İki qonşusu ilə üz-üzə qaldı – İranın ərazi iddiası gərginliyi alovlandırdı

12-08-2023, 08:54           
İki qonşusu ilə üz-üzə qaldı –
Küveyt, İran və Səudiyyə Ərəbistanı arasındakı neytral zonada yerləşən dəniz təbii qaz yatağını Küveyt “Durra”, İran isə “Araş” adlandırır.

Teleqraf.com xəbər verir ki, İran və Səudiyyə arasında dəniz sərhədi müəyyən edilsə də, İran və Küveyt arasında dəniz sərhədinin bəlli olmaması tərəflərin qaz yatağı məsələsində həll yoluna gəlməsinə maneədir.

Tehran Durra qaz yatağının 40 faizinin İranın ərazi sularında, 60 faizinin isə Küveyt və Səudiyyə arasında bölünmüş neytral zonada olduğunu iddia edir. Səudiyyə-Küveyt tandemi bütün qaz yatağının neytral ərazidə olduğunu və İranın bunun üzərində hüququ olmadığını bildirir.

On illərdir davam edən qaz yatağı mübahisəsi Küveyt və Səudiyyənin ötən həftə barışıq çağırışı və İranın Küveyt xarici işlər nazirini səfərə dəvət etməsi ilə yenidən gündəmə gəlib.

Küveyt İranla dəniz sərhədinin çəkilməsini gözləmədən iyulun 27-də Durrada fəaliyyətə başlayacağını açıqlayarkən, İran iyulun 3-də Küveytin dəniz sərhədinin müəyyən edilməsi çağırışına cavab verməyib.

İranın neft naziri Cavad Ovci iyulun 30-da bəyan edib ki, ölkəsi danışıqlara açıqdır, qaz yatağının istismarı ilə bağlı birgə hərəkət etməyə hazırdır. Avqustun 2-də Ovci Küveytlə təmasda olduqlarını, amma Küveytin əməkdaşlıq etmək istəmədiyi təqdirdə hüquqlarından əl çəkməyəcəklərini bildirib.

Avqustun 3-də Küveyt və Səudiyyə də bəyanat verib. İki ölkə qaz yatağının onların yeganə mülkiyyəti olduğunu vurğulayıb və İranla sərhədlərin müəyyən edilməsi çağırışını təkrarlayıblar.

Qarşılıqlı bəyanatlarla qaz yatağı ilə bağlı gərginlik getdikcə artdığı vaxtda Küveyt xarici işlər naziri Şeyx Səlim Abdullah əl-Cabir əs-Sabah ötən həftə İrana səfər etmək üçün rəsmi dəvət alıb.

Küveyt və Səudiyyə 2022-ci ilin martında qaz yatağının işlənməsinə dair saziş imzalamış, İran isə bu anlaşmanı qeyri-qanuni adlandırmış və bölgədə qazma işlərinə başlayacağını açıqlamışdı.

Küveyt və İran arasında Durra ilə bağlı mübahisə 1960-cı illərə gedib çıxır.

Küveyt 1967-ci ildə kəşf edilmiş yataqda “Royal Dutch Shell” şirkətinə kəşfiyyat və qazma səlahiyyəti verərkən, İran “Anglo-Iranian Oil Company”ə bu hüququ verib.

Küveyt və İran arasında münaqişə qaz yatağının şimal hissəsində iki ölkənin kəşfiyyat və qazma işləri üst-üstə düşdüyü zaman yaranıb.

Durradakı ehtiyatlar haqqında bu gün heç bir məlumat olmasa da, kəşf edildikdən sonra aparılan araşdırmalar yataqda təxminən 220 milyard kubmetr qaz olduğunu göstərir.

Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”ya bağlı “Aramco Gulf Operations” və Küveytin “Gulf Oil Company” şirkətləri 2022-ci ilin dekabrında Durra yatağının işlənməsi üçün anlaşma imzalayıb.

2022-ci ilin martında Səudiyyənin Energetika Nazirliyi və Küveytin Neft Nazirliyi Durranın istismarı ilə bağlı razılığa gəlib. Bu addım Səudiyyə və Küveytin qaz yatağının işlənilməsi və istismarı üzrə 2019-cu ilin dekabrında imzaladığı anlaşmaya əsaslanır.

Sərhədlərin çəkildiyi 1922-ci ildə imzalanan Ukayr müqaviləsinə görə, Səudiyyə və Küveyt iki ölkənin nəzarətində olan ortaq neytral zonanı bölüşür. Bölünmüş neytral zonada zəngin yeraltı sərvətlərin olması ilə bu sərvətlərin Səudiyyə və Küveyt arasında bərabər şəkildə bölüşdürülməsinə dair razılaşma əldə olunub.

Sözügedən bölgədəki Hafci və Vəfrə neft yataqlarından gündəlik hasil edilən təxminən 600 min barel neft iki ölkə arasında bərabər bölünür.

Durra qaz yatağı eyni bölgədə yerləşdiyi üçün buna dair iddialar birbaşa Səudiyyənin enerji maraqlarına təsir edir.

Küveyt və Səudiyyə qaz yatağında bütün hüquqlara sahib olduqlarını dəfələrlə bəyan etsə də, son vaxtlar Tehran və Ər-Riyadın yaxınlaşması üçün addımlar atılır. Bu yaxınlaşmanın qaz yatağı məsələsində necə əks olunacağı hələ də qaranlıq qalır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.