Almaniya kəşfiyyatı Rusiyanın Buça qətliamında iştirakı ilə bağlı yeni sübutlar əldə edib

7-04-2022, 17:49           
Almaniya kəşfiyyatı Rusiyanın Buça qətliamında iştirakı ilə bağlı yeni sübutlar əldə edib
Almaniya Federal Kəşfiyyat Xidməti (FKX) Buça şəhərindəki qətliamla bağlı yeni məlumatların yer aldığı iddia edilən Rusiya hərbi radiorabitəsini ələ keçirib.
İddia olunur ki, əldə edilən səslərdə Rusiya hərbçiləri Buçada mülki əhalinin məhv edilməsi, habelə qətlə yetirilən konkret şəxsləri müzakirə ediblər.

TNS xəbər verir ki, bu barədə Almaniyanın “Spiegel” qəzeti FKX məlumatlarına istinadən yazıb.

Bəzi radioməlumatlarda Buçanın baş küçəsi boyu öldürülən şəxslərin meyitlərinin qaldığı yerlər müzakirə olunub. Məlumatların birində hərbçi bildirib ki, o, dostları ilə birgə velosipeddəki şəxsi güllələyiblər. Dünyanın müxtəlif ölkələrində mediada yayımlanan velosipedlə öldürülmüş həmin adamın şəkli Buçadakı vəhşiliyin ən məşhur dəlillərindəndir. Bir başqa məlumatda qeyd olunub ki, ukraynalı hərbçilər öncə dindirilib, daha sonra isə güllələniblər.

Bundan əlavə, məlumata əsasən, Suriyadakı döyüşlərdə qəddarlığı ilə seçilən “Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) yaraqlıları Buçadakı vəhşiliklərdə həlledici rol oynayıblar.

“FKX ələ keçirdiyi məlumatlar onu göstərir ki, Buçadakı qırğınlar nə təsadüfi, nə də nəzarəti itirmiş ayrı-ayrı əsgərlərin hərəkətləridir. Çox güman ki, bu materiallar dinc əhalinin öldürülməsinin Rusiya ordusunun adi üsulunun və bəlkə də mülki əhali arasında qorxu və dəhşət yaymaq və müqaviməti yatırmaq strategiyasının bir hissəsinə çevrildiyini göstərir”, - nəşr vurğulayıb.

Qeyd edək ki, "Vaqner" ÖHŞ-nin muzdluları Liviya, Suriya, həmçinin Afrika kimi ərazilərdə Moskvanın qeyri-rəsmi tapşırıqlarını yerinə yetirməklə tanınırlar.

Xatırladaq ki, martın 31-də Rusiya qoşunları Buçanı tərk edəndən sonra şəhərdə çoxsaylı hərbi cinayətlər - mülki əhalinin öldürülməsi, işgəncələr, zorlamalar və talan faktları aşkarlanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.