Kiyev bu məqamdan sonra Rusiyaya heç bir ciddi güzəştə getməyəcək - Ekspert danışır
13-04-2022, 09:39

Rusiya Prezidenti Vladimir Putin növbəti dəfə Ukrayna ilə aparılan müharibədən danışıb. Ukrayna ərazisində aparılan hərbi əməliyyatlara haqq qazandıran Kreml rəhbəri Moskvanın öz məqsəd və hədəflərinin mütləq yerinə yetiriləcəyini bildirib. O, Rusiya Ordusunun Ukraynada cəsarətli fəaliyyət göstərdiyini qeyd edib:
“Ukraynada yetişdirilən antirusiya qüvvələrlə toqquşma qaçılmaz idi, bu, sadəcə vaxt məsələsi idi”. Putin Ukraynadakı xüsusi əməliyyatı düzgün addım adlandırıb: “Ukraynadakı xüsusi əməliyyat düzgün addımdır. Başqa seçimimiz yox idi. Məqsədimizə nail olacağıq”. Putin Kiyevin Minsk razılaşmalarının icrasından açıq şəkildə imtina etdiyini xatırladıb. Rusiya rəhbəri müasir dünyada Qərbin Rusiyanı təcrid edə bilməyəcəyini diqqətə çatdırıb. Dia.az-ın məlumatına görə, Putinin açıqlamasını “Şərq”ə dəyərləndirən politoloq Azər Qasımov deyib ki, Kreml başçısının sərt ritorikası özünə təsəlli verməkdən başqa bir şey deyil. Analitikin fikrincə, Rusiya Ukraynaya hücum etdiyi gün məğlub olmuşdu:
“Heç bir sağlam düşüncəli dövlət başçısı bu səhvi etməzdi. Ancaq Putin buna getdi. Qərbi günahlandırmaq avtoritar rejimlərin adətidir. Müharibənin bu dövründən sonra böyük itkilər hesabına da olsa, kiçik “qələbə” Putinə hava-su kimi lazımdır.
Onun “məqsədimizə nail olacağıq” ifadəsi təkcə Ukrayna və Rusiya xalqları deyil, dünya üçün təhlükəsizliyin təhdid edilməsi anlamına gəlir. Putin sözün həqiqi mənasında artıq nə edəcəyini bilmir. Onun istəkləri reallıq ilə üst-üstə düşmür. Kütləvi qırğınlar hesabına da olsa öz ambisiyalarını yerinə yetirməyə cəhd göstərir.
Hesab edirəm, Kiyev bu məqamdan sonra Rusiyaya heç bir ciddi güzəştə getməyəcək. Əksinə, Ukrayna hökuməti öz tələblərində daha israrlı olduğunu ortaya qoyacaq”.