Sülhməramlıları təhqir edən erməni gülləsi: - “Baş verənlər hələ “kino deyil, jurnaldır””
7-07-2021, 18:12

Erməni terrorçuların iyulun 6-da atəş açaraq Ağdam rayonunda Azərbaycan ordusunun zabitini yaralaması Rusiya sülhməramlılarının öhdəliklərinə yenidən baxılması məsələsini gündəmə gətirib.
Çünki ermənilərin sözügedən təxribatı 2020-ci il noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasına dair imzalanmış üçtərəfli bəyanatın pozulması deməkdir.
Həmin sənədin 5-ci bəndində qeyd edilir ki, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır. Lakin iyulun 7-də baş vermiş hadisəyə nə Rusiya, nə də Ağdamda yerləşən atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin reaksiyası müşahidə olunub.
Atəşkəs Rusiya sülhməramlılarının məsuliyyət zonasında pozulduğundan vəziyyətə nəzarət edən hərbi kontingent prosesə müdaxilə etməlidir. Bu, üçtərəfli razılaşmada öz əksini tapmaqla yanaşı, həm də sülhməramlıların fəaliyyətinə dair Rusiya qanunvericiliyi ilə müəyyən edilir.
2008-ci ildə Abxaziyada və Cənubi Osetiyada atəşkəsi pozan Gürcüstana müharibə elan Rusiya bu dəfə susmağa üstünlük verdi.
Sanki ermənilərin terror aktını görməzdən gələn Rusiya sülhməramlıları Ağdamda baş verənləri monitorinq aparan tərəf kimi qeydə almaqla kifayətləndi. Ancaq rəsmi Moskva onu da bilməmiş deyil ki, Azərbaycana belə halların qarşısını almaq üçün Dağlıq Qarabağda anti-terror əməliyyatına başlamaq hüququna malikdir.
Əgər Dağlıq Qarabağda Azərbaycana məxsus hərbi və mülki obyektlərə silahlı hücumlar təkrar olunarsa, Silahlı Qüvvələrimiz müdafiə tədbirləri görmək üçün əks-hücuma keçə bilər. Bu zaman Şuşa Bəyannaməsinə uyğun olaraq, Türkiyə Azərbaycana hərbi dəstək verəcək.
Yəni Rusiya sülhməramlı kontingenti öz missiyasını yerinə yetirmədiyinə görə Azərbaycan düşməni zərərsizləşdirmək hüququndan istifadə edə bilər. Bölgədə hərbi əməliyyatların başlanması isə 10 noyabr bəyanatının qüvvədən düşməsi deməkdir.
Prezident İlham Əliyev hələ iki ay öncə, 10 mayda Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Azərbaycan Dövlət Televiziyasına müsahibəsində bu məsələ ilə bağlı həm ermənilərə, həm də onlara havadarlıq edən xarici dövlətlərə ciddi xəbərdarlıq mesajı vermişdi:
Dövlət başçısının qeyd edilən açıqlaması Dağlıq Qarabağda silah gücünə yenidən münaqişə yaradıb ikinci erməni dövləti qurmaq, yaxud bu vəziyyətdən Azərbaycana qarşı təzyiq kimi istifadə etmək istəyən bütün ölkələrə açıq cavab idi. Bu cür xəbərdarlıqdan ilk nəticə çıxartmalı olan yalnız Ermənistan və Dağlıq Qarabağdakı revanşistlər deyil, həm də Rusiyadır. Çünki Rusiya regionda sülhün təminatına birbaşa cavabdeh olan dövlətdir. Dağlıq Qarabağda atəşkəsin pozulması 10 noyabr sazişinin qüvvədən düşməsinə gətirib çıxara bilər ki, bu halda Rusiya sülhməramlılarının fəaliyyətinə ehtiyac qalmır. Yəni “mavi dəbilqəli” Rusiya qoşunları öz işinin öhdəsindən gələ bilmədiyinə görə Azərbaycan ərazisini tərk etməlidir.
Yaranmış situasiyanı Cebhe.info-ya şərh edən hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərovun sözlərinə görə, rəsmi Bakı sülhməramlıların fəaliyyətində nöqsanları gündəmə gətirməlidir. Eyni zamanda, Rusiyadan Azərbaycan hərbçisini yaralayan erməninin saxlanılaraq təhvil verilməsini tələb etməlidir:
“Rusiya sülhməramlıları qarşılarına qoyulan tapşırıqdan başqa hər işlə məşğul olurlar.
Onlar ermənilərə ev tikir, əşyalarını daşıyır, avtobus tutur. Sülhməramlılar öz işləri məşğul olsalar, belə vəziyyət yaranmazdı.
Baş verənlər obrazlı şəkildə desək, hələ “kino deyil, jurnaldır”. Moskvaya təlimat almağa gedən Paşinyan səfərdən qayıtdıqdan sonra vəziyyətin daha da gərginləşməsinin şahidi olacağıq. Ermənilər daha çox problemlər yaradacaq.
Baş gizir Sakit Dadaşovun yaralanması pis hadisə olmaqla yanaşı, sülhməramlıların ermənilər tərəfindən təhqir olunması deməkdir. General-leytenant Rüstəm Muradov kameralar qarşısında dünyanın ən xoşbəxt adamı kimi poz verir.
Təbii ki, o, Moskvadan gələn əmri yerinə yetirir. Amma Azərbaycan hərbi qulluqçusunu yaralamaq nə deməkdir? Əslində, Rusiya dünəndən başlayaraq antiterror əməliyyatları həyata keçirməli idi. Cinayəti törətmiş erməni yaraqlısı tapılmalı, barəsində Azərbaycan Hərbi Prokurorluğunda cinayət işi açılmalı idi. Çünki hadisə Azərbaycan ərazisində baş verib. Gülləni atan və bu əmri verənlər də məsulıiyyətə cəlb edilməlidir.
Azərbaycan ictimaiyyəti bunu tələb etsə də, nəticə yoxdur. Çünki atəş Rusiya sülhməramlılarının razılığı ilə açılıb. Ona görə də Azərbaycan məsələni sərt şəkildə qoymalıdır. Heç bir erməni diversantı və terrorçusu Ermənistana qaytarılmamalı, Ağdamda cinayət törətmiş erməni tapılıb Azərbaycana təhvil verilənə qədər bütün proses dayandırılmalıdır.
Eyni zamanda, Azərbaycan sülhməramlılarının fəaliyyəti ilə bağlı məsələləri də ciddi şəkildə gündəmə gətirməlidir. Xarici İşlər naziri Ceyhun Bayramov da dedi ki, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyannamələrinin müddəaları yerinə yetirilmir”.
O bildirib ki, hadisənin baş verdiyi Əliağalı kəndi Montorinq Mərkəzinin yaxınlığında yerləşir:
“Ona görə də buna göz yummaq olmaz. Rusiyanın necə münasibət göstərməsindən asılı olmayaraq, Azərbaycan öz haqqını tələb etməlidir. Azərbaycan bütün hallarda zərər çəkən tərəfdir. Əgər sülhməramlılar öz missiyasını yerinə yetirməsə, onları çığıra-bağıra ölkəmizədn rədd edəcəyik. Hələlik bəzi məsələlərin həllini gözləyirik. Demarkasiya və delimitasiya məsələləri həll olunduqdan sonra sülhməramlılara ehtiyac qalmayacaq. Onlar Azərbaycan tərəfdə deyil, gedib sərhədin Ermənistan tərəfində dayanmalıdırlar. Hər şeyin zamanı çatacaq və erməni də layiq olduğu cəzanı alacaq”.