“Ermənistan kimyəvi silahları qeyri-qanuni yollarla əldə edir”
25-05-2016, 14:34
Ekspert: "Ermənilər elə duruma düşmüşdülər ki, əllərinin altında nüvə bombası olsaydı, onu da atardılar”
Aprel ayında cəbhə xəttində yaşanan gərginlik sonrası düşmən tərəf təxribatlarından əl çəkməyərək, Azərbaycanın mülki əhalisinin daha sıx olduğu ərazilərinə "çirkli bomba”lar yağdırdı. Ermənistan rəsmiləri də nüvə silahlarının olduğunu açıq şəkildə etiraf edirlər.
Bu məsələyə İstanbulda keçirilən Dünya Humanitar Sammitində çıxışı zamanı prezident İlham Əliyev də toxunub. Ölkə başçısı bildirib ki, Ermənistanın parlament rəsmiləri, siyasətçiləri aprel ayında elan etdilər ki, ölkənin nüvə silahı - "çirkli bomba”sı var: "Buna beynəlxalq ictimaiyyət tərəfindən reaksiya verilməlidir. Ermənistanın nüvə təhdidi dayandırılmalıdır”.
Hərbi ekspert Üzeyir Cəfərov "Yeni Müsavat”a bildirib ki, adətən müharibə aparan tərəf çıxılmaz vəziyyətə düşdüyü zaman qadağan olunmuş silahlara əl atır: "Ölkə başçısı səsləndirdiyi fikrində haqlıdır. Həqiqətən də Ermənistan aprelin əvvəllərində düşdüyü çətin vəziyyətdən özünü xilas etmək üçün bir sıra addımlar atdı. Eyni zamanda onlar qadağan olunmuş silahlardan da istifadə etdilər. Təkcə qadağan olunmuş mərmilər deyil, ”çirkli bomba"lardan da istifadə etdilər. Bütün bunların bir məqsədi var ki, ermənilər əhalimiz arasında panika yaratmaq istəyirdilər ki, buna da nail olmadılar. Ermənistan elə bir dövlətdir ki, onlar heç bir beynəlxalq hüquq və normaları tanımırlar. Həmin faktlar Azərbaycanda akkreditə olunmuş səfirliklərin hərbi attaşelərinə çatdırılır. Hərbi attaşelər də öz növbəsində təmsil olunduqları ölkələrin müvafiq qurumlarına bu haqda arayış təqdim edirlər. Bu məqamda beynəlxalq qurumlar hərəkətə gəlməlidirlər. Elə etməlidirlər ki, həmin silahların yoxlanılması ilə bağlı Ermənistanda müəyyən iş aparılsın. Bu iş aparıldıqdan sonra biz konkret fikir bildirə bilərik ki, ermənilərin hansı qadağan olunmuş silahları var. Ermənistan indiyə qədər əksər yoxlamalardan kənarda qalıb. Orada normal şəkildə hansısa bir yoxlama aparılmayıb ki, ölkənin bəyan etdiyi silahlarla, real silahları arasında hansı uyğunsuzluqların olduğu bilinsin".
Ekspert bildirib ki, Ermənistan bu kimi silahları qeyri-qanuni yollarla əldə edir: "Bu silahları da məhz işğal olunmuş ərazilərdə istifadə edib, orada da gizlədirlər. Bu baxımdan, münaqişə nə qədər tez öz həllini taparsa, bir o qədər yaxşı olacaq. Yoxsa bədnam qonşularımız həmin silahları gətirib işğal olunmuş torpaqlarımızda saxlaya bilərlər və təkcə Azərbaycana qarşı deyil, o cümlədən Gürcüstana, Türkiyəyə qarşı da istifadə edərlər. Gürcüstanın adını ona görə çəkirəm ki, onlarla ruslar arasında müəyyən anlaşılmazlıqlar var. Ruslar bu məsələdə də Ermənistandan istifadə edə bilərlər. Beynəlxalq konvensiyaların tələbləri artıq Ermənistan tərəfindən pozulub. Azərbaycan bunu sənədlərlə sübut edib. İndi isə beynəlxalq qurumlar buna reaksiya verməlidirlər. Çox maraqlıdır ki, bir dəfə də olsun ATƏT-in Minsk Qrupu bununla bağlı heç bir reaksiya bildirməyib”.
musavat.com