“Ənvər Paşa Türkiyə ilə Azərbaycanın fiziki olaraq birləşməsini arzulayırdı”
31-12-2022, 12:15

ABŞ-ın “Time” jurnali ermənilərlə bağlı palaz boyda bir məqalə təqdim edib. Erməni əsilli SIMON MAGHAKYAN-ın qələmə aldığı məqalədə hər şey, yəni bütün tarixi faktlar ermənilərin xeyrinə saxtalaşdırılıb. Təəccüblü deyil. Qərbin ortada olan stereotiplərinə görə türklər 1.5 milyon ermənini kefdən qırıb, ona görə də ermənilər müdafiə olunmalıdır. Türkləri isə davamlı şəkildə ittiham etmək lazımdır ki, basqı altında olsunlar. Yəni Qərbin bəlli ideoloji klişeləri var...
Sözügedən məqalədə Ənvər Paşa erməni soyqırımının memarlarından biri kimi təqdim olunur. Deyilir ki, Ənvər Paşanın ən böyük arzusu Türkiyə ilə Azərbaycanın müştərək quru sərhədlərinin olması idi. Ənvər Paşa həmçinin fiziki olaraq Türkiyə ilə Azərbaycanın birləşməsini arzulayırdı. Onun arzusu həyata keçmədi. Ancaq bu ideya aradan çıxmadı da.
Erməni müəllif yazır ki, 2022-ci il sentyabrın ortalarında İlham Əliyevin hərbi birləşmələri Ermənistanın şərqində onlarla şəhəri atəşə tutub və işğal prosesində çoxsaylı vəhşiliklərə dair sübutlar var. Məqsəd nə idi? Ermənistan ərazisindən keçən suveren dəhliz Türkiyə ilə Azərbaycanın davamlı quru əlaqə ilə təmin etməliydi.
Bakıda keçirilən hərbi paradda çıxış edən Tayyib Ərdoğanın “Ənvar Paşanın ruhu indi şaddır”, deməsi də erməni müəllifin xoşuna gəlməyib...
SIMON MAGHAKYAN dolayısı ilə Qərbi Türk Dünyasında gedən inteqrasiya prosesi ilə qorxudur. Və vurğulayır ki, məhz Ermənistanın Azərbaycana dəhliz verməməsi türk dövlətləri arasında quru əlaqəsinin yaranmasına imkan vermir. Yəni Ermənistanın qədrini bilin. Ermənistan Qərb üçün bu boyda iş görür...
Elbəyi Həsənli
Teref.az