Prezident Ofisi: "Ukrayna real sülh müqaviləsi naminə Krım məsələsini ertələyə bilər"

8-04-2022, 12:09           
Prezident Ofisi: "Ukrayna real sülh müqaviləsi naminə Krım məsələsini ertələyə bilər"
“Ukrayna real sülh müqaviləsi naminə Krım məsələsini ertələyə bilər. Lakin ərazi bütövlüyümüzlə bağlı bütün məqamları Prezident Volodimir Zelenski həll edəcək”.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak “RBK Ukraina”ya müsahibəsində deyib.

“Dövlət başçısı ərazi bütövlüyümüzlə bağlı öz mövqeyini dəfələrlə ifadə edib. Krım Ukraynanın ayrılmaz hissəsidir. Bu məsələnin ertələnməsi sülh müqaviləsinin imzalanması üçün ola bilər. Biz dəqiq bilmək istərdik ki, neçə ölkə yanımızda olacaq. Biz 44 gündür ki, mübarizəni davam etdiririk”, - o bildirib.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya və Ukrayna prezidentlərinin mümkün görüşündə Krım və Donbass məsələlərinin müzakirəsini “qəbuledilməz” adlandırmışdı.

Qeyd edək ki, Rusiya tərəfi Krımın statusunu müzakirə etməyə hazır deyil və Krım məsələsinin guya bağlandığını təkid edir.

Xatırladaq ki, Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətlərinin böyük hissəsi separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedib. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.