Qarabağda provokasiyalar - ermənilər ruslardan cəsarət alır?

28-01-2021, 10:42           
Qarabağda provokasiyalar - ermənilər ruslardan cəsarət alır?
İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatsa da, hələ də öz həllini tapmayan bir çox məsələlər qalıb. Bu sırada Rusiya sülhməramlılarının fəaliyyətini xüsusi vurğulamaq olar. Azərbaycanın 9 noyabr razılaşmasına qədər və hərbi əməliyyatların dayanmasından sonra işğaldan azad edilən ərzilərində Rusiya sülhməramlılarının atdığı addımlar vəziyyətə ciddi təsir etməkdədir. Müharibə dayanandan sonrakı 2 ay ərzində Azərbaycan ordusu keçirdiyi anti-terror əməliyyatları nəticəsində yüzdən artıq erməni terrorçusu zərərsizləşdirilib. Nəzərə almaq lazımdır ki, bu əməliyyatlar sülhməramlıların artıq sülhə nəzarət etməli olduğu biz zamanda baş verib və ermənilərin əməlləri nəticəsində Azərbaycan tərəfi də itki verib.

Sual olunur: sülhmıramlıların rolu nədən ibarətdir? Bölgədə sülhü təmin etmək, yoxsa özlərinə lazım gələndə terrora və provokasiyalara göz yummaq?

Görünür, Azərbaycanın qələbəsini heç cür qəbul etməyən tərəflər, üzərlərinə götürdükləri öhdəlikləri pozaraq, fərqli istiqamətlərdə fəaliyyət göstərirlər. Müharibədən sonra “nok out” vəziyyətində olan ermənilər öz sadiq havadarlarından ilham alaraq yenə də əl-qol açmağa başlayıblar. Laçın dəhlizində Ermənistandan gələn avtomobillərin yoxlanılmaması, rəsmi Bakı ilə razılaşdırılmadan erməni rəsmilərinin, eləcə də rusiyalı təbliğatçıların Qarabağ ərazisinə buraxılması buna sübutdur. İstisna deyil ki, dəhliz vasitəsilə Azərbaycana erməni hərbçilər də göndərilir.

İki gün öncə isə Ermənistan mediası Azərbaycanın ərazisi olan Xocavənd rayonunda dırnaqarası qəhrəmanları olan faşist Nijde Qareqinin heykəlinin açılışı ilə bağlı xəbər paylaşıb. Bütün bunlar Rusiya sülhməramlılarının öhdəliklərə tam əməl etmədiyini, separatçı qüvvələrin sülh və sabitliyin pozmasına göz yumduğunu göstərir.

Politoloq Şahin Cəfərli yaranmış vəziyyətlə bağlı Eurasia Diary ilə fikirlərini bölüşüb. Politoloqun sözlərinə görə, Qarabağda gəginlik yaradan sadəcə ermənilər deyil, həm də sülhdən başqa hər şeyə nəzarət edən rus hərbi qüvvələridir. O, qeyd edir ki, Rusiyanın Qarabağda qalmaq üçün tək şansı bu cür provokasiyaların davam etməsinə bağlıdır.

“Əvvəla, Ermənistan dedikdə biz kimləri nəzərdə tutduğumuzu aydınlaşdırmalıyıq. Düşünürəm ki, Paşinyan hakimiyyəti Qarabağda baş verən gərginlikdə maraqlı ola bilməz. Çünki Ermənistan hakimiyyəti belə bir dönəmdə nə Azəbaycanla, nə də Türkiyə ilə düşmənçiliyi davam etdirməklə nəyəsə nail ola bilməyəcəyini anlamamış deyil. Paşinyan və onun çevrəsindəki insanlar bunu yaxşı dərk edirlər və buradan aydın olur ki, bu cür provokasiyaları Ermənistanda mövcud iqtidara məhəl qoymayan Rusiyaya bağlı qüvvələr həyata keçirir. Eyni zamanda, Rusiya da Qarabağda gərginliyə son qoyulmasında maraqlı deyil, əksinə, zaman-zaman bu problemlərin böyüməsində çox həvəslidir. Çünki Qarabağda problem olmasa, Rusiya hərbi qüvvələrinin də orada qalmasına ehtiyac qalmayacaq. Lakin bu o demək deyil ki, Rusiya yenidən müharibənin başlamasını istəyir. Moskva sadəcə bölgədə kontrollu gəginliyin olmasını daim saxlamaq niyyətindədir. Yəni, bu o deməkdir ki, qarşıdakı beş il müddətində bu tipli gərginliklər müəyyən amplitudda davam edə bilər.”

Ümumiyyətlə, sülhməramlı qüvvələrin Azərbaycanda fəaliyyəti istər ictimaiyyət, istərsə də ölkə rəhbərliyi tərəfindən yaxşı qarşılanmır. Prezident İlham Əliyev bir müddət öncə çıxışı zamanı da bu məqama toxunmuşdu. Digər tərəfdən, Rusiya sülhməramlılarının Qarabağda yerləşməsi beynəlxalq aləmdə də ciddi əks-səda yaradıb. Beynəlxalq birlik Rusiyanın ənənəvi üsullardan istifadə edərək Cənubi Qafqazı əlində saxlamaq niyyətini xoş qarşılamır.

Şahin Cəfərli də Rusiyanın beynəlxalq təşkilatların qaydalarına zidd hərəkət edərək sülhməramlılıq prinsiplərini ciddi şəkildə pozduğunu vurğulayır: “Əslində, Rusiya sülhməramlı qüvvələrinin Qarabağda olmasının heç bir hüquqi əsası yoxdur. Çünki adətən sülhməramlı əməliyyatlar ATƏT və BMT kimi beynəlxalq təşkilatların mandatı altında keçirilir. Lakin burada bütün əməliyyatlar təkcə Rusiyanın öz qərarı ilə həyata keçirilir və bu cür addım beynəlxalq münasibətlər tarixində çox nadir hallarda rast gəlinə biləcək hadisədir. Rusiya üçün isə bu adi bir haldır. Bu missiyanı Gürcüstan (Abxaziya, Cənubi Osetiya) və Moldova (Dnestryanı bölgə) daxil olmaqla bir neçə keçmiş Sovet respublikasında həyata keçirib. Bu səbəbdən də, Qarabağda heç bir xoşməramlı sülhməramlı fəaliyyətdən söz gedə bilməz. Rusiya qoşunları Qarabağda bir müddət qalacaq. Lakin arzu olunan odur ki, hakimiyyət razılaşmada göstərilən beş il müddətindən sonra Rusiyanı Qarabağdan çıxara bilsin”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.