Kreml artıq Rusiyaya qarşı savaşır: Dünya nəhəngini intihara sürükləyir

17-04-2022, 00:03           
Kreml artıq Rusiyaya qarşı savaşır:
Kreml Rusiyanı "savaş bataqlığı"ndan çıxara biləcək dövlətlərə qarşı da təhdid ritorikasını davam etdirməklə, müttəfiq ölkələri belə, düşmənə çevirir; ABŞ və Qərb isə Rusiyanın yanında yer almaq niyyətində olanlara eyni fəlakəti vəd etməklə, Kremli düçar olduğu "geopolitik faciə" ilə təkbaşına qalmağa məcbur buraxır...

Ukrayna "savaş poliqonu" olmaqdan çıxmağa başlayıb. Bu məkan artıq "savaş qara dəliyinə" çevrilmək üzrədir. Kremlin taleyüklü səhvləri Rusiyanı bu "qara dəliyə" salıb. İndi Rusiya böyük sürətlə dibi görünməyən boşluğun dərinliyinə doğru yuvarlanmaqda davam edir.

İndi bəzən belə suallara rast gəlinir ki, Kreml necə oldu da Rusiyanın "Ukrayna bataqlığı"nda bata biləcəyini hesablaya bilmədi? Görünür, Kremldə bunu həqiqətən hesablaya bilməyiblər. Hətta hesablayıblarsa da, bir çox önəmli məqamlara əhəmiyyət verməyiblər. Kreml Rusiyanın hərbi-siyasi qüdrətinə və potensialına o qədər güvənib ki, cəmisi bir neçə gün ərzində həm Ukraynanı, həm də bütün dünyanı diz çökdürə biləcəyinə əmin olub. Ən əsası isə öz enerji resurslarının dünya bazarındakı təsir gücünə arxayın olan, bu faktoru rəqiblərə qarşı silah hesab edən Kreml Rusiya əleyhinə belə güclü beynəlxalq koalisiyanın yaranacağına, sanksiyaların dağıdıcı olacağına, Ukraynaya hərbi dəstək verməyə cəsarət göstəriləcəyinə ehtimal verməyib.

Hər halda, Rusiyanın üzləşdiyi indiki vəziyyəti başqa arqumentlər ilə izah etmək çox çətindir. İstənilən arqument son nəticədə yanlış hesablamaların mövcud olduğunu göstərir. Böyük ehtimalla lovğa imperialist rus hərbi-siyasi düşüncəsi Ukraynaya görəcəkləri təqdirdə, Rusiyanın üzləşəcəyi sanksiyaların da Krımın işğalına və Donbasda separatizmin alovlandırılmasına görə tətbiq olunan embarqoların üzərinə çıxmayacağına əmin olub.

Məhz bu yanlış hərbi-siyasi hesablamalar ucbatından Rusiya hətta Ukraynaya qarşı savaşa başladığı andan məğlub duruma düşmüşdü. Hər halda, Kremlin 3-5 günə son hədəfə çatılacağına əmin olduğu savaşın 50 gündən artıq davam etməsi, nə bitəcəyinin də məlum olmaması bir çox məqamların aydınlaşmasına səbəb olub. Və səbəbləri isə Rusiyanın gələcək taleyi baxımından, ümidverici deyil.

Məsələ ondadır ki, Ukrayna savaşı Rusiya ordusunun barəsində uydurulan bir çox mifləri dağıtdı. Məlum oldu ki, bu ordu ehtimal edildiyi kimi, yüksək döyüş hazırlığına malik deyilmiş. Üstəlik, Rusiya ordusunun silah-sursat və hərbi texnika arsenalı da müasir döyüş texnikası kateqoriyasından çox uzaqdır. Rusiya ordusu vaxtı çoxdan keçmiş, sovet dönəmindən qalma hərbi texnika ilə silahlanıbmış. Və yeni hərbi texnika ilə təchizat bərbad vəziyyətdədir.

Son məlumatlara görə, Ukrayna savaşında məğlub duruma düşmüş, köhnə hərbi texnikasının da əhəmiyyətli hissəsini döyüş meydanında itirmiş Rusiya ordusu üçün ölkənin şərq bölgələrindən "Qrad" artilleriya qurğuları daşıyırlar. Sovet dövründə istehsal edilmiş və Rusiyanın silah anbarlarında saxlanılan bu silahlar artıq öz döyüş əhəmiyyətini çoxdan itirib. Və bu silahlar II dünya savaşında istifadə edilmiş "Katyuşa" qurğularının istehsal dövrü üçün modernləşdirilmiş versiyasıdır.
Təbii ki, bütün bunlar Rusiyanın Ukrayna savaşına yalnız səhv hesablamalar deyil, həm də hərbi cəhətdən hazırlıqsız başladığını da göstərir. Halbuki, bəzi məlumatlara görə, Kreml 2014-cü ildən sonra bu savaşa hazırlıq məqsədilə 10 milyard dollar ayırıbmış. Hərbi məmurdan daha çox oliqarx həyat tərzi yaşayan rus generalları isə həmin nəhəng məbləği "böyük ustalıqla" mənimsəməyi bacarıblar. İndi isə müasir döyüş taktikalarından başqa hər şeyi bilən bir çox rus generalının korrupsiya ittihamı ilə həbs edildiyi barədə də məlumatlar gəlir.

Ancaq Kremlin savaş öncəsi səhvləri yalnız bunlarla məhdudlaşmır. Rusiyanın xarici siyasəti müttəfiq qazanmaq deyil, məhz potensial dostu düşmənə çevirməyə yarayır. Kreml hətta indinin özündə belə, "yaxın xaric" adlandırdığı MDB ölkələri ilə təhdid diliylə danışır. Həmin ölkələri ittiham edir, öz hegemonluq gücünü qəbul etdirməyə çalışır. Ona görə də, prezidenti Kremlin sayəsində hakimiyyətini qoruya bilən Belarusdan başqa heç postsovet ölkəsi Rusiyanı dəstəkləmir.

Digər tərəfdən, Kreml Rusiyanı "savaş bataqlığı"ndan çıxartmaq üçün sülh danışıqları prosesinin başlatmış yeganə ölkə olan Türkiyəni də özündən incik salmağa başlayıb. Kremlə yaxın Rusiya KİV-ləri rəsmi Ankaranı Ukraynaya Suriyadan mücahid göndərməkdə suçlayırlar. Ukrayna savaşından cəmisi bir neçə gün öncə Rusiya ilə müttəfiqlik fəaliyyəti barədə Moskva Bəyannaməsini imzalamış Azərbaycanı isə öz ərazisində ABŞ "gizli laboratoriya"larını yerləşdirməkdə suçlayırlar.

Təbii ki, bu ittihamları tirajlayan Rusiya KİV-ləri ilk növbədə Kremlə düşmənçilik etmiş olurlar. Çünki bütün dünyada təklənmiş Rusiya ilə normal münasibətləri olan bir neçə dövləti də Kremldən uzaqlaşdırmaq məhz öz ölkəsinə düşmənçilikdən başqa bir şey deyil. Və bu da yenə Kremlin strateji yanlışları sırasına daxildir.


Məsələ ondadır ki, Rusiyanın əsas rəsmi informasiya qurumları Marqarita Simonyan adlı bir erməni qadına tapşırılıb. Bu erməni qadını isə Rusiyadan daha çox Ermənistanın maraqları düşündürür. Yəni, Ermənistanın maraqları naminə Türkiyə və Azərbaycanın Rusiya ilə münasibətlərinin korlanmasına yönəlik informasiya təbliğatı qurur. Ona görə də, indi Kreml hər kəsin Rusiyadan üz çevirməsinə görə qətiyyən şikayətlənməməlidir. Əgər, Kreml Rusiyanın rəsmi informasiya qaynaqlarını "qədim peşə" sahibi olan bir erməni qadına etibar edirsə, nəticələri də yalnız belə ola bilərdi.

Beləliklə, Rusiya həm döyüş meydanında, həm də informasiya savaşında məğlub durumdadır. Rusiya təhdidlərlə vəziyyəti öz xeyrinə dəyişmək imkanlarını da tədricən itirmək üzrədir. İndi Rusiyadan hər hansı dövlət çəkinmir. Əksinə, "savaş bataqlı"nda çabalayan Rusiyanın batmasını gözləyirlər. Rusiyanın Qara dəniz donanmasının flaqmanı, "Moskva" raket kreyserinin batırılması isə Kremlin nüfuzunu daha da zəiflədib.
Bununla bağlı "New York Times" yazır ki, "Moskva" kreyserinin batması həm Ukraynanın öz silahlarının gücünü, həm də hərbi əməliyyatların Ukrayna şəhərlərindən Rusiyanın dominantlıq etdiyi dənizə qədər genişləndirilməsinin strateji əhəmiyyətini nümayiş etdirib. Gəminin batması Rusiyanın hərbi planlarına böyük zərbədir. Bu səbəbdən də ukraynalı rəsmilər Rusiyaya qarşı yeni cəbhə açmaq və Rusiyanın işğalını dəf etmək üçün Pentaqondan gəmi əleyhinə raketlər və digər sahil müdafiə silahları istəyirlər.

Böyük ehtimalla ABŞ savaşın hansısa mərhələsində rəsmi Kiyevin istədiyi silahları Ukraynaya yəqin ki, verəcək. Çünki ABŞ-ın əsas hədəfi Rusiyanın məhz Ukrayna savaşında məğlub edilərək, "Moskva" kreyseri kimi tamamilə batırılmasından ibarətdir. Vaxtilə "Əfqanıstan bataqlığı"nda keçmiş SSRİ-ni batırmışdılar, indi isə "Ukrayna bataqlığı"nda da Rusiyanı bitirmək niyyətindədirlər. Və Rusiyaya uzanan istənilən "yardım əli"ni də dərhal qətiyyətlə kəsəcəklərinin açıq mesajını verirlər.
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın dedikləri bu baxımdan, Rusiya üçün planlaşdırılan perspektivi təxmin etməyə imkan verir: "Yaxın bir-iki həftə ərzində Rusiyanın sanksiyalardan yayınmasına kömək etməyə, sanksiyaları "deşməyə" çalışanlar barəsində məlumat alacağıq. Üstəlik, həm Rusiya daxilində, həm də ondan kənarda... Və onlar bizim hədəfimizə çevriləcəklər, nəticələri isə daha ağır olacaq".

Göründüyü kimi, Rusiyanın yanında yer almaq niyyətində olanlara onunla eyni faciə vəd edilir. Ona görə də, indi Kremlə dəstək niyyətində ciddi olanların mövcudluğu barədə düşünmək sadəlövhlük olardı. Belə davam edəcəyi təqdirdə, Kreml Rusiyanı düçar etdiyi "geopolitik faciə" ilə təkbaşına qalmaq taleyindən xilas olmaqda uzun müddət çətinlik çəkə bilər.

Belə anlaşılır ki, hələ də qonşu dövlətlərə və beynəlxalq rəqiblərinə qarşı təhdid ritorikasından əl çəkə bilərən Kreml əslində, Rusiyanın gələcəyi ilə vuruşur. Sülh danışıqlarına başlamaq əvəzinə savaşın davamında israrlı olan Kreml Rusiyanı intihara sürükləməyə başlayıb. Və bu vəziyyət Rusiya üçün sonun başlanğıcını daha da tez gətirə bilər.

Elçin XALİDBƏYLİ
pia.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.