Medvedyevin düşüncəsindəki kapitulyasiya: Deyir, ancaq özü də inanmır

11-08-2023, 18:13           
Medvedyevin düşüncəsindəki kapitulyasiya: Deyir, ancaq özü də inanmır
Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş prezident Dmitri Medvedyev yenə diqqət mərkəzinə düşüb.

O, Ukraynaya kapitulyasiya təklif edib: “Ukraynanın sülhə apara bilən kapitulyasiyaya ehtiyacı var. Amma nə Vaşinqton, nə də Kiyev bunu istəyir. Ukraynanın əks-hücumu nəticəsində minlərlə insan qırğına göndərilir”. Qeyd edək ki, 1,5 ildən artıqdır davam edən müharibədə rəsmi Moskvanın məhz indi belə bir təklif verməsi birmənalı qarşılanmır. Hətta Dmitri Medvedyevin sözlərinin ciddiliyi şübhə doğurub.

Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Cebhe.info-ya açıqlamasında bildirib ki, Dmitri Medvedyev ciddi şəxs deyil:

“O, Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini olmasına baxmayaraq deyir ki, Ukraynanın kapitulyasiyasına Vaşinqton və Kiyev razılaşmır. Adama deyərlər ki, hansı kapitulyasiyadan söhbət gedir? Sən Kiyevi, yoxsa digər əsas şəhərləri tutmusan? Bu adam hər dəfə bu cür qeyri-ciddi və hətta sərsəm bəyanatlar verir.

Medvedyev Ukraynanın kapitulyasiyaya ehtiyacı olduğunu deyir. Başa düşmürəm, Ukrayna bu qədər silaha və 54 ölkənin dəstəyinə rəğmən nə üçün kapitulyasiyaya imza atmalıdır? Ümumiyyətlə, Rusiya dövləti öz dediyi yalanlara inanır. Müharibədə Rusiyanın 250 min hərbçisi ölüb. Lap tutaq ki, Ukrayna bu rəqəmin 50 minini şişirdib. Hərçənd ki, belə bir şey mümkün deyil. Çünki Böyük Britaniya və ABŞ davamlı şəkildə bu rəqəmləri ictimailəşdirir. Deməli, Rusiya öz itkilərini Ukraynanın ayağına yazır”.

Ekspert qeyd edib ki, Medvedyev son dərəcə məsuliyyətsiz davranış sərgiləyir:

“Üstəlik, təkcə kənardan deyil, Rusiyanın öz içərisində də Medvedyevə ciddi yanaşmırlar. Artıq rus əsgərləri də onun açıqlamalarına ironiya və sarkazmla yanaşırlar. Görünür, Dimitri Medvedyevin prezident olduğu dönəmdən “ağzında şirə qalıb”. Unutmayaq ki, 2008-ci ildə Gürcüstanın Cənubi Ossetiya və Abxaziya ərazilərinin işğalı Medvedyevin dönəmində olub. Yəni onun özünün üzərində həm mənəvi, həm də hüquqi yük var.

Məncə, beynəlxalq axtarışa veriləcək şəxslərdən biri də bu adam olacaq. O, həm də öz “Telegram” kanalında ağzına gələni yazır. Yəqin ki, Medvedyev əsəbindən belə açıqlamalar verir. Ümumiyyətlə, onun bu cür açıqlamalar verməyi şəxsən mənim üçün təəccüblü deyil. O, Kiyevin tənəzzülündən danışır. Kiyev necə tənəzzülə uğrayıb ki, 54 dövlət onu görmür, sadəcə Medvedyev görür? Nəzərə almaq lazımdır ki, Ukraynaya davamlı şəkildə ən müsair silah-sursatlar çatdırılır. Onun yalan kampaniyasına uyaraq, belə açıqlamalar verməsi təəssüflə qarşılanır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.