“Putin Rusiyanı işğal edib, indi Ukraynanı işğal edir” – ROMANOV

10-03-2022, 08:09           
“Putin Rusiyanı işğal edib, indi Ukraynanı işğal edir” – ROMANOV
Rusiya daxilində etiraz potensialına ümid varmı və proses Kremlə necə geridönüş edəcək?

Martın 6-da Rusiyanın 56 şəhərində vətəndaşlar Rusiyanın Ukraynaya hərbi təcavüzünə etiraz aksiyaları keçiriblər. “Belsat” xəbər verir ki, son məlumatlara görə, 4357 nəfər aksiya iştirakçısı saxlanılıb. Onlardan 13-ü jurnalist, 113-ü isə yetkinlik yaşına çatmayanlardır.

Moskvada polis 810, Sankt-Peterburqda 383, Novosibirskdə 280 nəfəri həbs edib. Etirazçılara qarşı vəhşicəsinə güc tətbiq edildiyi bildirilir. Ukrayna ilə müharibəyə qarşı etirazlar başlayandan indiyədək 100-dən çox şəhərdə 12 724 nəfər saxlanılıb.

Həbsləri həyata keçirən təhlükəsizlik qüvvələri tərəfindən həddindən artıq güc tətbiq olunur: etirazçıları dəyənəklərlə döyürlər, elektroşokerlərdən istifadə edirlər.

Sankt-Peterburqda martın 6-da keçirilən müharibə əleyhinə etirazlarla bağlı ilk cinayət işi açılıb. İş üzrə təqsirləndirilən şəxslər saxlanılan şəxsi müdafiə etməyə çalışan aksiya iştirakçıları olub. Yayımlanan videoya görə, etirazçılar təhlükəsizlik işçisinin yanından qaçaraq onu itələyiblər. Bu zaman hüquq-mühafizə orqanının əməkdaşı dəyənəklə döydüyü şəxsi saxlayırmış. Daxili İşlər Nazirliyi bunu “polis əməkdaşlarına hücum” kimi qiymətləndirir. Moskvada, Komsomolski prospektində 13 saxlanılan şəxsin olduğu “avtozak” qəzaya düşüb. Qəzada yaralanan polislər təcili yardıma aparılıb. Bir saxlanılan şəxs təcili yardıma müraciət edib.

Şəhərlərin sayından və əhatə dairəsindən aydın olur ki, Kremlin qonşu Ukraynada etdiklərindən narazılıq nəzərəçarpacaq dərəcədə artır. Rusiyanın daxilində etiraz potensialına ümidlər varmı ki, sonda o, özünü hansı dərəcədə büruzə verəcək ki, hakimiyyət səsini ucaldanların daha bir dəstəsini yerləşdirmək üçün fiziki olaraq məhkəmə iclaslarını keçirə bilməyəcək, dəmir barmaqlıqlar arxasında, istintaq təcridxanasında yerlər kifayət etməyəcək?

İnsanlar sivil dünyanın hansı sanksiyaları tətbiq etdiyini görürlər, bu, daha çox sayda Rusiya vətəndaşının çıxışı üçün əlavə stimul ola bilərmi? Və bütün bu baş verənlərin hakimiyyətə sonda geridönüşü necə olacaq?

AYNA mövzunu tanınmış rusiyalı ekspertlərlə müzakirə edib.

Rusiyalı jurnalist, bloger Aleksey Romanov:

“Xüsusi təcridxanalarda, istintaq təcridxanalarında kifayət qədər yer olacaqmı? Olmaya da bilər? Bunu necə təsəvvür edirsiniz? Əgər belə bir ehtiyac olarsa, insanlar otura bilməmək həddində belə, kameralara doldurulacaq. 2020-ci ildə Belarusun Okrestino nümunəsini xatırlayın.

Ancaq çox güman ki, belə tədbirlər görməyə ehtiyacı olmayacaq. Bu gün Rusiyada ciddi etiraz potensialı yoxdur. Dünən Rusiya şəhərlərinin küçələrinə çıxmağa cəsarət edən bir neçə nəfər bunu bir tərəfdən Ukraynadakı müharibənin adi hala çevrilmədiyi, digər tərəfdən isə repressiya aparatının hələ tam açılmağa vaxtı olmadığı şəraitdə etdilər. Hətta yeni “antifake” maddəsi ilə dünənə qədər ölkə üzrə cəmi bir-iki cinayət işi başlanıb.

İndi Rusiyada həqiqətən də kütləvi etirazlar gözləməyin mənası yoxdur. Etməyəcəklər. Rusiya hökuməti indi Ukraynanı işğal etməyə çalışır, Rusiyanı artıq işğal edib”.

Demokratik Seçim Partiyasının həmsədri, Qaydar adına İqtisadi İnkişaf İnstitutunun baş eksperti Sergey Javoronkov:

“Hakimiyyət, təbii ki, etirazçıların mövcud sayından qorxmayacaq. Düşünürəm ki, uğurlu aksiyaların əsas meyarı saydır - qonşularına baxan insanlar özbaşına çıxırlar. Hakimiyyətin repressiyaları gücləndirməkdən başqa cavabı yoxdur.

Rusiyada koronavirus bəhanəsi ilə 2 ildən artıqdır ki, təkadamlıq piketlər belə, qadağan edilib. Kütləvi aksiyaların keçirilməsi qaydalarının təkrar pozulmasına görə həbs də mümkündür. Bundan əlavə, küçələrə çıxmaq üçün çağırış edənlərə çoxmilyonluq cərimələr tətbiq olunur - məsələn, planlaşdırılmamış polis işinə görə kompensasiya.

Hansı məqamda etirazçıların çox olacağına dair proqnoz verə bilmərik. 2011-2012-ci illərdə aksiyaların pik nöqtəsində bu rəqəm 100 mini keçmişdi, Moskva Şəhər Dumasına namizədlərin qeydə alınmaması ilə bağlı etirazlar zamanı, təxminən 60 mini ötmüşdü. Lakin bu da kifayət deyildi”.

Müəllif: Rauf Orucov












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.