Milyardlarla avronun dəfni: Merkelin gedişi çox şeyi dəyişə bilər

14-05-2021, 07:06           
Milyardlarla avronun dəfni: Merkelin gedişi çox şeyi dəyişə bilər
Boru kəmərinə loyal münasibətdə olan Angela Merkel də tezliklə kansler postunu tərk edəcək. Hakimiyyətə kimin gələcəyi bəlli deyil. Ortada isə çox böyük pullar var.
"Şimal axını - 2" ətrafında ehtiraslar səngimək bilmir. ABŞ Dövlət Departamenti Avropanı sanksiyalarla qorxutmaqda davam edir. "Köhnə dünyada" Rusiya qazına olan tələbatı dərk etsələr də, Almaniyada keçiriləcək seçkilər adı çəkilən layihənin perspektivlərinə ciddi təsir də bilər. Bu isə o deməkdir ki, işlərin yekunlaşmasına tələsmək lazımdır. RİA Novosti kəmərin nə zaman istifadəyə verilə biləcəyini araşdırıb.

Bundestaqa seçkilərə qədər işləri yekunlaşdırmaq lazımdır
Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev bildirib ki, qaz kəmərinin inşası sentyabrın 26-na qədər başa çatacaq. "Əgər havalar daha da yaxşı olsa, bizim işlərimiz də irəliləyəcək", — deyə səfir bildirib. Hələliksə, daha yüz kilometr boru xətti çəkilməlidir.

Bundestaqa seçkilərdən sonra parlamentdə "yaşıllar" güclü mövqeyə sahib ola bilər. Onlar isə, yumşaq desək, bu layihəni dəstəkləmirlər. Belə ki, mayın 3-də Almaniyanın təbiəti mühafizə qeyri-hökumət təşkilatı (NABU) Hamburq şəhərinin inzibati məhkəməsində iddia qaldırıb. Ekoloqlar hesab edirlər ki, "Şimal axını - 2" layihəsi Baltik dənizinə ciddi ziyan vuracaq. Bundan əlavə, Rusiyanın bu boru kəmərinə loyal münasibətdə olan Angela Merkel də tezliklə kansler postunu tərk edəcək. Hakimiyyətə kimin gələcəyi bəlli deyil. Ortada isə çox böyük pullar var.

"Hazırda söhbət ondan gedir ki, biz on milyard avronu dənizin dibində batırmaq istəyirik, ya yox. Qərarı Avropa verməlidir", - deyə Sergey Neçayev qeyd edib.
Avropa İtifaqında bununla bağlı fikirlər çoxdan haçalanıb. Məsələ bundadır ki, boru kəməri Almaniya, Finlandiya, İsveç və Danimarkanın ərazi sularından keçir. İlk üç dövlət boru kəmərinin inşasına kifayət qədər tez razılıq veriblər. Kopenhagen bir qədər müqavimət göstərsə də, sonradan o da güzəştə gedib. Amma Çexiya, Polşa, Macarıstan, Slovakiya, Rumıniya, Xorvatiya layihənin qəti əleyhinədirlər. Hələ Ukraynanı demirik. Heç kim tranzit ölkə statusunu itirmək istəmir.

Yeri gəlmişkən, Varşava 2022-ci ildən etibarən Rusiya qazı olmadan keçinməyə hazır olduğunu bildirib. Qazprom-la müqavilənin müddəti gələn il bitir. Polyaklar Şimal dənizində Norveç şelfi ilə çəkilən Baltic Pipe boru kəmərinə ümid edirlər. Qalan ölkələr isə ABŞ-ın Avropaya okeanın o tayından çatdırmağa hazır olduğu sıxılmış qaza ümidlidirlər.

Sanksiyalara rəğmən
"Şimal axını – 2"nin hər iki qolunun ümumi keçiricilik gücü ildə 55 milyard kubmetr, maşrutun uzunluğu isə 1234 kilometrdir.

Boru xəttinin inşası 2019-cu ilin dekabrında dayandırılıb. Belə ki, ABŞ-ın sanksiyaları üzündən İsveçrənin boru çəkən Allseas şirkəti layihədən çıxıb. Bir il sonra kəmərin inşası yenidən davam etdirilib. Lakin Vaşinqton yenə də təkərlərə paya dürtməkdə davam edir.

ABŞ-ın 2021-ci il üçün hərbi büdcəsi məhdudiyyətləri yenidən genişləndirib. Dövlət Departamenti Avropa şirkətlərinə hərbə-zorba gəlir. Belə ki, cari ilin fevralına qədər Aİ ölkələrinin 18 şirkəti Şimal axını – 2 layihəsini tərk edib.

Lakin Avropada layihənin enerji təhlükəsizliyi üçün əhəmiyyətini dərk edirlər. Kremldə də tərəfdaşların Şimal axını – 2-ni başa çatdırmaq istiqamətində ardıcıl fəaliyyət göstərdiklərindan danışırlar.

Məsələn, Almaniya XİN rəhbəri Hayko Maas mayın 4-də Londonda "Yeddilik" ölkələri xarici işlər nazirlərinin görüşündə ölkəsinin buna hazır olduğunu bəyan edib. Məsələ bundadır ki, Almaniya kömür və nüvə enerjisindən imtina edir və bərpa olunan enerji mənbələrinə ağrısız keçmək üçün ölkəyə daha çox qaz lazımdır.

Bundan bir neçə gün sonra, mayın 11-də "Almaniya üçün alternativ" partiyasının həmsədri Tino Krupalla belə deyib: "Suveren dövlət olaraq biz bir çox ölkələrlə işgüzar münasibətlər saxlamalıyıq". Daha sonra o, haqqında danışılan boru kəmərinin inşasının başa çatdırılmasının həm Almaniya, həm Rusiya üçün sərfəli olduğunu dilə gətirib.

"Uzunmüddətli, səmərəli iqtisadi əməkdaşlığı, ABŞ-ın istədiyi kimi, ani siyasi iddialarla korlamaq mümkün deyil. Burada şəxsi heç bir səbəb yoxdur, ancaq biznesdir", - deyə Rusiya Xalqlar Dostluğu Universitetinin itisadiyyat fakültəsinin dosenti Maksim Çernyayev bildirib.

Lakin kamərin qırmızı lentinin sentyabrın sonuna qədər kəsiləcəyinə şübhə etməyə ciddi əsaslar var.

"Maneələr təkcə hüquqi və siyasi xarakterli deyil – işlərin ümumi gedişat tempi çox yüksək deyil. Aprelin 19-dan mayın 10-na qədər 3,1 kilometr boru çəkilib. Aprelin 1-dən 19-na qədər isə 8,6 km, yəni 40 günə 11,7 kilometr və ya orta hesabla gündə 0,3 km. Beləliklə, təqribən 11 ay tələb olunacaq", — deyə TeleTrade informasiya-analitik mərkəzinin baş iqtisadçısı Mark Qoyxman bildirir.
Lakin layihəni dayandırmağın mümkün olmadığını, görünür ki, hətta onun güclü əleyhdarları da dərk ediblər (halbuki, bununla barışmayıblar). Ən pis halda, yeni sanksiyaların olmaması üçün törəmə şirkətlər vasitəsilə fəaliyyət göstərmək də olar. Əlbəttə, bu çox zaman tələb edəcək, amma necə deyərlər, asta get, usta get.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.