Bəzi ölkələr qondarma “erməni soyqırımı”nın anım tədbirlərində iştirak etməyəcək

11-04-2021, 00:32           
Bəzi ölkələr qondarma “erməni soyqırımı”nın anım tədbirlərində iştirak etməyəcək
İyirmi dörd aprel ərəfəsində dünya erməniləri yenidən beynəlxalq ictimaiyyətin diqqətini qondarma "erməni soyqırımı"na yönəltməyə çalışırlar. Teref.az Caliber.aza istinadən xəbər verir ki, erməni və antitürk lobbiçilərin aktiv fəaliyyətinə baxmayaraq dünyada belə bir “anım tarix”inə maraq azalır.

Axı söhbət 100 ildən də əvvəlki hadisələrdən gedir və bu gün COVID-19 pandemiyası dövründə dövlətlərin şübhəli bir tarixi keçmişə sahib olan anım mərasimlərinə qatılmaqdan daha çox aktual və təcili vəzifələri var. Bu fonda getdikcə daha az yüksək səviyyəli məmur və siyasətçi Ermənistanın qondarma "soyqırımı" ilə əlaqəli ictimai tədbirlərdə iştirak etmək istəklərini qəbul edir.

Sayta eksklüziv mənbələrdən məlum olub ki, daha əvvəl Niderlandın xarici işlər naziri Stef Blok 24 aprel tədbirlərində iştirakını təsdiqləyib. Ancaq sonra, COVID-19-la bağlı vəziyyətin pisləşməsinə əsaslanaraq fikrindən daşınıb. Hələlik Lüksemburq və Belçika nümayəndələri bu səbəb üzrə Yerevana səfər imkanını nəzərdən keçirirlər.

Xatırladaq ki, bu yaxınlardakı rüsvayçı korrupsiya qalmaqalı nəticəsində Ermənistanın əsas lobbiçisi Frank Engel istefaya gedib, o, indi artıq Lüksemburqun Xristian-Sosial Xalq Partiyasının sabiq lideridir. Məlumatımıza görə, Fransa Senatının sədri və Litvanın Xarici işlər nazirinin müavini də Yerevana səfərə ilkin razılıq veriblər. Beləliklə, Paris dövlətin ikinci şəxsini (konstitusiya iyerarxiyasına görə) Yerevana göndərərək, ATƏT-in Minsk qrupu kimi həmsədrliyini uğurla gözdən salmağa davam edir.

Ancaq prezidentinin qondarma "soyqırımı" məsələsində açıq şəkildə ermənipərəst mövqe tutduğu Vilnüsün nəyə can atdığı sirr olaraq qalır. Lakin Litvanın İrəvana nazir müavinini göndərməsi diqqət çəkir və bu, artıq erməni məsələsinin litvalılar üçün də prioritet olmadığını sübut edir.

Getdikcə daha çox ölkənin səmərəli əməkdaşlıq qurmaq istədiyi Türkiyə, Azərbaycan və bütün Türk dünyasının artan rolunun siyasi həqiqətlərə öz düzəlişlərini etdiyini və "soyqırımı" mövzusunun beynəlxalq aləmdə əvvəlki aktuallığını itirdiyini istisna etmək olmaz. Digər tərəfdən, bu gün Ermənistanda dövlət idarəetmə sistemində müşahidə olunan xaos da xaricdəki lobbiçilik fəaliyyətinə kömək etmir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.