FTB-nin keçmiş direktor müavini: "Putinə xalqının yanına əliboş qayıtmaq çətin olacaq"
16-04-2022, 11:56

ABŞ FTB-sinin keçmiş direktor müavini (2016-2018) Endryu Makkeyb Ukrayna müharibəsi ilə bağlı diqqət çəkən açıqlamalar verib. AzVision.az xəbər verir ki, o, "Forbes"ə müsahibəsində deyib ki, Ukraynada müharibənin nə qədər davam edə biləcəyi və bu müddət ərzində hansı sayda insanın qurbana çevriləcəyi ilə bağlı nə isə demək çətindir.
Ümumilikdə isə bunu diplomatiya həll etməlidir.
O qeyd edib ki, Rusiya hərbi əməliyyatlarındakı böyük uğursuzluqlar və ukraynalıların inanılmaz müqaviməti insanı heyrətləndirir.
"Ukrayna rəhbərliyini diplomatik prosesdə davamlı iştirakına görə təbrik edirəm. Çünki bir nömrəli məqsəd atəşkəsə nail olaraq ukraynalıların öldürülməsini dayandırmaqdır. Lakin diplomatik prizmadan baxanda Kremlin hansı şərtlər əsasında hərbi əməliyyatı dayandıracağını anlamaq çətindir", - Makkeyb deyib.
O həmçinin qeyd edib ki, Putinə nail olmaq istədiyi, amma əldə edə bilmədiyi uğurlar olmadan öz xalqının yanına qayıtmaq çox çətin olacaq. Eyni zamanda, onun istədiyi nailiyyətlərdən hər hansı biri Ukrayna xalqı üçün də qəbuledilməzdir.
Diplomatik baxımdan bunlara nail olmaq inanılmaz dərəcədə çətindir və indi ruslar paytaxta yaxın ərazilərdən çəkildikdən sonra Kiyev ətrafındakı şəhərlərdə baş verənlər də diplomatik həlli daha da çətinləşdirib.
"Ancaq siz diplomatiyaya sadiq qalmalısınız, çünki tam qələbə üçün mübarizə illərlə davam edə bilər. Münaqişənin nə qədər davam edə biləcəyi və bu müddətdə nə qədər insanın qurbana çevriləcəyi ilə bağlı heç bir məhdudiyyət yoxdur. Amma bu proseslər nə qədər qeyri-müəyyən görünsə də mən sizin diplomatiyanıza güvənirəm. Ruslar başa düşməlidirlər ki, bu, qısa və uzunmüddətli perspektivdə onlar üçün yaxşı heç nəyə gətirib çıxarmayacaq", - keçmiş FTB rəsmisi deyib.