Putin keçmiş sovet ölkələri üzərində kabus kimi... - ”soyuq müharibə”, yoxsa xoxgəlmə?

13-01-2022, 07:56           
Putin keçmiş sovet ölkələri üzərində kabus kimi... -
Məşhur alman filmi “Qud bay, Lenin” sosializmin illuziya olmadığını, kapitalizmdən insanların qaçışını təsvir edən sənət əsəridir. Amerikalı Leo Huberman isə “Sosializmin əlifbası” kitabına “Amerikalıların sosializm haqda bildiyi tək şey onun qorxulu nəsə olmasıdır” cümləsiylə başlayır.
...Dünya sonra 20 ildə vəhşi kapitalizmin iri pəncələri, yırtıcılığı və iti dişləri arasında sıxılmaqda, əzilməkdədir. Hətta məşhur ifadədir - bəzi ölkələr sendviçə çevriliblər. Onlar Qərb cəbhəsi ilə Rusiyanın imperiya ambisiyaları ortasında sendviç kimi sıxılırlar.
Lakin indi sosializm olmasa da, keçmiş sosialist düşərgələrində yeni eksperimentlər həyata keçirilməkdədir və kapitalist dünyası ilə açıq müqavimətə başlanıb.
Bunu edən ilk sosialist dövləti SSRİ-nin varisi sayılan Rusiyadır. Sosializm quruluşu olmadan da qlobalistlərə, o dövrdə olduğu kimi NATO və ABŞ-a qarşı cəbhə açmaq mümkün imiş.
Biz soyuq duş effekti yaradan, hələ başlarda qarışıqlığa, çaşqınlığa səbəb olan postsovet məkanında baş verənlərlə bunu hiss etməkdəyik. Əsl “soyuq müharibə” illəridir. Nə olsun ki, indi NATO-ya qarşı Varşava Müqaviləsi Təşkilatı yoxdur, əvəzində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı mövcuddur, özü də var gücüylə...
Biz Qazaxıstan hadisələrindən dərs çıxarmaqla indi həm də onu anlamaqdayıq ki, Azərbaycanın siyasi rəhbərliyi Qarabağ müharibəsində nə üçün Xankəndi və digər əraziləri tutmadı. Çünki qarşımızda Ermənistan yox, dünyaya xox gələn Rusiya vardı və Xırdalana atılan raketin ardınca hadisələrin hansı qanlı istiqamətdə inkişaf edəcəyini təsəvvür belə etmək olmur. Deməli, rəsmi Bakı çox ciddi tələdən xilas olub.
Odur ki, NATO və ABŞ-la, kollektiv Qərblə döyüşən Rusiyanın süqut etmiş SSRİ ərazilərində hansı revanşizmə başladığını görməzdən gəlmək olmaz. Keçmiş sosialist respublikalarında baş verənlərə ayıq başla diqqət etməliyik: Ukraynada Donbas və Luqansk böhranı, separatizm, Krımın ilhaqı və hazırda atəş açmağa hazır olan rus qoşunları Ukrayna sərhədlərində cəmləşib, Belarusda xalq etirazları rəzalətlə bitdi, Lukaşenko bir az da Moskvanı qucaqladı, Moldovanın Dnestryanı ərazilərində rus ordusu, Gürcüstana məxsus Abxaziya və Cənubi Osetiyada rus qoşunları, Dağlıq Qarabağ ərazilərində rus sülhməramlıları, Ermənistanda 102-ci hərbi baza və Erebuni aviabazası, nəhayət Qazaxıstanda KTMT hərbi kontingenti...
Yeri gəlmişkən, 1992-ci ildə yaranan bu alyans ilk dəfədir ki, edilən müraciətə cavab verərək ordu göndərir, o da Qazaxıstana. Və kim zəmanət verə bilər ki, onlar Baykanurda yerləşməyib çıxacaqlar?!
Beləliklə, Anaxeber.info Qazaxıstan hadisələrinə medalın başqa üzü ilə baxaraq, prosesləri daha qlobal miqyasda təhlil edərək yazır ki, Almatı kataklizmi Rusiya ilə Qərb, yaxud keçmiş SSRİ məkanı uğrunda toqquşmanın növbəti mərhələsiydi.
Ukraynadan sonra Qazaxıstan böhranı yaranarsa, dünyanın yenidən bölünməsinin rəsmi şəkildə təsdiqlənməsi olacaq. Rusiya aşkar formada güc nümayiş etdirir ki, keçmiş sovet ölkələri ona miras qalıb və heç biri onun orbitindən uzaqlaşa, bu bölgələrdə liberallar hakimiyyətə gətirilə bilməz.
Baxın, Gürcüstanda qismən rusmeyilli iqtidardır, Saakaşvilini azad etmirlər, Tokayev Qazaxıstanı milliləşdirmiş və Qərbə xeyli yaxınlaşdırmış Nazarbayevdən fərqli olaraq, xəyanət edir və Putini köməyə çağırır, Ermənistanda Soros uşağı Paşinyan nə qədər Avropadakı dostlarından dəstək gözləsə də, KTMT nümunəsi göstərdi ki, onun da ipləri Rusiyanın əlindədir.
Bu mənada Azərbaycan Rusiya ilə daha səmimi davranır ki, qəzəbə tuş gəlməsin və yeri gələndə haqlı etirazını da ehtiyatla Moskvaya deməyi bacarır. Çünki Putin onunla tələblə danışmağı sevmir. Hətta az əvvəl ondan SSRİ-nin bərpası haqda soruşanda “Bunu fikirləşənlərin ağlı, arzulamayanların isə ürəyi yoxdur” demişdi. Yəni sosializm artıq arxivdir, o quruluş olduğu kimi qayda bilməz, amma Putin həm də işarə edir ki, kim bunu arzulamırsa, qəlbsizdir. Ona görə də postsovet məkanını yeni modeldə nəzarətə götürmək lazımdır. Ancaq bu çox təhlükəli oyundur.
Biz Bakını Kremlin və sülhməramlıların davranışlarına görə bəzən qınadığımız halda, görün nələrə şahid oluruq - Rusiyanın hər aqressiyasından sonra Qərb liderlərindən hansısa biri çıxıb Rusiya ilə əməkdaşlığın vacibliyindən danışır, Rusiyanın könlünü xoş edəcək təkliflər səsləndirir. Bu təkliflərdən başı gicəllənən Rusiya elitası artıq yüksək səslə NATO-nun demontajından belə danışmağa başlayıb.
Qərb dövlətləri, liderləri II dünya müharibəsinin bitməsindən sonra düz 50 il boyunca 1938, Münhendə Hitlerin qarşısında diz çökməklərinin travmasını yaşadılar, hər oxşar hadisədə Münheni xatırladılar.
Bu gün də Qərb Putin qarşısında geri çəkilir. Bir-bir qurban edirlər müstəqil dövlətləri. Düşünürlər ki, bununla sülhü qoruyacaqlar. Münhen isə çox yox, cəmi 85 il əvvəl olub. Və ən ağrılısı odur ki, indi yeni bir Hitler xortlayıb, amma bu dəfə onun qarşısına çıxacaq Çörçill və Ruzvelt yoxdur...
Anaxeber.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.