Güneyli deputat İranın yeni prezidentinin kadr siyasətinə kəskin etiraz etdi... Türklərə yer... verilməyəcək

11-07-2021, 00:02           
Güneyli deputat İranın yeni prezidentinin kadr siyasətinə kəskin etiraz etdi...
Azər Həsrət: “İran hakimiyyəti anlamır ki, bu ayrı-seçkiliyi tətbiq etməklə, türkləri dövlət idarəçiliyindən kənarda saxlamaqla əslində özünü zəiflətmiş olur”
img
Güney Azərbaycanın Binab mahalını İran parlamentində təmsil edən Məhəmməd Baqiri Binabi İran prezidenti İbrahim Rəisinin təşkil edəcəyi hökumətlə bağlı açıqlama verib. Günaz TV “Fars” xəbər agentliyinə istinadən yazır ki, deputat İranın yeni hökumətində də türklərə yer verilməyəcəyini, yenə də türklərə qarşı ayrı-seçkiliyin davam etdiriləcəyini vurğulayıb.

O qeyd edib ki, Həsən Ruhani hökuməti dövründə olduğu kimi İbrahim Rəisi hökuməti zamanında da türklər dövlət idarəçiliyindən, idarəetmədən kənarda saxlanacaq. Güney Azərbaycandan olan deputat İran hökumətini ayrı-seçkiliyə yol verməməyə çağırıb.

Millət vəkilinin qənaətinə görə, əldə etdiyi məlumatlar yeni prezidentin təşkil edəcəyi hökumətdə də türklərə yer verilməyəcəyini deməyə əsas verir, çünki o bu barədə ürəkaçan xəbərlər eşitməyib: “Bundan əvvəlki hökumətlərin tərkibində ölkənin şimal-qərb əyalətlərindən olan şəxslərə ciddi yer verilməyib və azərbaycanlıların dövlətdə iştirakı əhəmiyyətli dərəcədə azaldılıb”.

“Ona gətirib çıxaracaq ki, Güney Azərbaycan türkləri artıq bu rejimdən qurtulmaq üçün daha təsirli addımlar atmalı olacaqlar”
Siyasi şərhçi Azər Həsrət baki-xeber.com-a açıqlamasında bildirdi ki, Binablı deputatın narahatçılığı əsassız deyil və o reallıqdan çıxış edərək bu fikirləri dilə gətirib. “Çox təəssüflər olsun ki, XXI əsrdə belə İranda hakimiyyətdə olan rejim insanlar, xalqlar arasında belə ayrı-seçkiliyə yol verir, ölkə əhalisinin yarısını təşkil edən millətə bu cür qeyri-insani davranır. İstər türklərin hakimiyyətdə təmsil olunması məsələsində, istərsə də dünyanın qəbul etdiyi insan haqları məsələsində təəssüflər olsun ki, İrandakı soydaşlarımız çox ciddi ayrı-seçkiliyə məruz qalırlar. İran hakimiyyəti anlamır ki, bu ayrı-seçkiliyi tətbiq etməklə, türkləri dövlət idarəçiliyindən kənarda saxlamaqla əslində özünü zəiflətmiş olur. Çünki oradakı türklər nə qədər hakimiyyətdən kənar tutularsa, onlar davamlı şəkildə təcrid edilərsə, onların hüquqları mütəmadi olaraq pozularsa günün birində həmin o 40 milyonluq xalq öz hüquqları uğrunda daha təsirli addımlar atmaq məcburiyyətində qalacaqlar. Yəni indinin özündə belə təkcə hakimiyyətdə təmsil olunma məsələsi deyil, ümumiyyətlə İranda elə bir vəziyyət yaradılıb ki, bir ovuc fars hakimiyyəti ələ keçirib və özəlliklə ölkə əhalisinin yarısını təşkil edən türklər küncə sıxışdırılır. Özü də İranın iynə üstündə oturduğu bir zamanda. Əslində bu saat İran iynə üstündə oturub. Çünki ölkədə aclıqdır, səfalətdir, ölkənin bir çox bölgələrində adi içməli su problemi var. Hələ mən suvarmanı demirəm. Elektrik problemi çox ciddi şəkildə mövcuddur. Dünyanın mübtəla olduğu koronavirusla mübarizədə İran təsirli heç bir tədbir görə bilmir. Örnək üçün deyək ki, Azərbaycanda dövlət vətəndaşların peyvəndlənməsini pulsuz həyata keçirir, proses kütləvi şəkildədir, problem yoxdur”.

A.Həsrətin sözlərinə görə, amma İranda insanlar peyvənd olunmaq üçün hətta Ermənistana belə üz tuturlar, təsəvvür edin ki, indi İranda vəziyyət nə gündədirsə bunlar bütün mənalarda bərbad Ermənistana üz tuturlar, gedib orada peyvənd olunsunlar. “Belə bir dövrdə bu ölkənin başında duranlar ağıllarını başlarına toplamalıdır və özlərini xilas etmək üçün məhz türklərin gücündən istifadə etməlidirlər. Amma biz baxırıq ki, türklərə qarşı təcrid siyasəti davam etdirilir, şiddətləndirilir, onların hakimiyyətdə təmsil olunmağa yolları bağlanılır. Əlbəttə, bu da ona gətirib çıxaracaq ki, Güney Azərbaycan türkləri artıq bu rejimdən qurtulmaq üçün daha təsirli addımlar atmalı olacaqlar. Düşünürəm ki, Güney Azərbaycanda türklər ayağa qalxarsa dünya da onların tərəfində olacaq. Təkcə türk dünyası deyil, dünyanın aparıcı dövlətlərinin hamısı, ABŞ, Avropa ölkələri Güney Azərbaycan türklərini dəstəkləyəcək. Çünki İran həm öz vətəndaşlarına zülm edir, həm də dünyanın başına bəladır. Bu bəladan əlbəttə ki, mümkün qədər tez qurtarmaq İran xalqına da xoşbəxtlik, səadət gətirəcək” - deyə A.Həsrət bildirdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.