"Qərbin Rusiyaya vurduğu ağır zərbələr “Moskva” gəmisi ilə məhdudlaşmayacaq" - ÖZƏL

21-04-2022, 08:03           
"Qərbin Rusiyaya vurduğu ağır zərbələr “Moskva” gəmisi ilə məhdudlaşmayacaq" - ÖZƏL
Rusiyalı analitiklər “Moskva” kreyserinin batmasında ABŞ-ın rolu olduğunu söyləyir. İddialara görə, ABŞ Qara dəniz donanmasının flaqmanını tələyə salıb. Mənbələrin fikrincə, “Moskva” kreyserinin sıradan çıxarılmasında ABŞ-ın əsas məqsədi Odessa kimi strateji vacib şəhəri hücumdan qorumaq idi. Çünki Odessanın Ukrayna üçün qorunub saxlanması NATO-nun hərbi-dəniz gəmilərinin daim Qara dənizə səfər etməsinə və orada təlimlər keçirməsinə imkan verəcək. Bütün bu səbəblərə görə Pentaqon rəsmiləri Odessanı ön plana çıxarıblar və şəhərin Rusiyanın nəzarətinə keçməsinin qarşısını almaq üçün bütün güclərini səfərbər ediblər.

Bəs görəsən, bu iddialar nə dərəcədə doğrudur? Rusiyanın hərbi gəmisinin məhvində həqiqətən də ABŞ-ın “əli” varmı?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını politoloq Araz Aslanlı cavablandırıb. Politoloq bildirib ki, “Moskva” kreyserinin məhv edilməsi ilə bağlı Ukrayna, Rusiya və Qərb dairələrinin müxtəlif iddiaları var: “Hadisənin necə baş verməsi ilə bağlı birmənalı fikir yürütmək mümkün deyil. Lakin istənilən halda Ukrayna işğalçı Rusiyanın əleyhinə ciddi nəticə əldə edə bildi. “Moskva” kreyserinin məhv edilməsi Rusiya üçün çox böyük zərbədir. Bu zərbə Ukrayna və Qərb üçün çox müsbət nəticələr doğurur. Rusiyanın iddialarına görə bunu Ukrayna özü təkbaşına etməyib. Hərbi-siyasi rəhbərlik hadisənin texniki səbəblərlə əlaqəli olduğunu söyləyir. Lakin bu inandırıcı deyil. Zənnimcə, gəmiyə Ukrayna tərəfindən hücum təşkil edilibsə belə, istifadə olunan silahların, texnologiyanın və hətta bunları idarə edən şəxslərin Qərb mənşəli olma ehtimalı çox böyükdür”.

A.Aslanlı qeyd edib ki, Qərbin Rusiyaya vurduğu ağır zərbələr “Moskva” gəmisi ilə məhdudlaşmayacaq: “Ukrayna ordusu Rusiyanın Qara dənizdəki hərbi-dəniz donanmasına daha böyük zərbələr endirmək niyyətindədir. Ümumilikdə bu prosesdə Qərbin birbaşa və ya dolayı yolla iştirakı şübhəsizdir. Çünki Ukraynanın Belarus və Rusiyadan başqa ölkələrlə sərhəddinə Rusiyanın yaxınlaşma təşəbbüsü Qərb tərəfindən son hədd kimi qəbul edilir. Ona görə də Avropa ölkələrinin bu reaksiyası çox normaldır. Yəqin ki, “Moskva” kreyserinin cavabı olaraq Rusiyanın sərt tədbirlərini görəcəyik. Şimal qonşumuz NATO və ABŞ-dan Ukraynaya gələn dəstəkləri müharibəni qızışdıran fakt kimi dəyərləndirir. Haqsız da olsa gələn yardımların qarşısını almaq üçün zərbələr endirdiyini bildirir. Yəni, Rusiyanın NATO-nu birbaşa hədəf alacağını düşünmürəm. Çünki NATO-da Rusiyanı birbaşa hədəfə çevirməyib. Əgər NATO birbaşa addım atarsa, bu zaman Rusiya yəqin ki, ən sərt şəkildə cavab verəcək. Bütün hallarda Tərəflərin birbaşa müharibəyə keçəcəyini düşünmürəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru