Rusiya Ermənistanda yenə də ARANI QATIR...

8-04-2022, 10:42           
Rusiya Ermənistanda yenə də ARANI QATIR...
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin son günlər fəallığını artırdığı müşahidə olunur. Maraqlıdır ki, rusiyalı səfirlər adətən olduqları ölkənin müxalifəti ilə məsafəli davranırlar. İrəvandakı səfir isə sabiq prezident Levon Ter-Petrosyanla görüşdükdən sonra parlamentdə revanşistləri təmsil edən “Hayastan” blokunun nümayəndələri ilə görüşüb.

Görüşdə müxalif blokun parlament fraksiyasının rəhbəri Seyran Ohanyan, deputatlar Armen Gevorqyan, Vahe Akopyan, Armen Rustamyan və Aqnesa Hamoyan iştirak edib. Tərəflərin bir araya gəlməsi Rusiya səfirliyində baş tutub. Tərəflər iki ölkə arasında əlaqələri, Azərbaycanın Qarabağ ərazisində baş vermiş son hadisələr və bu kontekstdə Rusiya sülhməramlı kontingentinin fəaliyyəti barədə fikir mübadiləsi aparıb. Görüş zamanı tərəflər rəsmi Bakının Ermənistan tərəfinə sülhlə bağlı 5 məlum təklifini də müzakirə edib. “Hayastan” fraksiyasının deputatları baş verənlərdən narahat olduqlarını bildiriblər. Tərəflər görüşləri və müzakirələri davam etdirmək barədə razılığa gəlib. Yeri gəlmişkən, Brüssel görüşünə bir gün qalmış İrəvanda belə bir böyük mitinqin keçirilməsini və Paşinyan əleyhinə şüarların səsləndirilməsini Moskvanın erməni baş nazirə son xəbərdarlığı kimi şərh edənlər də var.

Rusiya səfirinin Ermənistan müxalifət ilə müzakirəsinin pərdəarxasında nə dayana bilər? Nikol Paşinyanın bəzi davranışlarının Kremldə narazılıq yaratdığı haqda iddialar var və səfirin baş nazirin müxalifəti ilə görüşməsi Moskvanın xəbərdarlığı kimi qiymətləndirilə bilərmi? Paşinyanın devrilməsi planı işə düşsə, Qərb erməni baş nazirə Zelenski kimi sahiblənəcəkmi?

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov Paşinyanın revanşist biri ilə əvəzlənməsini Azərbaycan üçün uğursuz sayır: “Moskvanın Ermənistanda təsiredici güclü müxalifət şəklində qalacağını həmişə demişəm. Ermənistanda rusiyameylli hakimiyyətin siyasi seçki yolu ilə formalaşması mümkün deyildir. Onu ancaq qeyri-siyasi yolla həyata keçirə bilər. Bu isə yeni problem deməkdir. Rusiya Avropada Azərbaycanla razılaşmaq ərəfəsində Paşinyana təzyiq edir. Paşinyanı Qərb Zelenski kimi qoruya bilərmi? Ukraynalıların Qərbdə milyarderlərdən, media qurumlarından, erməni mənşəli siyasətçilərdən ibarət olan erməni diasporu kimi diasporu yoxdur. Ukraynanı, sadəcə olaraq, öz məqsədlərini reallaşdırmaq üçün ”dəstəkləyirlər". Zelenski bunu indi başa düşür. Ölkəsinin yarısı tar-mar olmuş Zelenski nə qədər çalışsa da, effektiv yardımı ala bilmir. Amma Paşinyanın erməni lobbisi var. Fəqət erməni lobbisi Paşinyanı dəstəkləyəcəkmi? Biz bilirik ki, ermənilərin ən aqressiv hissəsi, erməni ideyasını ayaqda tutan diasporadır. Əgər diaspora qərara gəlsə ki, Paşinyan “yaxşı oğlandır”, o zaman bütün resurslar işə düşəcəkdir və Qərbin Paşinyanı dəstəkləməsi üçün fəaliyyət başlayacaqdır. Hər halda, bizə Paşinyanın bütün erməniliyinə baxmayaraq revanşist biri ilə əvəzlənməsi uyğun deyildir. Rusiyanın Cənubi Qafqazda təsir imkanlarının tarazlaşdırılması üçün Türkiyənin bölgədə dərinləşməsi lazımdır. Türkiyə ilə inteqrativ addımlar artırılmalıdır. Bununla belə, Rusiya ilə də davranışlarımızda hissi deyil, milli maraqlarımıza uyğun hərəkət etməliyik. Ola bilər ki, Rusiyanın öz daxilində, eləcə də bölgədə müəyyən güclər vardır ki, erməni kartı vasitəsilə bölgədə Rusiya-Türkiyə ziddiyyətlərini dərinləşdirmək istəyirlər. Hər halda, bizim milli maraqlarımız önəmli olmalıdır. Biz bilməliyik ki, bu gün dünyada siyasi nəzəriyyələr savaşır. Anqlo-sakson, avrasiyaçı və s. Biz də Türk-İslam Yeni Geosiyasi düzən nəzəriyyəsindən çıxış etməliyik. Avroatlantik inteqrasiya Ukrayna misalında ikili standartlarını göstərdi".

MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə Paşinyana qarşı yeni cəbhəni açmaq planının olduğunu qeyd etdi: “Ermənistanla Azərbaycan arasında Brüssel görüşü fonunda Rusiyanın Ermənistanda səfiri vasitəsilə aktivliyini görürük. Əsasən anti-Paşinyan qüvvələri başına toplayaraq Nikol Paşinyana qarşı yeni cəbhə açmaq planlanır. Məqsəd Azərbaycanla sülh prosesini pozmaq və Qarabağda süni gərginlik yaratmaqdır. Səfir Koprıkinin bu fəaliyyəti ilk növbədə Brüssel görüşündə əldə olunan şifahi razılaşmalara qarşı müxalifətin hərəkətini bir yerdə koordinasiya edib, mitinqlər təşkil etməyi planlaşdırır. Moskva maksimum çalışacaq ki, Paşinyanı Azərbaycanla sülh danışıqlarından, ikitərəfli təmasdan çəkindirsin. Ümumiyyətlə, səfirin bu fəaliyyəti Ermənistanın daxili işinə qarışmaq və Paşinyanın devrilməsinə hesablanıb. Hesab edirəm ki, Paşinyan səfirin bu fəaliyyətinə dözümlü yanaşmayacaq. Ola bilsin ki, bu görüşlər Moskva və İrəvan arasında növbəti siyasi mübahisəyə yol açsın. Həmçinin Paşinyan hələ prosesləri izləyir və Rusiyadan uzaqlaşmaq üçün əlində faktlar toplayır. Ona görə də hazırda səfir geniş fəaliyyət göstərir. Qərb təbii ki, Paşinyana sahib çıxar. İlk növbədə Paşinyan gərək Rusiyaya qarşı fəaliyyət göstərsin, Rusiyanın mövqelərinin zəifləməsinə çalışsın”.
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.