Molla rejimi din adı altında Cənubi azərbaycanlılardan dəhşətli qisasa başlayıb...
10-01-2023, 00:12

Dəyanət Osmanlı: “Azərbaycan xalqının müqavimətini, mübarizə əzmini qıra bilməyən mollalar müxtəlif adlar altında qisasçılıq siyasəti yürüdürlər”
img
Güney Azərbaycandakı soydaşlarımız milli haqlarının təmin edilməsi üçün mücadilələr verir. Molla rejiminə qarşı keçən ilin sentyabrından başlanan etiraz aksiyaları hələ də davam edir və təəssüflər olsun ki, mollalar soydaşlarımıza amansız divan tutur.
Təəssüflər olsun ki, hazırda onlarla azərbaycanlı fəal molla rejimi tərəfindən həbs edilərək həbsxanalara salınıb və orada amansız işgəncələrə məruz qalırlar. Etiraz aksiyaları başlayandan indiyə qədər gənc azərbaycanlı fəallar Tehran rejimi tərəfindən edam edilib və soydaşlarımız uzun müddətdir ki, “Edamlara yox” şüarı ilə molla rejiminə qarşı etiraz səslərini ucaldırlar. Son günlər də baş verən edamlar həqiqətən də rejimin xalqımıza qarşı münasibətini ortaya qoyur. Etiraz dalğası genişləndikcə və daha çox Azərbaycan kəndlərini, şəhərlərini əhatə etdikcə molla rejimi daha sərt üsullara əl atır. Milli fəallar həbs edilir, barələrində ölüm hökmü çıxarılır. Onu da qeyd edək ki, həbs edilənlər, ağır işgəncələrə məhkum edilənlər arasında qadınlar da az deyil.
Getdikcə molla rejiminin cəza əməliyyatlarının azərbaycanlılardan qisas formasına keçidi artır. Bu cəzalar təkcə siyasi opponentlərə qarşı çevirmiş cəza kimi görsənmir. Artıq molla rejimi fürsətdən istifadə edib etnik-milli zəmində Azərbaycan türklərindən qisas almağa başlayıb. Molla rejiminin siyasi rəqiblərinə qarşı mübarizəsi azərbaycanlılardan milli etnik zəmində qisas alma siyasətinə çevrilir. Son zamanlar edam olunanlar arasında azərbaycanlı gənclərin sayının artması, azərbaycanlılar yaşayan bölgədə İranın molla rejiminin aqressivliyinin yüksələn xətt üzrə getməsi buna misaldır.
“Molla rejiminin ən böyük qorxusu Güney Azərbaycanda milli hökumətin qurulmasıdır, odur ki, belə qaniçənlik edir”
“Türk Dünyası İnfo” İctimai Birliyinin sədri Dəyanət Osmanlı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, molla rejiminin soydaşlarımıza qarşı tutduğu mövqe çox sərtdir və qisasçılıq həddindədir. D.Osmanlının sözlərinə görə, mollakratiya başbilənlərinin siyasi rəqiblərinə qarşı mübarizəsi qeyri-sağlamdır və onlar bu antiinsani davranışları ilə soydaşlarımızı hədəfə alıblar. D.Osmanlı qeyd edir ki, rejimin bu davranışının getdikcə daha da amansız olacağı gözlənilməz deyildi. Bunun konkret səbəbi olduğunu deyən D.Osmanlı hesab edir ki, fars şovinstləri azərbaycanlıların ayaqlanmasını, aktivləşməsini qətiyyən istəmir, bu səbəbdən də hər addımbaşı öz qisasçılıq niyyətlərini ortaya qoyurlar: “Molla rejiminin soydaşlarımıza qarşı həyata keçirdiyi həbs, repressiya və digər məşəqqətli aktların kökündə türklərdən qisas almaq məqsədi dayanır. Azərbaycan türklərinin sayı farsların, eləcə də digər xalqların sayından qat-qat çoxdur. Amma təəssüf ki, orada Azərbaycan türkcəsində təhsilə qadağa qoyulub, soydaşlarımızın milli haqları tanınmır. Fars şovinistlərinin uzun illərdir Azərbaycan türklərinə qarşı apardığı assimliyasiya siyasəti, dilimizi, mədəniyyətimizi, ana dilimizi inkar etmək cəhdləri, əlbəttə, heç bir nəticə vermir. Soydaşlarımızı öz milli kimliyindən, kökündən qoparmaq mümkünsüzdür. Bu gün Güney Azərbaycan türkləri öz dilinə, mədəniyyətinə, milli kimliyinə və milli mübarizəsinə bağlıdır və o bağı heç bir repressiya, zorakılıq yolu ilə qoparmaq mümkün deyil. Soydaşlarımız ayağa qalxıb və öz milli haqlarını tələb edirlər. Molla rejimi isə onların mübarizəsini qanla yatırmaq istəyir, amma nə qədər həbslər etsə də, edam fərmanlarına qol çəksə də heç nəyə nail ola bilmir”.
D.Osmanlı qeyd etdi ki, Tehran rejiminin məqsədi hazırda İran adlanan ölkəni türksüzləşdirməkdir. Azərbaycan türklərinin tarixi, mədəni irsinin hər addımbaşı dağıdıldığını, dağıdıla bilməyənlərin isə farslaşdırıldığını deyən D.Osmanlının sözlərinə görə, mollalar bizim izlərimizi silmək istəyirlər: “Molla rejiminin ən böyük qorxusu Güney Azərbaycanda milli hökumətin qurulmasıdır, odur ki, belə qaniçənlik edir. Soydaşlarımıza həm Azərbaycan dövləti, həm də dünya azərbaycanlıları tərəfindən ciddi mənəvi dəstək var. Biz onları meydanda tək qoyası deyilik ki. Molla rejimi narahat olur ki, azərbaycanlılar mübarizəni sona qədər aparıb Milli Hökumət quracaqlar. Bu da o deməkdir ki, fars-molla rejiminin uzun illər yürütdüyü siyasət tamamilə iflasa uğrayacaq, necə ki, uğrayır. Odur ki, molla hakimiyyəti siyasi rəqiblərinə qarşı mübarizədə əsas hədəf kimi soydaşlarımızdan qisas almağı seçib. Molla rejimi öz hakimiyyətini itirməmək üçün mümkün qədər daha çox soydaşımızın qanını axıtmaq istəyir. Əlbəttə, bu, Tehran rejiminin Azərbaycan türklərinə qarşı bəslədiyi nifrət hissindən irəli gəlir. Azərbaycanlıların günü-gündən özünü daha geniş şəkildə göstərən mübarizə əzmi mollaları qorxudur”.
D.Osmanlı hesab edir ki, mollaların soydaşlarımıza qarşı apardığı zülm siyasəti ermənilərin yürütdüyü siyasətə bənzəyir və onların davranışı bir-birinə oxşayır. Ermənipərəst molla rejiminin soydaşlarımıza qarşı qisasçılıq hissinin alovlanması həm də onların ermənilərin təəssübünü çəkdiyini göstərir. Gənc azərbaycanlıları edam etdirən molla rejiminin bu davranışlarına dünya birliyinin biganə qalmalı olmadığını deyən müsahibimizin sözlərinə görə, rəsmi Tehran dünyada qınanmalıdır. “Rejim açıq bəyan etmir ki, azərbaycanlılar öz haqlarını tələb etdikləri üçün onlara qarşı sərt cəza tədbirləri görülür, soydaşlarımız müxtəlif bəhanələr gətirilərək həbs edilirlər və onların edamlarına qərar verilir. Bu da rəsmi Tehranın soydaşlarımıza bəslədiyi nifrət münasibətinin təzahürüdür. Çünki illərdir Azərbaycan xalqının müqavimətini, mübarizə əzmini qıra bilməyən mollalar müxtəlif adlar altında qisasçılıq siyasəti yürüdürlər”.
İradə SARIYEVA
bakixeber