TSQ) yalnız nəzarətimizdə olan ərazilərdə yerləşdirə bilərik. Necə ki, mina təmizləmək üçün 165 nəfərdən ibarət TSQ Ağdama və digər ərazilərdə yerləşir. Belə bir mandatla TSQ işğal olunmuş ərazilərdə yerləşdirmək həyata keçirilə bilər.

Qeyd edim ki, avqustda Azərbaycana gələn Türkiyə hərbi bölmələri Azərbaycandadır və hissə-hissə onlar Şuşada, Kəlbəcərdə yerləşə bilər. Rusiya Prezidenti Vladimir Putin beynəlxalq hüquqa uyğun olaraq “Qarabağ Azərbaycan ərazisidir” desə də, faktiki olaraq buranı nə Ermənistanın nəzarətinə, nə də Azərbaycanın nəzarətinə verməmək kursuna malikdir.

Situasiya bu istiqamətdə mürəkkəbdir. Azərbaycan-Türkiyə birgə olaraq Rusiya ilə ciddi danışıqlar aparmalı və köçkünlərin qayıdışını həyata keçirməli, bu ərazilərdə suverenliyi bərpa etməlidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.