Müxalifətin beynəlxalq əlaqələri - ya “sıfır”, ya da...

29-01-2021, 09:55           
Müxalifətin beynəlxalq əlaqələri - ya “sıfır”, ya da...
Son illərdə müxalifətin beynəlxalq əlaqələrinin xeyli zəiflədiyi müşahidə olunur. Bunu artıq müxalifət partiyalarının bəzilərinin liderləri də etiraf edirlər. Lakin bütün müxalifətin deyil, ayrı-ayrı partiyaların beynəlxalq əlaqələrinin sıfıra düşdüyünü deyənlər də var.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bu barədə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, müxalifətin son illər beynəlxalq əlaqələri, o cümlədən də ABŞ-la əlaqələri xeyli dərəcədə zəifləyib: “Doğrudan da müxalifətin son illər beynəlxalq əlaqələri, o cümlədən də ABŞ-la əlaqələri xeyli dərəcədə zəifləyib.

Bunun da müxtəlif səbəbləri var. ABŞ-da yeni iqtidar görəvə gəlib. Təbii ki, müxalifətin də istər səfirlik, istərsə də digər vasitələrlə ABŞ-la əlaqələr qurması gözlənilir. Qarabağ məsələsi, enerji resursları, demokratiya sahəsində əməkdaşlıq etmək, ABŞ-ın Azərbaycana dəstək verməsi üçün əlaqələr qurulmalıdır və qurulacaqdır”.

AMİP-in beynəlxalq əlaqələr üzrə sədr müavini Elşən Mustafayev isə bildirdi ki, Azərbaycanda YAP daxil olmaqla, müxtəlif səviyyələrdə beynəlxalq əlaqələri olan cəmi 4-5 partiya ola bilər. Daha ciddi əlaqələri olanların sayı isə ondan da azdır: “Mübağiləsiz olaraq AMİP müxalifət partiyaları arasında ən geniş və güclü beynəlxalq əlaqələri olan partiyadır. Bu uzun illərdir ki, eyni şəkildə davam edir. AMİP-in beynəlxalq əlaqələrinin səviyyəsi, gördüyü işlərlə bağlı ictimaiyyətdə, xüsusilə ictimai-siyasi prosesləri izləyənlərdə kifayət qədər məlumatlar var. Üzv olduğumuz beynəlxalq təşkilatlarla, dünyanın 5 qitəsində əməkdaşlıq etdiyimiz aparıcı siyasi partiyalarla hətta pandemiya dövründə belə təmaslarımız davam edib. Onlayn toplantılarımız tez-tez olub. Bizim 44 günlük müharibə zamanında bu istiqamətdə apardığımız və uğurlu hesab etdiyimiz işlər isə məhz həmin əlaqlərimizin yüksək səviyyədə olduğundan xəbər verir”.

E.Mustafayev qeyd etdi ki, Azərbaycanda beynəlxalq əlaqələri olan siyasi partiyaları iki qrupa bölmək olar. Birinci qrup xaricdə fəaliyyət göstərən siyasi təşkilatlar və birliklərlə, partiyalarla, bərabərhüquqlu ittifaqlarda təmsil olunan partiyalardır. İkinci qrup isə yenə də xaricdə fəaliyyət göstərən müxtəlif ictimai təşkilatlarla, siyasi xətti olan fondlarla, institutlarla əməkdaşlıq edən siyasi partiyalardır: “Buraya bəzi QHT-ləri də aid etmək olar. İkinci qrupda bərabərhüquqlu əməkdaşlıqdan söhbət gedə bilməz. Ona görə ki, onların həmin təşkilatlarda üzvlüyü belə yoxdur və ora heç üzv də qəbul edilmir. Bu əlaqələr hansısa sahələrə xaricdən bir növ dəstək xarakteri daşıyır. AMİP yuxarıda dediyim birinci qrupa aiddir. Son illər dünyada baş verən siyasi proseslər, xüsusilə Avropada daxili siyasi problemlərin artması, Böyük Britaniyanın apardığı gərgin bir neçə illik ”Brexit" danışıqları, ABŞ da Trampın prezident seçilməsindən sonra xarici siyasətdə dəyişikliklər etməsi, Avropa ilə qarşıdurmalar dünyada fərqli düzən yaratmışdı. Əvvəlki kimi layihələr həyata keçirilmirdi. Belə yanaşmanı eyni zamanda Azərbaycana da aid etmək olar. Amma hazırda proseslərin dəyişəcəyi ehtimalı var. Baydenin prezident seçiləndən sonra ABŞ-ın xarici siyasətində dəyişikliklər edəcəyi öncədən məlum idi. Eyni zamanda Avropa ilə bütün səviyyələrdə əlaqələri yenidən bərpa edəcəyi də şübhəsizdir. Təsəvvür edin ki, fərqli siyasi düşüncəyə malik Avropanın nüfuzlu siyasətçiləri Baydenin gəlişini alqışlayaraq Avropa və ABŞ arasında yeni dövrün başlayacağını bəyan edirlər. Bu axının içində Azərbaycanla bağlı siyasətin hansı şəkildə olacağını isə yaxın zamanlarda görə bilərik".

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu isə bildirdi ki, mənzərə heç də bərbad sayıla bilməz. Hansısa partiyaların ola bilsin ki, beynəlxalq əlaqələri sıfır səviyyəsinə enib. Amma bunu bütün müxalifətə aid etmək yanlış olardı: “Rəhbərlik etdiyim Gələcək Azərbaycan Partiyasının kifayət qədər beynəlxalq təşkilatlarla və digər ölkələrdə olan siyasi qurumlarla, partiyalarla, beynəlxalq vətəndaş cəmiyyəti nümayəndələri ilə sıx əlaqələri mövcuddur. Qardaş Türkiyənin demək olar ki, HDP xaric, bütün siyasi partiyaları ilə əməkdaşlıq edirik, eyni zamanda Ukraynanın, qonşu Gürcüstanın siyasi qüvvələri ilə də ayrı-ayrılıqda ikili münasibətlərimiz və əməkdaşlıqlarımız davam edir. Əməkdaşlıq və müttəfiqlik etdiyimiz Ukrayna Milli Konqresinə daxil olan siyasi qüvvələrin 44 günlük zəfər savaşımızda ölkəmizin lehinə, ərazi bütövlüyümüzə dəstək xarakterli qəbul edilmiş bəyanatları da buna misaldır. ABŞ-la isə bağlı məsələ fərqlidir. Bildiyiniz kimi, ABŞ-da demokratik hakimiyyət dəyişikliyi baş verdi. Əvvəlki Senatla və konqresmenlərin bir çoxları ilə, həmçinin Dövlət Departamentində bəzi şəxslərlə normal münasibətlərimiz vardı. Əminəm ki, yeni formalaşmış Konqres və Senatla da, eyni zamanda Dövlət Departamenti ilə də əvvəlki əlaqələrə söykənərək yeni-yeni münasibətlər quracağıq. Burada üzücü olan ölkəmizdəki diplomatik korpusların və bəzi Qərb səfirliklərinin fəaliyyətidir. Hansı ki, ölkədə 62 dövlət qeydiyyatına alınmış partiya olduğu halda yalnız 3-4 ilə əməkdaşlıq edirlər. Hansı ki, bu belə olmamalıdır. Burada anlaşılmaz durum yaranır ki, bu ayrı-seçkiliyin səbəbi nədir”.

A.Şakiroğlu hesab edir ki, müxalifət partiyalarının Türkiyədə olduğu kimi dövlət protokollarına salınması təmin edilərsə, bu kimi xırda problemlər də öz həllini asanlıqla tapmış olar.
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.