Rusiya səfiri terrorçuları Ermənistana qaytarmağa çalışır: "Rüstəm Muradov iş aparır"

12-04-2021, 17:09           
Rusiya səfiri terrorçuları Ermənistana qaytarmağa çalışır:
“Çox ağır və davamlı iş aparılır. Erməni əsirlərin geri qaytarılması Rusiya rəhbərliyi və Rusiya sülhməramlı kontingenti üçün prioritetlərdən biridir”.
Cebhe.info-nun məlumatına görə, Rusiyanın Ermənistandakı səfiri Sergey Kapırkin keçirdiyi brifinqdə belə deyib. Onun sözlərinə görə, müəyyən irəliləyiş var, iş davam etdilir:
“Rusiyalı sülhməramlılarının rəhbəri Rüstəm Muradov bu istiqamətdə işlərini davam etdirəcək”.
Kapırkin rəsmi Bakının hərbi əsirlər məsələsinin həll olunduğuna dair açıqlamasını şərh etmək istəməyib:
"Azərbaycan tərəfinin açıqlamalarını şərh etmək mənim üçün çətindir. Bildiyim qədər, iş davam edir. Bundan başqa bir şey deyə bilmərəm”.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov aprelin 8-də keçirdiyi mətbuat konfranslnda hərbi əsirlərlə bağlı məsələnin həll olunduğunu və bu mövzunun Bakı üçün bağlandığını deyib. Çünki Azərbaycan tərəfi ermənilərin hərbi əsir adlandırdığı silahlıların terrorçu olduğunu bildirir. Onlar 44 günlük müharibənin başa çatmasından sonra, yəni 2020-ci il aprelin 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatın imzalanmasından sonra Xocavənd rayonu ərazisində terror aktı törətmiş yaraqlılardır.
Azərbaycan tərəfindən həbs edilmiş 62 terrorçudan 8 nəfəri qaytarılıb. Digərilərinin barəsində isə məhkəmənin qərarı ilə həbs qərarının çıxarılacağı gözlənilir.
Ermənistan tərəfi isə yalan məlumat yayaraq onların sayının əvvəl 200, indi isə 300 nəfər olduğunu iddia edir.
Müşfiq Abdulla












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.