Putinə inam azalıb – “Levada” mərkəzi

7-02-2021, 00:11           
Putinə inam azalıb –
Bu il yanvarın sonu, fevralın əvvəlində Rusiyada prezident Vladimir Putinə inananların sayı ötən ilin payızı ilə müqayisədə azalaraq 29%-ə düşüb. Bunu “Levada” mərkəzinin keçirdiyi yeni sorğunun nəticələri göstərib.

Sorğu yanvarın 29-dan fevralın 2-dək Rusiyanın bir sıra şəhər və kəndlərində, ümumilikdə 137 yaşayış məntəqəsində keçirilib. Sorğuda yaşı 18-dən yuxarı olan 1616 nəfər iştirak edib. “Levada”nın əməkdaşları respondentlərlə onların evlərində görüşüblər. Sorğu fərdi müsahibələr üsulunda aparılıb.

“Levada”nın 2020-ci ilin oktyabr ayında keçirdiyi sorğuda respondentlərin 34%-i Rusiya prezidentinə inandığını söyləmişdi. 2020-ci ilin iyul ayında isə Putinə inananların sayı 23% olmuşdu. Göründüyü kimi, Putinə inam arada artıb-azalır. Amma “Levada” bildirir ki, ümumiyyətlə son iki ildə əvvəlki dövrlərlə müqayisədə Putinə inananların sayı azdır.

“Levada”nın keçirdiyi sorğularda Rusiya prezidentinə inam ən yüksək həddə 2015-ci ildə olub – 80%.

2017-ci ildə bu göstərici 59%-ə düşüb. Sonrakı illərin göstəriciləri bundan aşağıdır. Amma Rusiyada Putinə inananların sayı hələ də ölkənin başqa siyasətçilərinə inananların sayından çoxdur. Məsələn, 2021-ci il yanvarın 29-dan fevralın 2-dək keçirilən son sorğuda baş nazir Mixail Mişustinə respondentlərin 12%-i, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskiyə 10%-i inandığını söyləyib.

Sonrakı yerlərdə müdafiə naziri Sergey Şoyqu (8%), xarici işlər naziri Sergey Lavrov (7%), hazırda həbsdə olan müxalif lider Aleksey Navalnı (5%), Kommunist Partiyasının sədri Gennadi Züqanov (4%) və başqaları gəlir.

Bizimxeber.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru