Əli Vilayəti Şah İsmayıl haqqında nə yazıb?

22-11-2022, 16:26           
Əli Vilayəti Şah İsmayıl haqqında nə yazıb?
İranın keçmiş xarici işlər naziri Əli Əkbər Vilayətinin İranın "mehrnews" saytında (agentlik) getmiş “Every Azeri is Iranian and every Iranian is Azeri” (Hər bir azəri iranlıdır və hər bir iranlı azəridir) adlı məqaləsində belə bir yer var. Bilmirəm ki, bu hissəni bizim media paylaşıb, ya yox. İstənilən halda diqqət edək. Özünü azərbaycanlı adlandıran Vilayəti yazır: “Şah İsmayılın Təbrizdə taxta çıxmasından sonra İran xalqı öz milli kimliyinin və istiqlaliyyətinin yenilənməzliyini və möhkəmlənməsini yaşadı. Öz sivilizasiyasının yeni tarixi mərhələsinə- parlaq dövrünə qədəm qoydu. Bu, Şah İsmayılın Təbrizə gəlişini nəzərə alsaq, İran tarixində əlamətdar hadisə idi, çünki yeni padşahın taxta çıxdıqdan sonra ilk gördüyü iş bütün ölkədə mübarək şiə inancını rəsmən dövlət inancı kimi tanımaq oldu.
İran tarixindəki bu əlamətdar dövrü araşdırarkən tarixin təəccüblü cəhətlərindən biri də güclü dini inancın ölkənin müxtəlif etnik qrupları arasındakı kəskin fikir ayrılıqlarını necə effektiv şəkildə aradan qaldırması və ölkənin bərpasına kömək etməsidir. Bütün İranda şiə dindarları tədricən öz siyasi, irqi və sinfi ön mühakimələrini bir kənara qoyub özlərini “iranlı” adlandırdılar və İran milli kimliyini dirçəltməyə cəhd etdilər.”
Özləri də etiraf edir ki, İranı İran edən Şah İsmayıl olub. Səfəvilər dövlətinin banisi və ilk şahı (1501-1524) müasir İran dövlətinin memarı sayılır. Amma onun yaratdığı ölkədə Şah İsmayılı Şah İsmayıl edən türk irqi düşmən hesab olunur, erməni isə dost kimi yuxarı başa keçirilir. Əlbəttə, bu münasibətin adekvat cavabı olacaq. Özü də tezliklə...
P.S Agentlik bildirir ki, Əli Vilayətinin bu məqaləsi İlham Əliyevin Türk Dövlətlərinin 9-cu zirvə görüşündə səsləndirdiyi məlum fikirlərə (Azərbaycandan kənarda yaşayan azərbaycanlıların problemləri ilə bağlı) cavab olaraq yazılıb...
Elbəyi Həsənli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.