Qubad İbadoğlu: Rusiya Səfirliyinin binası qarşısında etiraz aksiyası keçiriləcək Aprel 09, 2022

9-04-2022, 17:16           
Qubad İbadoğlu:
“Bakı şəhər İcra Hakimiyyətinin rədd cavabı verməsinə baxmayaraq Azərbaycan Demokratiya və Rifah Partiyası aprelin 12-də saat 15-də Rusiyanın Bakıdakı Səfirliyinin binası qarşısında etiraz aksiyası keçirəcək. Bu barədə ADR Partiyası artıq qərar verib.”

Bu barədə ADR Partiyasının sədri Qubad İbadoğlu Amerikanın Səsinə bildirib.

Xatıraladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADRP) aprelin 12-də Bakıda Rusiya Səfirliyinin binası qarşısında piket keçirmək niyyəti haqqında bildirişinə rədd cavabı verib.

Aksiya "Ukraynada müharibəni dayandırın!", "Hərbi cinayətləri dayandırın!", "Buça və Ukraynanın digər yerlərində kütləvi qətllər törədən Rusiya hərbçiləri sülhməramlı ola bilməz!", "Rusiya ordusu Qarabağdan çıxarılmalıdır!" şüarları altında keçiriləcək.

Bakı meriyası epidemioloji vəziyyətlə əlaqədar piketin keçirilməsini məqsədəuyğun hesab etməyib.

Partiya hakimiyyətin dəlillərini əsassız hesab edir, belə ki, pandemiya ilə əlaqədar kütləvi tədbirlərin keçirilməsinə qoyulmuş bir çox məhdudiyyətlər çoxdan ləğv edilib.

"Necə ola bilər ki, qapalı yerlərdə 300 nəfərlik toya və digər mərasimlərə icazə verilir, amma açıq havada 50 nəfərlik piketə epidemoloji vəziyyəti əsas gostərərək etiraz edilir? Baxın, görün Azərbaycanda necə mənasız hakimiyyət vardır, Qarabağda rus "sülməramlıları" hakim yüksəkliklərdə mövqeyini yaxşılaşdırdığı, Ukraynada rus qoşunları dinc əhaliyə qarşı kütləvi qətlləri davam etdirdiyi zamanda Rusiya Səfirliyi qarşısında piketə icazə verməyə cəsarəti çatmır," deyə partiyadan bildiriblər.

ADRP 2015-ci ildə hərəkat kimi yaradılıb. Ötən il təşkilat partiyaya çevrilib. Partiyaya iqtisadçı alim Qubad İbadoğlu sədrlik edir.
amerikanınsesi












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.