“Bəzi səfirlərimiz xaricdə başqa qurumlarla əməkdaşlıq edirlər” - Sabiq Baş nazirdən İTTİHAM

12-04-2022, 12:25           
“Bəzi səfirlərimiz xaricdə başqa qurumlarla əməkdaşlıq edirlər” -
“Rusiyanın Ukraynaya təcavüzü nəticəsində qaçqın düşmüş soydaşlarımızın vəziyyətinin ağırlığı xeyli dərəcədə Moldova səfirliyinin üzərinə düşmüşdü. Bununla əlaqədar Qüdsi Osmanov haqqında müsbət bir rəy yaranıb. Lakin eyni söz Ukraynadakı səfirliyimiz haqqında deyilmirdi. Yəqin ki, ciddi faktlar və əsaslar olub ki, belə emosional ifadələr işlədilib. Hesab edirəm ki, bu məsələyə qiyməti Xarici İşlər Nazirliyi verməlidir”. Dia.az xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun Türkiyədəki diplomatik korpusumuz barədə işlətdiyi ağır ifadələrə münasibət bildirərkən deyib.
Onun fikrincə, səfirliklərimiz qapalı çalışdığından barələrindəki ümumi ictimai rəy neqativdir: “Səfirliklərin təşəbbüskar olmaması, bəzilərinin öz funksiyalarına daxil olmayan işlərlə məşğul olması barələrində neqativ rəyin formalaşmasına gətirib çıxarıb”.

P. Hüseyn hesab edir ki, səfir, yaxud səfirlik əməkdaşları qapalı şəkildə seçilməli deyil:
“Həm səfirlər, həm də səfirliyin işçiləri daha şəffaf şəkildə seçilməlidir. Son dövrlərdə xaricdə təhsil almış, müxtəlif dillər bilən, beynəlxalq münasibətlərə bələd olan kadrlar var ki, onlardan istifadə olunmalıdır. Müxalifət partiyalarında xeyli insan tanıyıram ki, bu işə çox ciddi fayda verə bilərlər. Hətta Yeni Azərbaycan Partiyasının ən azı özünün içərisindən bu iş üçün yararlı olan adamların irəli çəkilməsi məsələsində problemlər açıq-aydın görünür. Bu məsələ göstərir ki, səfirliklərə təşəbbüskar, müstəqil qərar qəbuletmə bacarığı olan insanlar lazımdır.
Faktlar var ki, vəzifə müddəti bitdikdən sonra Azərbaycanın bəzi səfirləri ölkəyə qayıtmaqdan imtina edirlər. Yaxud bəzi xarici ölkələrdə başqa qurumlarla əməkdaşlığa keçirlər ki, bu da yaranmış vəziyyətin fəsadlarındandır. Bütövlükdə səfirliklərin fəaliyyətini müsbət dəyərləndirmək mümkün deyil”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.