Rusiyanın Ukraynada müharibəsi ATƏT-in Minsk Qrupunun taleyini “sual altına” alıb?

9-04-2022, 19:08           
Rusiyanın Ukraynada müharibəsi ATƏT-in Minsk Qrupunun taleyini “sual altına” alıb?
Rusiya xarici işlər naziri Sergey Lavrovun Qarabağ üzrə ATƏT-in Minsk Qrupunun taleyi ilə bağlı dedikləri azı üç onillikdir ki, fəaliyyət göstərən bu qrupun taleyini "sual altına" alıb.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Moskvada keçirilən birgə mətbuat konfransında Rusiya xarici işlər naziri deyib ki, ATƏT-in Minsk Qrupu həmsədrlər "üçlüyünün" gələcək taleyi məlum deyil. Sergey Lavrovun sözlərinə görə, bu "anlaşılmazlığın" səbəbi ABŞ və Fransanın mövqeyidir.

Ararat Mirzoyan isə deyib ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini məhz ATƏT-in Minsk Qrupu həmsədrliyi çərçivəsində görür.

Minsk qrupunun həmsədrləri bu bəyanatlara hələ ki, münasibət bildirməyiblər. Moskvada səslənən bəyanatları Bakıda da şərh etməyiblər. Lakin Azərbaycan İkinci Qarabağ müharibəsi bitəndən sonra Minsk qrupunu münaqişənin həllində "heç bir rol oynaya" bilmədiyinə görə dəfələrlə tənqid edib.
Lavrov nə deyib?
"Bizim ABŞ və Fransa, necə deyərlər, tərəfdaşlarımız rusofob məstliyi ilə Rusiya Federasiyasına aid olan nə varsa, ləğv etməyə çalışaraq bəyan ediblər ki, bizimlə bu formatda ünsiyyət saxlamayacaqlar. Bu onların ixtiyarıdır, əgər onlar Qarabağda və ümumiyyətlə Zaqafqaziyada tənzimləmə üzrə maraqlarını qurban verməyə hazırdırlarsa, bu - onların seçimidir", - Sergey Lavrov cümə günü Moskvada keçirilən mətbuat konfransında deyib.

Sergey Lavrovun sözlərinə görə, ABŞ və Fransa "tək bu münaqişəni deyil, dünyada bütün digər münaqişələri də, öz birtərəfli iradələrini diktə etmək üçün hamını bütün formatlarda [Rusiya ilə] əlaqələri kəsməyə məcbur edir".

Ukraynaya hərbi müdaxilədən sonra Rusiya ilə Qərb ölkələri arasında münasibətlər kəskin şəkildə pisləşib. Moskvaya ilə əlaqələr məhdudlaşdırılıb, Rusiyaya, eləcə də Kreml elitasının ailə üzvlərinə qarşı sərt sanksiyalar elan olunub.

Lavrovun sözlərinə görə, Moskva Ermənistan, Azərbaycan və Rusiya liderləri arasında üçtərəfli formatda qəbul olunmuş "bütün razılaşmaların nizamlanmasına" sadiqdir.

Ermənistan xarici işlər naziri isə Qarabağ üzrə beynəlxalq vasitəçilərin gələcək fəaliyyəti ilə bağlı fərqli mövqe sərgiləyib.

"Mənə başqa məlumatlar gəlir: azərbaycanlı həmkarlarımızın artıq Dağlıq Qarabağ münaqişəsi, bundan əlavə - Dağlıq Qarabağ adlı region olmadığına görə, Minsk Qrupu həmsədrliyinin də yox olması haqqında bəyanatlarına baxmayaraq, beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini ATƏT-in Minsk Qrupu həmsədrliyi çərçivəsində görməkdə davam edir və bu, olduqca ümidverici haldır", - Ararat Mirzoyan deyib.
Ermənistan münaqişənin həllini Minsk qrupunun çərçivəsində görmək istədiyini təkidlə bəyan edir. Azərbaycan isə 44 gün davam edən İkinci Qarabağ müharibəsi vaxtı və ondan sonra da Minsk qrupunun fəaliyyətini tənqid edib. Müharibədən sonra Prezident İlham Əliyev deyib ki, ATƏT vasitəçilərinin 30 ilə yaxın fəaliyyəti nəticəsiz başa çatıb.

"Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb", - 2020-ci ilin dekabr ayında Minsk qrupunun fransalı və amerikalı həmsədrini qəbul edən İlham Əliyev deyib.

Müharibədən sonra bir çox təhlilçi Azərbaycanın daha çox ikitərəfli tənzimləməyə meylli olduğunu göstərib. Hərçənd ki, Bakı ATƏT-in Minsk qrupunun postmünaqişə dövründə pozitiv rolunu da qeyd edib.

Bunu Azərbaycan XİN rəhbərinin ötən il dekabr ayında verdiyi bəyanatından görmək olar: "ATƏT-in Minsk Qrupu postmünaqişə kontekstində Ermənistan və Azərbaycan arasında normallaşmaya yardım edə bilər", - Ceyhun Bayramov deyib.

Amma yanvar ayında Rusiya ATƏT-in Minsk Qrupu həmsədrlərinin "Dağlıq Qarabağa" səfər edə bilməməsindən narahat olduğunu bildirib. Bu barədə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç "Rossiya Seqodnya" agentliyinin onlayn brifinqində bildirib.

ATƏT-ə "ehtiyac qalmayıb"
Bəzi təhlilçilər postmünaqişə dövründəki tənzimləmədə fəallığın Avropa İttifaqına keçdiyini qeyd edirlər. Bu fikirdə olanlardan biri də "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğludur.

Onun sözlərinə görə, ötən ilki müharibədən sonra Azərbaycanın ATƏT-ə "ehtiyacı qalmayıb" və Ukraynadakı müharibədən sonra ATƏT çərçivəsində "böyük üçlüyün" əməkdaşlıq perspektivlərinə daha bir zərbə dəyib.

"Ortada sanksiyalar varsa, mümkün deyil ki, Rusiya, Amerika və Fransa Qarabağ məsələsində əməkdaşlıq etsin".

Təhlilçinin dediyinə görə, Azərbaycan üçün Aİ ilə əməkdaşlıq daha faydalıdır, çünki o, "Rusiyadan fərqli olaraq, Cənubi Qafqazı özünün arxa bağçası kimi görmür".

Rusiyanın tənqidçilərinə görə, Qərbin ünvanına sərt bəyanatlar verən, Azərbaycan və Ermənistanda hərbi qüvvə ilə təmsil olunmuş Rusiya ilk öncə öz vasitəçilik rolunu əlində saxlamaqda maraqlıdır.
"Buna görə Brüsseldə keçirilən görüşdən sonra Ermənistan xarici işlər naziri Moskvaya çağırılıb, Yerevanda müxalifət Paşinyana qarşı mitinq keçirib və Tovuzda müəmmalı şəkildə atəşkəs pozulub - Elxan Şahinoğlu deyir, - bunların hamısı təzyiq və prosesə maneə olmaq cəhdləridir, çünki Moskva istəmir ki, Avropa İttifaqının bölgədə rolu artsın".

Bəs, Moskvanın sülh prosesində rolu azalırmı? Yerevanlı siyasi icmalçı Armen Bağdasaryana əsasən, Rusiyanın bölgədə rolunun zəifləməsi müşahidə olunsa belə, söhbət Ukrayna hadisələri ilə bağlı müvəqqəti zəifləmədən gedə bilər.

"Avropa İttifaqı, təbii ki, ilk növbədə öz maraqlarına əməl edərək, bundan faydalanmağa, regionda öz iştirakını genişləndirməyə çalışır", - Armen Bağdasaryan BBC News Azərbaycancaya bildirib.

Aprelin 6-da Aİ Şurasının Prezidenti Charles Michel-lin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri - İlham Əliyev və Nikol Paşinyan arasında Brüsseldə növbəti görüş baş tutub.

Tərəflər bu ayın sonunadək sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı Birgə Sərhəd Komissiyasının yaradılmasına, o cümlədən sülh sazişi üzərində işləməyə razılaşıblar.
bbc












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.