Trampın hakimiyyətdən getməsindən sonra da ABŞ-Cənubi Koreya alyansında gərginlik qalmaqdadır
26-01-2021, 21:57

Keçən həftə ABŞ Prezidenti Co Bayden vəzifəyə gəldikdən sonra bəlkə də dünyanın heç bir lideri Cənubi Koreya Prezidenti Mun Çe İn qədər rahat nəfəs almadı.
"Amerika geri döndü" - deyə, Cənubi Koreya Prezidenti Baydenin andiçmə mərasimi münasibətilə təbrik mesajında yazıb. Bəyanatda vəzifədən gedən prezident Donald Trampdan birbaşa bəhs edilməsə də, niyyət aydındır.
ABŞ-Cənubi Koreya ittifaqı Trampın rəhbərliyi zamanı açıq şəkildə gərginlik yaşadı. Təxminən 30 min ABŞ əsgərinin yerləşdirilməsi ilə bağlı xərcləri artırmasını istəyən Tramp tez-tez açıq şəkildə təhqir və təhdidlərdən istifadə edərək, Seula təzyiq göstərirdi.
Baydenin bu yaxınlarda hərbi xərclərin bölüşdürülməsi məsələsinə toxunaraq, Seula təzyiqlərə son verəcəyini deməsi belə görünür Mun tərəfindən rahatlıq hissi ilə qarşılanıb. Lakin bəzi təhlilçilər Şimali Koreya ilə necə davranılacağı ilə bağlı ittifaqda fikir ayrılığının tezliklə ortaya çıxa biləcəyi barədə xəbərdarlıq edir.
Şimali Koreya ilə əlaqələrin yaxşılaşdırılması müharibə zamanı valideynləri Cənuba qaçan keçmiş insan haqları müdafiəçisi, solçu Munun siyasi irsini müəyyən edəcək bir məsələdir.
Lakin beş illik prezidentlik müddəti may ayında başa çatacaq Munun Koreyalararası sülhə nail olmaq üçün vaxtı tükənmək üzrədir. Danışıqları yeniləmək üçün son bir təkan verəcəyini vəd etsə də, 420 mindən çox insanın ölümü və iqtisadi yavaşımaya səbəb olan koronavirus pandemiyası ilə məşğul olan Baydenin dəstəyi olmadan hansısa irəliləyiş əldə etmək çətin olacaq.
Məsələ yalnız hazırda Baydenin diqqətinin yayınmasında deyil. Bayden və Mun bəzən Şimali Koreya ilə qarşılıqlı əlaqələrin necə qurulası məsələsi ilə bağlı aralarında əhəmiyyətli fikir ayrılıqlarının olduğunu nümayiş etdirir.
Vitse-prezident olan zaman Bayden Pxenyan danışıqlara hazır olana qədər iqtisadi və hərbi təzyiqləri tədricən tətbiq etməyə çalışan keçmiş prezident Barak Obamaya “strateji təmkin” siyasətində yardım edirdi.
Prezidentlik kampaniyası zamanı Bayden dəfələrlə Şimali Koreya lideri Kim Conq Unu “quldur”, “zalım” və “diktator” adlandırıb. Bayden Şimali Koreyanın nüvəsizləşdirilməsi istiqamətində irəliləyiş olmayana qədər Kimlə görüşməyəcəyini irəli sürüb.
Bayden administrasiyasının Şimali Koreya ilə bağlı strategiyası hələ müəyyən edilməsə də, dövlət katibi olmağa hazırlaşan Entoni Blinken ABŞ-ın Şimali Koreyanı danışıqlara qayıtmağa razı salmaq üçün həm diplomatiya, həm də təzyiqləri artırmağı nəzərdən keçirə biləcəyini deyib.