Cənubi Qafqazın yeni reallıqlarını əks etdirən Azərbaycan Braziliyaya qapılarını açır

9-07-2021, 07:14           
Cənubi Qafqazın yeni reallıqlarını əks etdirən Azərbaycan Braziliyaya qapılarını açır
Correio Braziliense, Braziliya
Müəllif: Elxan Poluxov (Azərbaycanın Braziliyadakı səfiri)

2021-ci il gələcəyə yeni ümidlərin, yeni gözləntilərin yarandığı ildir. Gələcəklə bağlı çoxsaylı planları, gələcəyə inamı olan nikbin ölkələr sırasında Azərbaycan da var. Bizi bu qədər nikbin edən əlbəttə ki, ötən il qazandığımız uğurlar, eyni zamanda, Azərbaycan xalqının prezident İlham Əliyevin rəhbərliyi altında daha yaxşı gələcək qurmağa yönəlmiş gərgin əməyi və səyidir.

Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində təsbit edilmiş dəyərlər, normalar və təməl prinsiplər nəzərə alınmazsa, yaxud səhv şərh olunarsa, dinc, ədalətli və firavan dünya hədəfinə çatmaq çətindir. Münaqişələr, uzunmüddətli xarici işğal, məsuliyyətin olmaması sülh və təhlükəsizliyə təhdiddir.

Bütün bunlara baxmayaraq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən qanunsuz işğalına ötən il, nəhayət, son qoyulub. Bununla, Cənubi Qafqazda və bütünlükdə Avropada sülh və təhlükəsizliyə təhdid də aradan qalxıb.

Beləliklə, Azərbaycan ötən il BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərini təxminən 30 il idi kobud şəkildə pozan Ermənistanın işğalına son qoyub, öz ərazisinə nəzarəti bərpa edib. Bununla da Cənubi Qafqaz bölgəsinin firavan gələcək qurmaq istiqamətində böyük bir addım atıb. Bu gün Azərbaycan tərəfdaşları ilə birlikdə, bölgədə kommunikasiyaların bərpası yolu ilə yeni regional və qlobal perspektivlər üçün qapı açır.

Təəssüf ki, sülhə gedən yol asan deyil. Məsələn, erməni işğalından azad edilmiş Kəlbəcər rayonunun Susuzluq kəndində 2021-ci il iyunun 4-də içərisində çəkiliş qrupunun da olduğu avtomobil tank əleyhinə minaya düşüb. Nəticədə iki azərbaycan jurnalisti, həmçinin rayon icra hakimiyyətinin əməkdaşı həlak olub, daha 4 nəfər yaralanıb. Kəlbəcərdə baş vermiş hadisə göstərir ki, ermənilər bu əraziləri tərk edən zaman belə, oraya minalar basdırıblar. Məqsəd ev-eşiyinə dönməli olan dinc əhalidə vahimə yaratmaqdır.

Biz belə əməlləri pisləyən vahid mövqe nümayiş etdirməliyik.

Pandemiyanın ilk günlərindən bütün dünya çətin sınaq qarşısında qalıb. Belə bir şəraitdə məhz Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin dekabrında COVID-19 pandemiyası ilə əlaqədar BMT Baş Assambleyasının xüsusi iclası çağırılıb. Bundan başqa, Bakı bu xəstəliklə qlobal mübarizəyə yardım məqsədi ilə 10 milyon dollar ayırıb. Bu yaxınlarda isə o, 21 milyon dollar məbləğində maliyyə yardımı ilə COVAX platformasına qoşulub.

Ümumiyyətlə, Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin vasitəsi ilə dünyada baş verən humanitar böhranlara daima reaksiya verir. Bu, Latın Amerikasında baş verənlərə də aiddir.

Bakı ikitərəfli və çoxtərəfli əməkdaşlığın tərəfdarıdır. O, dünyanın bütün ölkələri ilə yaxşı münasibətlərin, əlaqələrin möhkəmləndirilməsində, eyni zamanda iqtisadi, ticarət, mədəni və təhsil əlaqələrinin genişləndirilməsində maraqlıdır. Azərbaycanla güclü əlaqələrə malik Latın Amerikası ölkələri arasında Braziliya ilk yeri tutur. Bizim Latın Amerikasında ən böyük ticarət tərəfdaşımız məhz Braziliyadır. Başqa sözlə, Bakı Braziliya ilə ticarət əlaqələrinin səviyyəsinə görə, Cənubi Qafqaz ölkələri arasında liderdir. Təsadüfi deyil ki, Azərbaycanın Braziliyadan illik idxal həcmi 150-200 milyon dollar təşkil edir. Bununla da o, dolayısı ilə Braziliya iqtisadiyyatına sərmayə qoyur.

Amma bu gün Azərbaycan öz məhsullarını da Braziliya bazarına çıxarmaq üçün yeni imkanlar axtarır. Hər halda, ölkələrimiz arasında əlaqələr ildən-ilə güclənir. İkitərəfli və çoxtərəfli münasibətlərin bütün sahələrdə genişləndirilməsi üçün böyük perspektivlər var. Odur ki, Cənubi Qafqaz regionunun yeni reallıqlarının Braziliya üçün də yeni imkanlar açacağına, Azərbaycanın Braziliya üçün əsas qapı olacağına inanırıq.

(Portuqal dilindən tərcümə - WorldMedia.Az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.