İran qəzetinin “Hörmüz boğazını Cənubi Koreyaya bağlayaq” təklifinə Seuldan REAKSİYA
19-04-2022, 12:39

Tehranın Cənubi Koreyaya məxsus gəmilərinə Hörmüz boğazının bağlanması təklifinə Cənubi Koreya reaksiya verib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, Cənubi Koreya xarici işlər nazirinin müavini Yeo Seung-Bae İranın Seuldakı səfiri Səid Badamçı Şəbisterini nazirliyə çağıraraq, Seul hökumətinin “Keyhan” qəzetində dərc olunan məqalə ilə bağlı narahatlığını çatdırıb.
Nazirliyə çağırılan İran səfiri qəzetdə dərc olunan məqalənin Tehranın rəsmi mövqeyinə uyğun olmadığını bildirib və ölkəsinin mövzu ilə bağlı siyasətini qarşı tərəfə çatdırıb.
Qeyd edək ki, İran Cənubi Koreyaya neft ixracından əldə etdiyi və bu ölkənin banklarında saxladığı 7 milyard dollarlıq maliyyə aktivlərini ABŞ-ın birtərəfli bank sanksiyaları səbəbindən çıxara bilmir.
Belə ki, Tehran administrasiyası əvvəllər dəfələrlə dondurulmuş vəsaitlərin sərbəst buraxılmasını tələb edərək, əks halda Seula İran bazarını itirə biləcəyi barədə xəbərdarlıq edib.
Xatırladaq ki, aprelin 16-da ölkənin ən köklü qəzetlərindən olan, İran lideri Xamneyi ilə yaxınlığı ilə tanınan “Keyhan”da “Cənubi Koreyaya qarşı sanksiyalara başlayaq” başlıqlı məqalə dərc olunub:
“İran Seulun 7 milyard dollar borcunu ödəyənə qədər Hörmüz boğazını Cənubi Koreyanın yük gəmiləri və neft tankerləri üçün bağlamalıdır”.
Həmçinin məqalədə İran BMT-nin Dəniz Hüququ Konvensiyalarına əsaslanaraq Hörmüz boğazını Cənubi Koreya gəmiləri üçün bağlamaq hüququna malik olduğunu vurğulayıb.