Rusiya “Taxıl dəhlizi sazişi”ni blokladı
9-05-2023, 09:44

Rusiya “Taxıl dəhlizi sazişi” çərçivəsində daxil olan gəmi donanmasının qeydiyyatını və təftişini
bloklayıb.
Bu barədə Ukrayna İcmaların, Ərazilərin və İnfrastrukturun İnkişafı Nazirliyi məlumat verib.
“Rusiya Federasiyası bir daha faktiki olaraq “Taxıl dəhlizi sazişi”ni dayandırdı, daxil olan
gəmilərin qeydiyyata alınmasından və təftişindən imtina etdi. Bu yanaşma mövcud sazişin
şərtlərinə tamamilə ziddir”, – deyə məlumatda qeyd olunub.
Rusiya tərəfinin bu hərəkətləri komissiyanın prosedurlarına uyğun olaraq təftiş planının tərtib
edilməsini qeyri-mümkün edir. Komissiya prosedurları isə bütün iştirakçılar tərəfindən təftiş
planının həm çıxışda, həm də girişdə gündəlik razılaşdırılmasını nəzərdə tutur.
Beləliklə, mayın 8-dən etibarən Türkiyənin ərazi sularında 90 gəminin yoxlanılması nəzərdə
tutulur ki, onlardan 62-si yüklənən gəmilərdir. Həm daxil olan, həm də çıxan gəmi
donanmalarının təftişi bloklanıb. Ümumilikdə aprel ayında taxıl dəhlizi ilə Ukraynanın kənd
təsərrüfatı məhsullarının ixracı 3 milyon tona belə çatmayıb.
“Biz tərəfdaşların, BMT və Türkiyənin mövqeyini gözləyirik”, – deyə nazirlik vurğulayıb.
Xatırladaq ki, mayın 18-də Ukrayna taxılının Ukraynanın Qara dəniz limanlarının bir hissəsindən
dəniz yolu ilə ixracına icazə verən “Taxıl sazişi” başa çatır. Rusiya sazişin davam etdirilməsi
niyyətində deyil və BMT-dən öz gübrələrinin tədarükünə tətbiq edilən sanksiyaların aradan
qaldırılması üçün üstünlüklər tələb edir.
Qeyd edək ki, mayın 5-də BMT, Ukrayna, Türkiyə və Rusiya nümayəndələrinin görüşündə tərəflər
Qara Dəniz “Taxıl sazişi”ndə iştirak etmək üçün yeni gəmilərə icazələrin verilməsi ilə bağlı
razılığa gələ bilməyiblər. Müzakirələrin bu həftə davam etdirilməsi nəzərdə tutulub.