“Ölkəmiz Njdenin abidəsini darmadağın etmək gücünə malikdir” - Politoloq

27-01-2021, 02:10           
“Ölkəmiz Njdenin abidəsini darmadağın etmək gücünə malikdir” - Politoloq
Ermənilər Ağdərədə faşist ideologiyasına xidmət edən Qaregin Njdenin heykəlini açmağa hazırlaşırlar.

Teref.az xəbər verir ki, bu barədə məlumat Telegram kanallarında yayılıb.

Politoloq Zaur Məmmədov məsələ ilə bağlı açıqlamasında bildirib ki, Azərbaycan torpaqlarında Njdeyə abidə qoyulması yolverilməzdir. Ölkəmiz Njdenin abidəsini darmadağın etmək gücünə malikdir və bunun nəticəsi ermənilər üçün çox ağır ola bilər:

"Onlar faşist Njdenin Məhəmməd Əmin Rəsulzadə ilə müqayisə edirlər. Bu çox gülünc məsələdir. Son zamanlar onlar başlarını tamamilə itiriblər. Müxtəlif addımlarla öz xalqlarının başını qatmaq fikrindədirlər”.

Politoloq deyir ki, separatçıların başçısı Araik Arutyunyanın "Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq” bəyanatı və Qarabağın statusu haqqında çıxışı bir daha onu göstərir ki, hakimiyyət erməni xalqını aldatmağa davam edir:

"Bundan sonra hər hansı bir erməni qüvvələri Xankəndidə, Qarabağda seperatçı və təxribatlarla məşğul olarsa, yenidən Azərbaycanın dəmir yumruğunu görəcək. Müharibə cinayətləri törədən həmin şəxslər unutmasınlar ki, tezliklə həbs olunub Azərbaycan qanunları qarşısında cavab verəcəklər”.

Qeyd edək ki, Qaregin Njde Osmanlı Türkiyəsinə qarşı vuruşan silahlı quldur dəstələrə rəhbərlik edib. Qərbi Azərbaycanda və Zəngəzurda azərbaycanlılara qarşı qırğınlarda iştirak edib.

Sovet hakimiyyəti zamanı ABŞ-a köçən Njde burada milliyyətçi "Tseqakron" hərəkatını təsis edir. 1937-ci ildə Daşnaksütunun sıralarından ayrılaraq Faşist Almaniyası ilə əlaqəyə girib. Njde müharibə bitdikdən sonra sovet hərbi əks-kəşfiyyatı tərəfindən həbs edilərək Moskvaya gətirilib.

Bir müddət Dövlət Təhlükəsizlik Komitəsinin həbsxanasında qaldıqdan sonra Njde İrəvana göndərilir. Məhkəmə zamanı Qaregin Njde antisovet fəaliyyətində, faşistlərlə əlaqədə olmaqda və kütləvi qətlləri təşkil etməkdə günahkar bilinir və 25 illik həbs cəzasına məhkum olunur. (Bizim.Media)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.