Sülhməramlıların növbəti təxribatı: "Səbrin də bir həddi-hüdudu var"

23-04-2022, 22:34           
Sülhməramlıların növbəti təxribatı:
Rus sülhməramlıları Qarabağda ermənilərə humanitar yardım paylayıb.

Qarabağda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingenti, “Mersi” xeyriyyə təşkilatları assosiasiyası ilə birlikdə Pirlər və Fərrux kəndlərini tərk edən ermənilər üçün humanitar aksiya keçirib. Qaçqın düşərgəsində məskunlaşan ermənilərə mətbəx ləvazimatları, ayaqqabılar, paltarlar, həmçinin uşaq yeməkləri və oyuncaqlar paylanıb.

Qeyd edək ki, rus sülhməramlılarının sözügedən növbəti özbaşınalığı cəmiyyətimizdə qıcıq hissi ilə qarşılanıb.

Ümumiyyətlə, Rusiya sülhməramlı kontingenti Qarabağa gəldikləri gündən etibarən ermənipərəst mövqedə olduqlarını hər fürsətdə göstərirlər. Əslində sülh yaratmaq üçün gəldiklərini iddia edənlər açıq-aşkar ikili standartlar nümayiş etdirməkdən əl çəkmirlər. Hətta artıq onların bu hədsizlikləri davamlı xarakter alaraq, tez-tez yenilənir.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, bu, heç də təəccüblü addım deyil:

"Bir ildən artıqdır ki, rusiyalı hərbçilərin sülhməramlı missiyadan başqa istənilən iş ilə məşğul olduqlarını görürük. Onlar ancaq ermənilərə dəstək verməklə məşğuldurlar.

Təbii ki, onun da fərqindədirlər ki, bu, Azərbaycan cəmiyyətində çox ciddi qıcıq doğurur. Üstəlik, bu proses Azərbaycan və Rusiya arasında çox yaxın tarixdə (22 fevralda) strateji tərəfdaşlıq müqaviləsi imzalanan dönəmdə baş verir. Amma müqavilədə konkret bəndlər var ki, ölkələr öz ərazilərində olan separatçı qurumların qarşının alınması və terrorçulara qarşı mübarizədə birgə fəaliyyət göstərməlidirlər.

Bütün bunların fonunda isə sülhməramlı adlandırılan rus hərbçiləri Rusiyanın siyasi rəhbərliyindən birbaşa göstəriş alaraq Azərbaycan ərazisində məskunlaşmış separatçılara bu və ya digər formada dəstək verməklə məşğuldurlar. Onlar, bu addımları atmaqla Azərbaycan dövlətinin və xalqının çox ciddi narazılığına səbəb olurlar".

Partiya sədri qeyd edib ki, əslində bunlar sülhməramlı adlandırılan rus hərbçilərinin Azərbaycan ərazisindəki mövcudluqlarını qısaltmağa yönəlik addımlardır:

"Artıq Azərbaycan ictimaiyyətində də rus hərbçilərinin qısa müddət ərzində ərazilərimizi tərk etməli olduğu fikri formalaşıb. Regionda baş verən proseslər onların 5 ildən daha tez bir zamanda ərazilərimizi tərk etmələrinə səbəb ola bilər.

Hesab edirəm ki, rəsmi Bakı Rusiya siyasi rəhbərliyinin üzərinə bir qədər də ciddi olaraq getməli və bu məsələlərlə bağlı iradlar bildirilməlidir. Çünki 10 noyabr üçtərəfli Bəyanatın bəndləri elə ilk gündən çox ciddi surətdə pozulub".

Arzuxab Əlizadə deyib ki, əgər rus hərbçiləri sülhməramlı missiya həyata keçirirlərsə, eyni mövqeyi Azərbaycanın həmin ərazilərdən qaçqın düşmüş və bu gün də öz dədə-baba yurdlarına qayıtmaq imkanlarından məhrum olan vətəndaşlarına qarşı da nümayiş etdirməlidirlər:

"Vaxtilə Xankəndidən 12 minə yaxın soydaşımız qaçqın düşüb, eləcə də Xocalı və Xocavənddən didərgin düşən vətəndaşlarımız var. Niyə onlara qarşı həmin missiya və humanitar mövqe nümayiş etdirilmir? Görünən konkret olaraq ondan ibarətdir ki, bunlar yalnız erməni tərəfinə dəstək vermək və separatçı qurumu möhkəmləndirmək cəhdlərilə məşğuldurlar. Lakin bunun da qarşısı alınmalıdır.

Azərbaycan öz imzaladığı sənədlərə sadiqdir və onların ərazilərimizdə müvəqqəti yerləşməsinə razılıq verib. Amma səbrin də bir həddi-hüdudu var. Azərbaycan Ordusu Fərrux və digər yüksəkliklərə yerləşərək, erməni hərbi birləşmələrini ərazilərdən çıxardığı kimi həmin addımlar digər ərazilərlə bağlı da atılacaq. Hesab edirəm ki, elə sülhməramlı adlandırılan rus hərbçiləri özləri buna zəmin hazırlayırlar".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.