Xocavəndin “başçısı” terrorçu Njdenin heykəlinin sökülməsi tələbinə nə cavab verdi?... - FOTO
11-02-2021, 20:45

Rus sülhməramlısı azərbaycanlıların Xocavənd şəhərində terrorçu Qaregin Njdeyə qoyulmuş abidənin sökülməsini tələb etdiklərini elan etdikdə şəhərin qanunsuz, separatçı “mer”i Edik Avanesyan belə cavab verib: "Nə olsun? Bu gün bunu deyirlər, sabah da Montenin heykəlinin sökülməsini tələb edəcəklər ... ".
Moderator.az xəbər verir ki, bunu qəsbkar ölkənin “Lragir” nəşri yazıb.
Xatırladaq ki, Xocavənddə Q.Njdeyə abidə hazırlanması haqda Moderator.az hələ 2020-ci ilin yayında xəbərdarlıq etmişdi. Son Vətən savaşından dərs çıxarmayan separatçılar bu ilin yanvarında həmin abidənin açılışını keçiriblər...
Maraqlıdır ki, abidə məhz Rusiya sülhməramlılarının cavabdeh olduğu ərazidə qoyulub. Amma onlar heykəlin sökülməsini Azərbaycan adından tələb edirlər. Halbuki, bu fakt Rusiyanın özünü də qıcıqlandırmalıdır. Çünki Njde ruslar üçün müqəddəs olan “Böyük Vətən” Müharibəsində faşistlərin tərəfində vuruşub.
Məlumdur ki, hələ 2016-cı ildən İrəvanda faşist Almaniyasına əlaltılıq etmiş Q.Njdeyə heykəl qoyulanda Rusiya buna kəskin etiraz bildirmişdi. Bundan sonra ötən il Rusiyanın Armavir şəhərində də belə bir abidə qoyuldu. Lakin hökumətin və ictimaiyyətin tələbilə söküldü...
Onu da deyək ki, qondarma “mer”in dediyi kimi, Xocavənddə digər “müasir” terrorçu Monte Melkonyanın heykəli də qoyulub.
P.S. İki terrorçuya qahmar çıxan belə separatçıların da əsl cavabını Rusiya sülhməramlıları yox, Azərbaycanın qanun keşikçiləri verməlidir...