“Rusiya pensiyaçılar üçün nəzərdə tutulan pulla büdcədə boşluqlar açır”
29-12-2022, 00:13

“Oktyabr ayından başlayaraq Rusiya büdcəsini doldurmaq üçün hər ay Milli Rifah Fondundan 4-5 milyard dollar çıxarır. Səbəb isə sanksiyaların ölkə iqtisadiyyatının yaratdığı maliyyə gərginliyidir”.
Bu barədə Ukraynanın iqtisadiyyat naziri Yuliya Svyridenko məlumat verib.
O qeyd edib ki, 2022-ci ildə Rusiyanın ÜDM-nin 4,5-5% azalması onun iqtisadiyyatını çökdürmək üçün yetərli olmamasına baxmayaraq, Milli Rifah Fondundan vəsaitlərin çıxarılması sanksiyaların effektivliyindən xəbər verir.
“Sanksiyalar yumşaq vasitədir… Lakin biz artıq açıq-aydın terrorçu dövlətin maliyyə gərginliyinin əlamətlərini görürük”, – deyə o, əlavə edib.
Eyni zamanda Yuliya Svyridenko bunun bir sıra amillərlə sübut olunduğunu vurğulayıb:
– büdcənin xeyrinə Milli Rifah Fondundan vəsaitlərin çıxarılması;
– xüsusi vergi yolu ilə Qazpromdan 20 milyard dollar çıxarılması;
– bazarda planlaşdırılmamış vəsaitlərin cəlb edilməsi.
Ümumilikdə, Svyridenko qeyd edib ki, Rusiya iqtisadiyyatı 2023-cü ildə 5,6% azalacaq.
“Ona vurulan ən böyük zərbələrdən biri neft və qaz ixracından əldə olunan gəlirin çökməsi olmalıdır. Xüsusilə, Rusiya Federasiyasının gəlirlərinin hər rüb üçün kritik həddən – 40 milyard dollardan aşağı düşəcəyi gözlənilir.
Ümid edirik ki, bu cür tədbirlər Ukraynaya və ya digər dövlətlərə qarşı təcavüzün həyata keçirilməsini qeyri-mümkün edəcək və ya xeyli çətinləşdirəcək”, – deyə nazir yekunlaşdırıb.
Məlumat üçün bildirək ki, Milli Rifah Fondu Rusiyanın dövlət ehtiyat fondudur. Rusiya Federasiyası vətəndaşlarının könüllü pensiya yığımlarının birgə maliyyələşdirilməsi üçün nəzərdə tutulmuşdur.
Qeyd edək ki, Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina Rusiya Federasiyasının iqtisadiyyatının dibinə çatıb-çatmaması sualına cavab verməkdən imtina edib .