Ukrayna Prezident Ofisi Putinin qərarının səbəbini açıqladı
21-04-2022, 20:36

Ukrayna Prezident Ofisi başçısının müşaviri, hərbi ekspert Aleksey Arestoviç Putinin Mariupoldakı “Azovstal” sənaye kompleksini ələ keçirməkdən imtinasının səbəblərini açıqlayıb.
“AzPolitika.info” xəbər verir ki, Prezident Ofisinin sözçüsü mətbuata açıqlamasında Rusiyanın geri çəkilməsinin əsas səbəbinin heç də rus əsgərlərinin həyatını qorumaq niyyətilə bağlı olmadığını söyləyib: “Putin rusiyalı əsgərlərin “qeydinə qalır” ki, onlar orada həlak olmasınlar. Əslində isə bu qərar o deməkdir ki, onlar fiziki olaraq “Azovstal”-ı götürə bilmədilər. Onlar böyük itkilər verdilər və bunu anladılar”.
Arestoviç deyib ki, şəhərin müdafiəçiləri sözügedən ərazini əldə saxlamaqda davam edirlər.
Ekspertin fikrincə, Kreml bu addımıyla həm də öz qüvvələrini əsas siyasi hədəf kimi ortaya atılan Donetsk və Luqansk vilayətlərinin ərazisinin tam işğalına yönəltməyə çalışır: “Onlar bunu edə bilməyəcəklər. Pasxa və 9 mayı gözləmədən, vaxtından əvvəl bu “qələbələr”in elan olunması göstərir ki, rusiyalılar müharibənin bu mərhələsindəki son aktiv əməliyyatların perspektivsiz olduğunu anlayıblar”.