Rəisinin hakimiyyət dövrü çalxalanmalarla keçəcək

23-06-2021, 07:53           
Rəisinin hakimiyyət dövrü çalxalanmalarla keçəcək
Adətən mühafizəkarlar hakimiyyətə gələndə İranın ABŞ-la münasibətləri pisləşir

"Gələcəkdə İranın Azərbaycanla münasibəti daha çox Qərblə İranın münasibətlərindən asılı olacaq"


İranda prezident seçkiləri artıq başa çatdı. Əvvəlcədən də gözlənildiyi kimi, qalib İbrahim Rəisi oldu. Seçkinin nəticəsinin bizi daha çox maraqlandıran tərəfi yeni prezidentinin rəhbərliyi dövründə bu ölkənin Ermənistanla münasibətləri fonunda Azərbaycana, eləcə də Arazın o tayındakı soydaşlarımıza münasibətinin dəyişib-dəyişməyəcəyidir. Həmçinin, Azərbaycan-Türkiyə tandeminə qarşı necə siyasi xətt yürüdəcəyi və s. məsələlərdir. Şübhəsiz ki, İranın Ermənistana hamiliyi dəyişməyəcək və bölgədə etkili olmaq xətti daha da güclənəcək. Aydındır ki, Rəisi haqqında şərhlərin çoxu ilk növbədə tanınmış tarixçi Ervand Abramyan tərəfindən 1988-ci ilin yayında minlərlə siyasi məhbusun gizli şəkildə edam olunmasına nəzarət edən “Ölüm Komitəsi”ndə yer alan üzv olduğu vaxtlardan “qazandığı şöhrət”ə əsaslanır.

Tarixçi bunu İran tarixində forma, məzmun və şiddət baxımından görünməmiş zorakılıq aktı kimi təsvir edir. İlk dəfə 2016-cı ilin avqustunda yayılmış səs yazısında bir çox iranlı indi Rəisini İran tarixinin qaranlıq dövrü ilə bağlayırlar. Həmin lentdə Rəisi və digər komitə üzvləri edamdakı rollarına görə Ayətullah Hüseyn-Əli Müntəzirinin hücumuna məruz qalırlar. Rəisi səs yazısında o zaman ali dini rəhbərin müavini olan Müntəziri ilə 200 məhbusun edamına icazə almaq üçün mübahisə edir. Müntəziri edamları İnqilab tarixindəki ən ağır cinayət adlandıraraq, bu əməllərə haqq qazandırmaqdan imtina edir. Politoloqların bir çoxu hesab edir ki, indiki 82 yaşlı rəhbər Xameneyi Rəisinin dövründə vəfat edərsə, bu onun işinə yarayacaq. Rəisi həm dini rəhbər, həm prezidenti özündə birləşdirən potensial fars kralı olacaq.

Politoloqlar hesab edir ki, Rəisinin dövründə İranın beynəlxalq münasibətlərində də dəyişikliklərin olacağı qaçılmazdır. Bəs, Azərbaycanla münasibətlər hansı formada olacaq?

Məsələ ilə bağlı siyasi analitik Turab Rzayev "Şərq"in suallarını cavablandırıb. O qeyd edib ki, Mühafizəkarlar hakimiyyətə gələndə onların Amerika və Avropa ilə münasibətləri adətən pisləşir:

"Belə bir vəziyyətdə isə ikili tendensiya yaranır. Birincisi, onların Qərblə münasibətləri pisləşdiyinə görə Qərb, xüsusən ABŞ, İsrail kimi ölkələr Azərbaycana daha çox təzyiq etməyə çalışırlar. Yəni İrana qarşı münasibətlərdə ondan istifadə etməyə çalışırlar.

Bu isə öz növbəsində İran-Azərbaycan münasibətlərini pisləşdirir. Eyni vaxtda İrana daha çox sanksiya qoyulduğuna görə İran məcbur olur ki, xarici əlaqələrini və ticarətini qonşu ölkələr üzərində yürütsün.

Burda həmişə ilk növbəni Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan tutub.

Bu ölkələr üzərindən İran xaricə açılmağa çalışır. Hesab edirəm ki, gələcəkdə İranın Azərbaycanla münasibəti daha çox Qərblə İranın münasibətlərindən asılı olacaq.

Yəni Qərbin, Amerika Birləşmiş Ştatlarının, Avropa İttifaqının, İsrailin İranla münasibətlərindən asılı olaraq Azərbaycanla İran münasibətləri də özünə bir yön qazanacaq deyə düşünürəm".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.