Diplomatiyamız fəallaşmalıdır - Səfirliklərimiz aktiv mübaizə aparmalıdırlar...
29-12-2022, 09:24

Ermənistanın Yunanıstan, Yunan Kipri və Albaniyadakı səfirinin çalışdığı birinci ölkənin yerli mətbuatında Azərbaycan əleyhinə geniş məqaləsini erməni saytlarından birində oxudum, yalan və iftira üzərində qurulmuş yazı idi.
Ancaq bunun iftira və yalan olduğunu biz bilirirk, “məqaləni” oxuyanlar fərqli fikirdə olacaqlar. Son aylarda Azərbaycanın Qərb ölkələrindəki səfirlərindən hər hansı birinin çalışdığı ölkənin mətbuatında Azərbaycan həqiqətlərini əks etdirən məqaləsini xatırlamıram.
Halbuki, Laçın yolunda aksiyamızla bağlı qarşı tərəf bizə qarşı informasiya savaşını genişləndirib.
Bircə Fransaya yeni təyin olunan səfir Leyla Abdullayeva çalışdığı ölkənin rəsmiləri, deputatları və siyasətçiləri ilə mübarizə aparır, fikirlərini səhifəsində paylaşır.
Leyla Abdullayeva keçmişdə Xarici İşlər Nazirliyinin mətbuat katibi olduğundan onun dezinformasiya şəbəkəsi ilə mübarizə təcrübəsi var. Təəssüf ki, eyni sözləri Qərb ölkələrindəki digər səfirlərimiz barədə söyləmək çətindir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarıyla bağlı keçirdiyi mətbuat konfransında Azərbaycanın diplomatik təmsilçiliklərinin 89-a çatdığını bildirdi.
Təqdirolunası haldır, sadəcə işin keyfiyyətinin artırılmasına ehtiyac var. Fikrimcə, səfirlərimiz qarşısında konkret hədəflər qoyulmalıdır.
Misal üçün hər səfirimiz hər həftə neçə yerli deputat, ictimaiyyətdə tanınan jurnalist və ictimaiyyət nümayəndəsiylə görüşdüyü, fikir mübadiləsi aparması, o cümlədən nə qədər məqaləsi yayımladığı barədə Bakıya hesabat göndərməlidir.
Elxan Şahinoğlu
Teref.az