"Çünki bir xalqın matəmlə yaşaması doğru deyil." - deputat

17-01-2022, 20:21           
"Çünki bir xalqın matəmlə yaşaması doğru deyil." - deputat
20 Yanvar faciəsinin 32-ci ildönümü günü Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsinin yad edilməsi məqsədilə anım tədbirləri keçiriləcək.

Ümumxalq Hüzn Günündə xalqımız bir olaraq, dövlətimizin müstəqilliyi uğrunda canını qurban vermiş qəhrəmanlarımızı unutmayaraq, Şəhidlər xiyabanına axın edir.

1990-cı ildən təxminən 20 ilə qədər faciənin ildönümündə sərnişinlər metrodan pulsuz istifadə edirdilər. Həmçinin, bir çox avtobus xətləri də 20 yanvar günü Şəhidlər xiyabanına ödənişsiz şəkildə sərnişin aparırdılar. Lakin artıq illərdir ki, bu tendesiyanın ləğv olunduğunu görürük. Təəssüflər olsun ki, bu ənənə davam etdirilmədi.

Xatırladaq ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən dinc əhali amansızcasına qətlə yetirilmişdi. Sovet ordusu qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və rayonlarda 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər isə qanunsuz həbs olunmuşdur.

Nə üçün ictimai nəqliyyat 20 Yanvar günündə ödənişsiz şəkildə fəaliyyət göstərmir? Bu ənənənin pozulmasına səbəb nə olub? Teref.az-ın məlumatına görə, Milli Məclisin deputatı Fazil Mustafa Cebhe.info-ya açıqlamasında bildirib ki, 20 Yanvar günündə ictimai nəqliyyatın pulsuz olması üçün hökumətin buna yanaşması olmalıdır:

“Yəqin ki, hökumət də bu istiqamətdə hansısa qaydalarda dəyişikliklər edə bilər. Bunun nəticəsində də məsələ öz həllini tapa bilər. Belə bir ənənənin davam etdirilməsi yaxşı olardı. Ən azından həmin günə hörmət edildiyi üçün bunu düşünmək olar”.

Deputat hesab edir ki, xalq olaraq 20 Yanvara qəhrəmanlıq tarixi kimi yanaşmalıyıq:

“20 Yanvar gününün əvvəlki qaydada keçirilməsinin tərəfdarı deyiləm. Çünki 20 Yanvar bizim müstəqilliyimizə gedən yolda vacib tarixi hadisələrdən biridir. Lakin bu dövr geridə qalıb və artıq bizim Qarabağ zəfərimiz var. Ümumiyyətlə, Azərbaycanda artıq matəm günlərinin xüsusi bir ritualla keçirilməsinin tərəfdarı deyiləm. Biz daha çox qələbə günləri üzərində düşünməliyik və onu cəmiyyətə təbliğ etməliyik. Çünki bir xalqın matəmlə yaşaması doğru deyil.

Lakin həmin gün şəhid olan insanlarımız var. Onların xatirəsini əziz tutmalıyıq, amma bunu bir ritualla çevirməməliyik. Əsas insanlara qələbəni və uğuru aşılamaq lazımdır.

Onsuz da tariximizdə və dinimizdə matəmlə elə bir şəkildə sistem qurulub ki, bəzən matəmsiz həyatımızı təsəvvür edə bilmirik. Ona görə də 20 Yanvar faciəsinə baxış fərqli olmalıdır. Bu, bir matəm günü kimi yox, qəhrəmanlıq tarixi kimi xatırlanmalı və qeyd olunmalıdır.

Görürsünüz, biz Zəfər Gününü qeyd edirik, amma onu qəhrəmanlıq tarixi kimi qeyd edirik. Orada 3 mindən artıq insan şəhid olub. Lakin şəhid olma anlayışını nə qədər uca tutduğumuzu görürsünüz. Amma bunu qələbə və qəhrəmanlıq fonunda qeyd edirik. Bu, əslində millətə ruh düşkünlüyü yox, ucalıq gətirən haldır. Ona görə də 20 Yanvarı matəm günü kimi qeyd olunmasını ortadan qaldırmalıyıq”.

Millət vəkili Elman Nəsirov isə qeyd edib ki, 20 Yanvar Azərbaycan xalqının həm qəhrəmanlıq, həm də faciə tarixidir:

“Biz 20 Yanvar şəhidlərinin ruhu qarşısında hər zaman baş əyirik. Çünki onlar, Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımız və sərhədlərimizin toxunulmazlığı uğrunda mübarizəyə qalxaraq, canlarını fəda ediblər. Biz bugünkü müstəqilliyimizə görə hər zaman ilk növbədə 20 Yanvar şəhidlərinə minnətdarıq.

Onların adlarının əbədiləşdirilməsi istiqamətində çox böyük işlər görülüb. Həm ulu öndər Heydər Əliyev tərəfindən, həm də ölkə Prezidenti İlham Əliyev tərəfindən bu istiqamətdə çoxsaylı tədbirlər görülüb. Eyni zamanda, onların ailələri üçün Prezidentin xüsusi təqaüdü müəyyən edilib və 20 Yanvar əlilləri üçün müavinətlər verilib. Bütün bunlar dövlət siyasətinin mühüm tərkib hissəsidir”.

Deputat vurğulayıb ki, pandemiya dövrünün reallıqlarını nəzərə almamaq mümkün deyil:

“20 Yanvar şəhidlərinin anım mərasimində metropolitenin və avtobusların həmin gündə pulsuz fəaliyyət göstərməyi kimi məsələlər zamanında çox önəmli məsələlər idi və bu istiqamətdə addımlar atılıb.

Sadəcə indi həmin addımların davam etdirilməsi bir qədər obyektiv səbəblərdən xeyli mürəkkəbləşib. Məsələ ondadır ki, artıq pandemiya dövrü reallıqları var. Heç şübhəsiz ki, bu reallıqlar da öz diktəsini edir. Yəni, nəqliyyat vasitələrinin pandemiya dövründə işləməsi və pandemiyanın olmadığı dövrdə işləməsi fərqli məsələlərdir. Lakin prinsip etibarilə, bu, yaxşı ənənə idi. Məhz 20 Yanvar tarixində Metropolitenin və avtobusların keçmiş vaxtlarda olduğu kimi pulsuz fəaliyyət göstərməsinin təmin edilməsi arzuolunandır”.

Deputat Aqil Abbas isə deyib ki, 20 Yanvar günündə ictimai nəqliyyatın pulsuz olmamasının səbəbi pandemiya məhdudiyyətləridir:
“Pandemiya dövrü olduğu üçün kütləvi tədbirlər həyata keçirilmir. Buna görə də Şəhidlər xiyabanı kütləvi şəkildə ziyarət olunmur. Lakin yaxşı olardı ki, bu ənənə davam etdirilsin”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.