Arkadi Rotenberq “imarətin sahibi” olduğunu deyir - Navalnı yenə meydan oxuyur
31-01-2021, 09:36

Mash Telegram kanalına müsahibə verən rusiyalı biznesmen Arkadi Rotenberq Gelencikdeki imarətin sahibi olduğunu deyib. Prezident Vladimir Putinə yaxın olduğu deyilən sahibkar, Qara dəniz sahilindəki əmlakı bundan bir neçə il əvvəl aldığını iddia etsə də, sövdələşmənin dəqiq vaxtını açıqlamayıb. Cənab Rotenberqin sözlərinə görə, bina iki-üç ilə qonaqların üzünə açılacaq oteldir.
Prezident Vladimir Putinin Qara dənizdəki dəbdəbəli sarayının inşası üçün qanunsuz vəsaitlərin cəlb olunduğunu iddia edən müxalifət lideri Aleksey Navalnının YouTube-da yaydığı videoaraşdırmaya baxışların sayı 100 milyonu keçib.
Bunu Navalnının rəhbərlik etdiyi qeyri-nökümət FBK (Korrupsiya əleyhinə mübarizə fondu) təşkilatının direktoru İvan Jdanov Youtube-un daxili kanal statistikasına istinadən bildirib. Adi istifadəçilər üçün hələlik bu kanalda 100 milyon 77 min baxış sayı görünür.
Rəsmi statiskaya əsasən, Rusiya əhalisi, ilhaq edilmiş Krım sakinləri də daxil, 146 milyon nəfərdir.
Bu arada Aleksey Navalnının həbs müddətinin 15 fevraladək uzadılmasından vəkillərinin şikayətinə Moskva vilayət məhkəməsi cümə axşamı günü rədd cavabı verib.
Məhkəmənin qərarı ilə bağlı Navalny deyib: "Məhkəmə iclası başlamazdan əvvəl hər şey artıq aydın idi."
Navalnın müdafiəsi onun "həbs müddətinin 30 gün uzadılması" barədə yanvarın 18-də qəbul olunmuş qərarın ləğvini tələb edirdi.
Bu arada Vladimir Putin Navalnının Youtube və digər platformalarda yayılmış "Putinin sarayı" filmində bəhs edilən Gelencik sarayının ona məxsus olmadığını deyib.
Bu araşdırma ilk dəfə yayıldığı zaman bir neçə gün ərzində 65 milyon dəfə izlənib.
Bu videonu Aleksey Navalnının komandası onun Moskvada həbs olunmasından sonra yayıb.
Araşdırmada iddia olunur ki, 1,37 milyard dollarlıq əmlakın haqqı "tarixin ən böyük rüşvəti" ilə ödənilib. Kreml imarətin prezidentə məxsus olduğunu inkar edir.
Prezidentin mətbuat katibi Dmitri Peskov, Qara dənizin sahilindəki nəhəng saray kompleksinin federal rəsmilər tərəfindən mühafizə olunduğu barədə iddiaları "sırf cəfəngiyat" adlandırıb.
Navalnının araşdırmasına əsasən, nəhəng obyektin ümumi sahəsi Monakonun ərazisindən 39 dəfə böyükdür.
Videohesabat çərşənbə axşamı günü, Navalnının Almaniyadan geri qayıtmasından iki gün sonra yayımlanıb.
Aleksey Navalnı mənimsəmə ittihamı ilə bağlı şərti cəzanın sınaq müddətini pozmaqda ittiham olunaraq, 30 gün müddətinə həbs edilib. O, ittihamların siyasi motivli olduğunu deyir.
Ona qarşı daha bir məhkəmə işi çərşənbə günü başlanmalı idi, lakin təxirə salındı.
44 yaşlı müxalifətçi keçən ilin avqust ayında toksik sinir-iflic maddəsi ilə həyata keçirilən hücumdan sonra az qala həyatını itirmişdi. Navalnı həmləyə görə şəxsən Prezident Putini ittiham edir. Kreml hadisəyə aidiyyatı olmadığını bildirib.
Navalnıya qarşı hücumda təhlükəsizlik xidmətlərinin əli olduğu barədə iddialar araşdırmaçı jurnalistlərin xəbərləri ilə təsdiqlənir.
Araşdırmada nə deyilir?
Videohesabata əsasən, Gelencik kurort qəsəbəsindəki əmlak, neft sənayesi rəhbərləri və milyarderlər də daxil olmaqla, Putinə yaxın çevrənin qanunsuz vəsaitləri hesabına tikilib.
"[Onlar] bu pulla rəhbərlərinə saray tikiblər," - cənab Navalnı deyir. Videoda iddia olunur ki, özəl iqamətgahı əhatə edən təxminən 70 kvadrat km. ərazinin sahibi Rusiya Federal Təhlükəsizlik Xidmətidir (FSB).

Aleksey NavalnıŞƏKLİN MƏNBƏYİ,YOUTUBE/ALEXEI NAVALNY
Şəklin alt yazısı,Video yayımlanan günü milyonlarla baxış cəlb edib
Video yayımlanan gün - dörd gün öncə - milyonlarla dəfə baxılıb, bu gün isə onu artıq 65 milyon insan izləyib.
Hesabatda mülkün müxtəlif təfərrüatları təsvir olunur - burada kazino, yeraltı xokkey kompleksi və üzüm bağının olduğu iddia edilir.
"Buranın öz limanı, öz mühafizəçiləri, kilsəsi, öz buraxılış nəzarət sistemi, uçuşlara qadağa zonası və hətta öz sərhəd keçid məntəqəsi var", - Navalnı deyir.
"Bu, Rusiya daxilində ayrıca bir dövlətdir", - o əlavə edir. "Və bu dövlətdə yeganə, əvəzolunmaz bir çar var. Putin."
Aleksey Navalnı - qısa məlumat
Aleksey Navalnı antikorrupsiya kampaniyaçısı və prezident Vladimir Putinə qarşı Rusiya müxalifət qüvvələrinin ən tanınan simasıdır.
O, 2018-ci ildə prezidentlik uğrunda rəqabətə qatılmağa cəhd edib, lakin mənimsəmə işi üzrə hökmlə bağlı yarışa buraxılmayıb. Aleksey Navalnı işin siyasi motivli olduğunu deyir.
Aleksey Navalnı məşhur bloqçudur və onun Rusiya sosial mediasında milyonlarla izləyicisi var. O, ötən il Sibirdəki yerli hakimiyyət orqanlarına bəzi tərəfdarlarının seçilməsinə müvəffəq olub.
2px presentational grey line
Çərşənbə axşamı günü RİA Novosti dövlət xəbər agentliyinə danışan, Putinin sözçüsü Peskov deyib ki, hesabatdakı iddialar əsassızdır və Prezident "saraylara sahib deyil".
Çərşənbə günü o, əlavə olaraq, Prezidentə məxsus bütün əmlakın illik sərvət bəyannaməsində göstərildiyini deyib. "Bunların hamısı tamamilə əsassız iddialardır," - Peskov deyib. "Bu tamamilə cəfəngiyatdır ... bundan başqa bir şey deyil."
Navalnın sənədli filmi küçələrə çıxmaq çağırışı ilə başa çatır. "Narazı olanların 10 faizi küçələrə çıxsa, hökumət seçkiləri saxtalaşdırmağa cürət etməz," - cənab Navalnı deyir.
Navalnı yenə meydan oxuyur
Steve Rosenberg
BBC müxbiri, Moskva
Bu, prezident Putinə qarşı, onu zəhərləmənin sifarişində günahlandıran şəxs tərəfindən birbaşa meydan oxumaqdır.
Buna görə, Navalnının hava limanında saxlanılaraq 30 gün müddətində həbsə alınması təəccüblü deyil.
Amma belə görünür ki, Rusiyanın ən tanınmış müxalifət fiquru hətta öz kamerasından belə Kremli pərt etməyə qadirdir. Onun "Putin Sarayı" ilə bağlı apardığı araşdırması bir neçə saat ərzində milyonlarla dəfə baxılıb.
Cənab Navalnının tərəfdarları onu azad etmək tələbiylə etiraz aksiyalarına çağırırlar.
Bəs görəsən, dəbdəbəli sarayın görüntüləri və yeni korrupsiya iddiaları insanları küçələrə çıxaracaqmı? Bu aydın deyil.
Ancaq bir şey dəqiqdir: cənab Navalnı hələ bir gün əvvəl qeyri-mümkün görünən bir şeyə müvəffəq olub. Rəsmilərlə qarşıdurmada, onun populyarlığı daha da artmış oldu.
Aleksey Navalnını qarşıda nə gözləyir?
2 fevralda keçiriləcək məhkəmə, Navalnının 2014-cü ildə dələduzluq ittihamı ilə aldığı üç il yarımlıq şərti cəzanın həbs cəzası ilə əvəz edilməsi məsələsinə baxmalıdır.
Bundan üç gün sonra, müxalifətçi İkinci dünya müharibəsi veteranına qarşı böhtan atmaq ittihamı ilə yenidən məhkəmə qarşısına çıxarılacaq. Hazırda saxtakarlıq hökmünün şərtlərini pozduğuna görə o, 15 fevraladək həbsə alınaraq, Moskvadakı Matrosskaya Tishina həbsxanasına yerləşdirilib.
Navalnı Rusiya penitensiar xidmətində mütəmadi şəkildə qeydiyyatdan keçməli idi. Lakin o, toksik maddə ilə zəhərlənmədən sonra Almaniyada müalicə olunarkən bunu etməyib.
Navalnı həbs ediləcəyi barədə xəbərdarlığa baxmayaraq, Rusiya qayıtmağa qərar verdi. Bazar ertəsi günü cənab Navalnının gecələdiyi, Moskvanın yaxınlığındakı Ximki şəhərinin polis bölməsində müvəqqəti məhkəmə zalı quruldu.
Cənab Navalnı, özünə qarşı rəftarı "ədalətin ələ salınması" kimi dəyərləndirir, O, bazar ertəsi günü keçirilən məhkəməni "qanunsuzluğun ən yüksək dərəcəsi" adlandırıb.
Rusiyanın İnterfaks xəbər agentliyi xəbər verir ki, onun vəkilləri "qanunsuz" məhkəmə qərarından apellyasiya şikayəti verməyi planlaşdırırlar.
Avropa İnsan Hüquqları Məhkəməsi 2018-ci ildə cənab Navalnıya qarşı dələduzluq ittihamı ilə bağlı hökmü qanunsuz tanıyıb və indi həbsin bu qərara zidd olub-olmaması da sual edilir.