Prezident İlham Əliyev Belarusun baş nazirinin müavinini qəbul edib

19-05-2016, 15:07           

Azərbaycan Respublikasının prezidentiİlham Əliyev mayın 19-da Belarus Respublikası baş nazirinin müavini Mixail Rusıyı qəbul edib.

teref.az AZƏRTAC-a istinadən bildirir ki, Bakıda keçirilən "Caspian Agro-2016" Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisindən danışan dövlətimizin başçısı Belarusun bu sərgidə həmişəki kimi uğurla təmsil olunacağına, öz potensial və imkanlarını layiqli şəkildə nümayiş etdirəcəyinə əminliyini ifadə etdi. Ölkəmizdə kənd təsərrüfatının fəal inkişaf etdiyini vurğulayan prezident İlham Əliyev Belarus tərəfinin sərgidə nümayiş etdirəcəyi məhsulların Azərbaycanın müvafiq qurumlarının marağına səbəb olacağına əminliyini bildirdi. Dövlətimizin başçısı ölkəmizdə kənd təsərrüfatının fəal şəkildə inkişaf etdirilməsi planları ilə əlaqədar olaraq bu sahədə istifadə edilən texnikaya tələbatın getdikcə artacağını vurğuladı. Qısa zaman ərzində ölkəmizin Belarus Respublikası ilə kənd təsərrüfatı sahəsində uğurlu layihə həyata keçirdiyini bildirən prezident İlham Əliyev birgə istehsal edilən məhsulların artıq ixrac olunduğunu dedi.

Ölkəsinin Azərbaycan ilə kənd təsərrüfatı sahəsində uğurlu əməkdaşlıq etdiyini bildirən Belarus Respublikası baş nazirinin müavini Mixail Rusıy Bakıya səfərinin iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrinə dair məsələləri müzakirə etmək üçün yaxşı fürsət yaratdığını vurğuladı. Ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində çox işlərin görüldüyünü deyən Mixail Rusıy "Caspian Agro-2016" sərgisində təkcə Belarus istehsalı olan texnikanın deyil, eləcə də Belarus-Azərbaycan birgə məhsullarının nümayiş etdirildiyini məmnunluqla qeyd etdi. Belarus Respublikası baş nazirinin müavini Azərbaycanın kənd təsərrüfatı sahəsində qarşıya qoyduğu məqsədlərlə yaxından tanış olduğunu dedi. Mixail Rusıy bildirdi ki, Azərbaycan hökuməti qarşısına ölkə əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək və ixraca nail olmaq kimi çox vacib məqsədlər qoyub. Prezident İlham Əliyevin dəstəyi ilə bu il ölkəmizin müəssisələrində 2 min traktor istehsal olunacağını deyən Belarus baş nazirinin müavini nəticədə Azərbaycanda kənd təsərrüfatı maşınqayırması kimi tam bir sənaye sahəsinin yaradılmasının önəmini qeyd etdi. Birgə istehsal olunan texnikanın üçüncü ölkələrə ixracı üçün Azərbaycanın yaxşı tərəfdaş olduğunu deyən Mixail Rusıy məhsulların artıq Gürcüstana ixracına başlanıldığını vurğuladı, gələcəkdə istehsal templərinin artacağına əminliyini bildirdi.

Görüşdə müxtəlif sahələrdə əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.