“Bu miqyasda aksiyaları heç İran rejimi özü təşkil edə bilməz, nəinki xarici qüvvələr”

27-09-2022, 00:17           
“Bu miqyasda aksiyaları heç İran rejimi özü təşkil edə bilməz, nəinki xarici qüvvələr”
Əhməd Obalı: “Etriazların səbəbi odur ki, nə siyasi azadlıqlar, nə söz azadlığı, nə də sosial rifah var”

İranda hicab qaydalarını pozduğuna görə əxlaq polisi tərəfindən saxlanılan Məhsa Əmininin öldürülməsinə etiraz olaraq başlayan aksiyalar bir həftədir davam edir. Etirazlar İranın demək olar ki, bütün vilayət və şəhərlərinə yayılıb. 130-dan artıq şəhərdə keçirilən aksiyalarda hüquq-mühafizə orqanları ilə etirazçılar arasında toqquşmalar baş verməkdədir.

Qarşıdurmalarda onlarla ölənin, yüzlərlə yaralananın olduğu haqda məlumatlar var. İran hakimiyyətinin internetə məhdudiyyət qoyması səbəbindən ölkə daxilindən məlumat almaq o qədər də asan deyil. Amma mənbələr bildirirlər ki, ölkədə böyük qarşıdurmalar yaşanır ki, bunun vətəndaş müharibəsinə çevriləcəyi ehtimalı istisna deyil.
ABŞ-da yaşayan Güney Azərbaycandan olan siyasi mühacir, “Günaz” TV-nin qurucusu Əhməd Obalı proseslərlə bağlı AYNA-nın suallarını cavablandırıb. Onun sözlərinə görə, İranda sosial vəziyyətin ağırlığı, insanlara basqılar, azadlıqların olmaması, gələcəyə ümidlərin azalması etirazların vüsət alacağının anonsu idi:

- Gözlənilirdi ki, ciddi etirazlar baş verəcək. Sadəcə dəqiq zamanı və etirazların qığılcımının nə olacağı bəlli deyildi. Təxminən 2 ay əvvəl ictimai rəy sorğusu keçirilmişdi. Əhaliyə sual belə idi: etirazlar olarsa, küçələrə çıxacaqsınızmı? Təsəvvür edin ki, əhalinin 70 faizə qədəri “hə” cavabı vermişdi. İranda ən ağır vəziyyət olanda belə, sorğularda iştirak edənlərin 35-40 faizi “bəli” deyirdisə, bu dəfə 70 faiz etirazlara qatılacağını söyləmişdi. Bəlli idi ki, insanlar rejimin siyasətindən boğaza yığılıb. Etirazların dərinləşəcəyini və genişlənəcəyini bu sorğu əvvəlcədən proqnozlaşdırırdı. Məhsa Əmini hadisəsi sadəcə bir qığılcım oldu.

- Tehran rejimi bu aksiyaların xarici qüvvələr tərəfindən təşkil edildiyini bildirir. Bu, nə qədər həqiqətəuyğundur?

- İran rejimi hər zaman yalan informasiyalarla manipulyasiya edib, indi də bununla məşğuldur. Etirazçıların davranışı ilə bağlı da düzgün olmayan məlumatlar yayırlar. Məsələn, xüsusi təyinatlıları insanların üzərinə yeridir, buna qarşı hansısa küt alətdən istifadə edən etirazçını “hüquq-mühafizə qüvvəsinə silah işlətdi” kimi təqdim edir. Belə hadisələr var, müəyyən yerlərdə yanğınlar var. Amma bu, bir-iki faktdır, hansı ki, İran rejimi bunun kütləvi olduğunu bildirir. Əslində isə etirazçılar tamamilə silahsızdır.

Xarici qüvvələrin təşkilinə gəlincə, təsəvvür edin ki, İranın 130-a qədər şəhərində etirazlar keçirilir. Belə miqyaslı və dərin etiraz aksiyalarını heç bir xarici qüvvə təşkil edə bilməz. Tehran rejiminin iddiaları hər zamankı kimi absurddur. Daxili narazılığı, insanlara basqını, sosial vəziyyətin ağırlığını görməyən, görüb, amma susan rejimin belə açıqlaması normaldır. İran rejimi deməyəcək ki, bizə xalq etiraz edir. Ona görə də xarici qüvvələrin üzərinə atması anlaşılandır. Lakin yenə deyirəm, bu qədər genişlikdə aksiyanı xarici qüvvələrin təşkil etməsi inandırıcı deyil. İran hökumətinin özü bəzən tərif aksiyaları, mitinqləri keçirirdi, rejimə “sədaqəti” nümayiş etdirmək istəyirdi. Amma meydanlara bu qədər insan çıxara bilmirdi. Demək istəyirəm ki, rejimin özü də belə böyük mitinqlər təşkil edə bilməz, nəinki xarici qüvvə təşkil etsin.

- Aksiyalar xaotik şəkildə keçirilir, hansısa bir lider görünmür. Lidersiz etirazların hansı effekti ola bilər?

- Həqiqətən də, bu aksiyaların lideri, rəhbəri yoxdur. Çünki millətin özü ayağa qalxdı, kimsə onları qaldırmadı. Səbəb də odur ki, yenə deyirəm, nə siyasi azadlıq var, nə söz azadlığı var, nə sosial vəziyyət yaxşıdır. İnsanlar təbii ehtiyaclarını ödəməkdə, məişət şəraitini yaxşılaşdırmaqda çox çətinlik çəkirlər. Qadınlar zülm altındadırlar. Bu narazılıq dalğası bir gündə yaranmayıb, illərdir yığılan problemlərin yaratdığı enerjinin fontan vurmasıdır. Necə deyərlər, spontan baş verən hadisələrdir. Millətin lidersiz etiraza qalxmasının şahidiyik. Əlbəttə, ya millətin içərisindən kimsə çıxıb liderlik təşəbbüsünü götürəcək, ya da xaricdə yaşayan mücahidlərdən kimlərsə hansısa komitə formasında yaranacaq, proseslərə təsir edəcək. Bu gün isə öndə siyasilər yox, millətdir. Siyasilər millətin arxasındadır, qabağında deyil.

- Beynəlxalq aləmin İrandakı proseslərə münasibəti birmənalı deyil. Xarici aləm İranın dağılmasını, yoxsa hazırkı rejimin davam etməsini dəstəkləyir?

- Proseslər yeni başlayıb. Aksiyaların yönü hələlik bəlli deyil. Rejim yıxılacaqmı, yoxsa etirazlar durdurulacaqmı - bu suallar açıq qalır. Xarici qüvvələr baş verənləri izləmə mövqeyindədirlər. Onlar da sonunu gözləyirlər ki, nə baş verəcək. İran rejiminə dəyən ziyan artıq dəymiş oldu. Rejim aksiyaları yatıra bilər, amma hakimiyyətin kökünün nə qədər zəif olduğu ortaya çıxdı. Dünyada bundan İrana qarşı siyasi baxımdan istifadə ediləcəyini gözləmək olar. Sivil dünya millətinə bu qədər zülm etmiş İran rejimi ilə əvvəlki kimi əlaqədə olmayacaq. Hər zaman ortada bir məsələ qalacaq: bu rejim getməlidir. Gec, ya tez, bu, baş verəcək.

- İranda vətəndaş müharibəsi gözləniləndirmi?

- İnsanlar beziblər. Bu baxımdan, hər yola əl atıla bilər. Rejim ya gərək siyasətini dəyişə, sosial vəziyyəti yaxşılaşdıra, real addımlar ata, ya da ki, məsələ daha da böyüyəcək. İstisna etmirəm ki, gərginliklər vətəndaş müharibəsinə çevrilsin. Tehran rejimi gərək papağını qarşısına qoyub fikirləşsin. Vətəndaş müharibəsinin baş verməməsini istəyirsə, rejim getməlidir.

- Sizcə, Tehran rejimi siyasətini dəyişəcəkmi?

- Bir xatırlatma edim: SSRİ dağılmamışdan cəmi 5 il əvvəl Qorbaçov siyasətinin dəyişdiyini elan etdi, islahat həyata keçirəcəyini dedi. Hətta bu istiqamətdə müəyyəna addımlar da atdı. Amma faydası olmadı. Çünki diktatura rejimləri və ideoloji dövlətlər öz içərisində islahat apara bilmir. Çünki belə rejimlərin öz daxillərində məhdudiyyət siyasəti hökm sürür. O məhdudiyyətlər dağılmasa, millət razı qalmayacaq. İran rejimi milləti razı sala bilməz.

- Güney Azərbaycan türkləri bu proseslərdə necə iştirak edirlər?

- Düzdür, aksiyalar milli məsələ ilə başlamayıb. Təkcə Azərbaycanın şəhər və vilayətlərində yox, İranın bütün regionlarında rejimə etiraz edilir. Amma azərbaycanlılar da bu aksiyalarda öz məsələlərini qaldırırlar, öz şüarlarını səsləndirirlər. “Azadlıq, ədalət, milli hökumət” şüarı ilə etiraz dalğasına qoşulan soydaşlarımız mücadilələrini aparırlar.

Müəllif: Anar Bayramoğlu




Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.