YAP niyə karantin qaydalarına riayət etmədi? – “Bu cəmiyyətə sayğısızlıqdır”

5-03-2021, 16:56           
YAP niyə karantin qaydalarına riayət etmədi? –
Yeni Azərbaycan Partiyasının (YAP) qurultayı gündəmin əsas müzakirə mövzusudur. ANAXEBER.info xəbər verir ki, müzakirələrdə YAP-dakı dəyişikliklərlə yanaşı hakim partiyanın pandemiya dövründə qurultay keçirməsinə diqqət çəkilir. Qurultaydan əvvəl məlumat yayılmışdı ki, tədbirdə 200-250 nəfər iştirak edəcək. Bu isə karantin qaydalarına ziddir. Digər tərəfdən, YAP-dan əvvəl də pandemiya dövründə toplantı keçirən partiyalar olub. Lakin onların tədbirləri onlayn formatda baş tutub. Bəs nədən YAP qurultayını eyni onlayn formada keçirməyib? YAP-ın rəqiblərinin əsas sualına çevrilib. Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) yetkilisi Nəsimi Şərəfxanlı bildirib ki, YAP-ın bu addımı cəmiyyətə qarşı sayğısızlıq kimi qəbul edilə bilər. “Pandemiya dövrüdür. Hətta bir neçə gündən sonra karantin rejiminin sərtləşdiriləcyi bildirilir. Yas, toy mərasimləri, ümumiyyətlə, hər hansı toplantı qadağan edilib. Bu halda YAP-ın qurultay keçirməsi bir tərəfdən cəmiyyətlə hesablaşmamaq kimi qiymətləndiriləcək, digər tərəfdən onsuz da koronavirus infeksiyasına konspirativ nəzəriyyələrlə yanaşan və xəstəliyə inanmayanların arqumentlərini gücləndirəcək”, - deyə VHP funksioneri əlavə edib. Ümid Partiyasının sədri İqbal Ağazadə da YAP-ın addımı doğru hesab etmir. İqbal Ağazadə deyib ki, YAP bu şəkildə qurultay keçirirsə, o zaman digər partiyalara da eyni şərait yaradılmalıdır. Bəzi məlumatlara görə, YAP-ın qurultayı bir neçə otaqda keçirilib. Yəni, qurultay iştirakçıları bir otaqda deyil, bölünərək ayrı-ayrı otaqlarda toplaşıblar. Lakin bu məlumat təsdiqni tapmayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.