Qarabağda "pul xərcləməyə" Makronun nə haqqı - Putinin mübahisəli dəvəti...

6-07-2021, 22:41           
Qarabağda "pul xərcləməyə" Makronun nə haqqı -
Əhəd Məmmədli: “Hansısa ölkənin başqasının ərazisinə qonaq dəvət etməsi siyasi cəhətdən korrekt addım deyil”

Kremlin mətbuat xidməti Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığına dair məlumat yayıb. Məlumatda deyilir ki, tərəflər Qarabağ ətrafındakı situasiyanı da müzakirə edib.

Vladimir Putin Emmanuel Makronu 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli razılaşmalarının yerinə yetirilməsinin gedişi haqda məlumatlandırıb. Qeyd olunub ki, regionda vəziyyət Rusiya sülhməramlı qüvvələrinin sayəsində stabil olaraq qalır. Son aylarda normal təsərrüfat fəaliyyəti, iqtisadi və nəqliyyat əlaqələrinin açılması üçün normal zəmin yaradılıb.

Rusiya Prezidenti diqqəti avropalı tərəfdaşların, xüsusən də Fransanın döyüş əməliyyatlarından zərər çəkən rayonların əhalisinin humanitar problemlərinin həllinə daha sıx cəlb olunmasının zəruriliyinə yönəldib. Makronla Putin arasında bu telefon danışığına dair yayılmış rəsmi məlumatda yer alan bəzi məsələlərə ayrıca toxunmaq lazım gəlir ki, bunlardan biri də Avropa ölkələrinin, xüsusən Fransanın Qarabağda humanitar problemlərin həllinə “daha sıx cəlb olunması” barədə çağırışdır. Maraqlıdır, Fransa niyə Azərbaycan ərazisi olan Qarabağa investisiya qoymalıdır? Çox da ki Putin bunu istəyir. Putin bizə aid ərazidə kimi görməklə bağlı niyə qərar verməlidir? Yaxşı olardı ki, Putin Fransanı Rusiyadakı layihələrə dəvət edəydi. Bundan əlavə, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Qarabağın bərpasına biz dost ölkələrin şirkətlərini dəvət edəcəyik. Fransa Azərbaycana dost ölkə olmadığını son davranışları ilə təsdiq edib. Putin bizim torpağımız vasitəsilə niyə Makronla dostlaşmaq istəyir?

Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Qarabağla bağlı məsələ həm də unikallığı ilə seçilir: “Maraqlıdır ki, burada hətta bir-birilə münasibətləri yaxşı olmayan ölkələrin belə maraqları üstü-üstə düşür. Minsk Qrupu həmsədri olan ölkələrin ayrı-ayrılıqda Rusiya ilə münasibətləri çox gərgindir. Ancaq bu mövzuda çox vaxt vahid mövqe ortaya qoyurlar. Rusiya dəfələrlə Lavrovun dili ilə ATƏT Minsk Qrupunun danışıqlarda yenidən fəal iştirakının zəruriliyi dilə gətirilib. İndi də Putin Fransanı Qarabağa dəvət edir. Putin deyə bilər ki, Rusiya sülhməramlılarının nəzarətində olan ərazini nəzərdə tutur. İstənilən halda, ora da Azərbaycanın ərazisidir. Həmin ərazidə ciddi dağıntı da olmayıb. Görünür, Rusiya Azərbaycan-Türkiyə tandeminin basqısının qarşısını almaq, vəziyyəti balanslı etmək üçün bura Fransanı dəvət etmək istəyir. İndiki vəziyyətin bu status-kvoda qalmasında maraqlıdır. Rusiya gözəl bilir ki, Fransa da Ermənistanın mövqeyindən çıxış edəcək. Azərbaycan özü bilər, kimi hansı prosesə dəvət edir. Putin bununla vəziyyətin sahibliyinin onlarda olduğunu göstərmək istəyir. Hansısa ölkənin başqasının ərazisinə qonaq dəvət etməsi siyasi cəhətdən korrekt addım deyil. Bunu Azərbaycan Putinə xatırlatmalıdır. Fransa Azərbaycana qarşı çox qərəzli mövqe tutur. Biz belə bir ölkənin şirkətlərinin burdan pul qazanmasını istəmirik. Rusiyanın özünün kifayət qədər problemi var. Onlarla məşğul olsalar yaxşıdır”.

Məhəmmədəli QƏRİBLİ












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.