İlham Əliyev Gömrük Komitəsinə xüsusi səlahiyyətlər verdi - rəsmi
22-05-2016, 02:44
Azərbaycan Prezidenti İlham Əliyev “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Fərmanla Dövlət Gömrük Komitəsinə yeni səlahiyyət verilib.
Belə ki, axtarışda olan, barəsində tutulma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən, barəsində qətimkan tədbiri seçilən şəxslər haqqında məlumatların “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və nəqliyyat vasitələrini və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan malları Azərbaycan ərazisinə müvəqqəti gətirən və ya bu ərazidən müvəqqəti aparan fiziki şəxslər, onların nəqliyyat vasitələri və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan malları haqqında məlumatların “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi səlahiyyəti Gömrük Komitəsinə verilib.
Altsistem vasitəsilə gömrük qanunvericiliyi ilə müəyyən olunmuş qaydada nəqliyyat vasitələrini və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan malları Azərbaycan ərazisinə müvəqqəti gətirən və ya bu ərazidən müvəqqəti aparan fiziki şəxslər barədə məlumatlar “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”na daxil edilir. Bundan sonra isə aparılması məcburi olan əvvəllər gətirilmiş nəqliyyat vasitələrinin və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına görə inzibati xəta haqqında iş üzrə icraata gömrük orqanları tərəfindən başlanılması üçün bu tələbləri pozan fiziki şəxsin sərhədkeçməsinə icazə verilməməsi, şəxsin sərhədkeçməsinə aidiyyəti dövlət orqanı tərəfindən nəzarətin təmin edilir.
“Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”na daxil edilməsi üçün əsaslar aradan qalxdıqda isə məlumatların aktiv statusu dəyişilir.