Sergey Lavrov: Yerevan və Bakı vəziyyəti nizamlayıb

24-09-2023, 10:54           
Sergey Lavrov: Yerevan və Bakı vəziyyəti nizamlayıb
Rusiyanın xarici işlər naziri Sergey Lavrov sentyabrın 23-də BMT-nin Baş Assambleyasında çıxışı zamanı bildirib ki, "Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasında etimadın möhkəmləndirilməsi tədbirlərinin vaxtı çatıb" və Moskvanın qoşunları buna kömək edəcək.

Lavrov Qərbi özünü iki ölkə arasında vasitəçi kimi xidmət göstərməyə məcbur etməyə çalışmaqda günahlandırıb və buna ehtiyacın olmadığını deyib.

"Yerevan və Bakı faktiki olaraq vəziyyəti nizama salıblar", - Lavrov deyib. "Qarşılıqlı etimadın yaradılmasının vaxtı çatıb. Orada buna mütləq kömək edəcək rus qoşunları var, " Lavrov bildirib.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov isə öz çıxışında Azərbaycanın “antiterror tədbirlərinin qarşıya qoyulan məqsədlərə” çatdığını bildirib.
“Ermənistan və onun tabeliyindəki qeyri-qanuni rejim tərksilah, bütün qondarma strukturların ləğvi və qüvvələrin Azərbaycandan çıxarılmasına razı olmaq məcburiyyətində qaldı,” o deyib.

Nazir bunun sülh yolu ilə baş verməməsinin səbəbini “Ermənistanın etinasızlığı və iştirak edən vasitəçilərin adekvat addımlar atmaması” olduğunu deyib.

Ceyhun Bayramov Azərbaycanın bölgədə tərksilah, demobilizasiya və yerlərdə reinteqrasiya üzrə praktiki addımlara başladığını söyləyib. O həmçinin hakimiyyət orqanlarının humanitar dəstək tədbirlərinin həyata keçirilməsinə başladığını və yerli mülki əhalinin ehtiyaclarını ödəmək üçün bütün səylərin səfərbər edildiyini bildirib.

“Bu xüsusda, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinləri bərabərhüquqlu vətəndaş kimi reinteqrasiya etmək əzmində olduğunu bir daha bildirmək istərdim. Azərbaycan Konstitusiyası və milli qanunvericiliyi, qəbul etdiyimiz beynəlxalq öhdəliklər bu məqsədə çatmaq üçün möhkəm zəmin yaradır,” o deyib.

Nazir Azərbaycanın iki ölkənin legitim maraqlarına bərabərhüquqlu və qarşılıqlı hörmət əsasında Ermənistanla əsl dialoqa və danışıqlara hazır olduğunu qeyd edib.

“Biz, həm Azərbaycan, həm də Ermənistan üçün mehriban qonşuluq münasibətləri qurmaq və beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində iki suveren dövlət kimi dinc yanaşı yaşamaq üçün tarixi imkanın mövcudluğuna hələ də qəti şəkildə inanırıq,” o deyib.

Daha sonra çıxış edən Ermənistan xarici işlər naziri Ararat Mirzoyan öz nitqində Azərbaycanın “Ermənistan Respublikasının sureveren ərazisinə qarşı təkrar aqressiyası və Dağlıq Qarabağ xalqına qarşı hərbi taktikalarının” regionda sülh və sabitliyi əngəllədiyini və insan hüquqları və qanunun aliliyini pozduğunu bildirib.
“Bölgəmizdə sülhün və sabitliyin bərqərar olmasına səmimi inamı və arzusu olan hökumətim bu məqsədlə əhəmiyyətli və layiqincə qeyd olunan səylər göstərib. Nəhayət, bizim sülh üçün tərəfdaşımız yoxdur, qarşımızda gücün haqqı olduğunu açıq şəkildə bəyan edən və sülh prosesini pozmaq üçün daim güc tətbiq edən bir ölkə var,” o deyib.

Mirzoyanın bildirdiyinə görə, Dağlıq Qarabağ əhalisinin 30 faizi didərgin düşüb və bütün əhali heç bir yaşayış vasitəsi olmadan qalıb, belə ki, əraziyə məhdud sayda humanitar yardım daxil olub.

“Nə ərzaq, nə dərman, nə sığınacaq var, insanlar ailələrindən ayrı düşüb, terrora məruz qalıb və həyatları üçün qorxur,” o deyib.

Ararat Mirzoyan deyib ki, beynəlxalq ictimaiyyət insan hüquqları, humanitar və təhlükəsizlik vəziyyətə çıxışın əldə edilməsi və monitorinqi məqsədilə “Dağlıq Qarabağda BMT-nin idarələrarası missiyasının dərhal yerləşdirilməsi üçün” bütün səyləri göstərməlidir.

“BMT agentliklərinin və digər beynəlxalq təşkilatların humanitar prinsiplərə uyğun olaraq Dağlıq Qarabağa maneəsiz daxil olması zəruridir,” Mirzoyan qeyd edib.

O həmçinin “Dağlıq Qarabağda yerli əhalinin etnik təmizlənməsinin qarşısını almaq və Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi ilə əlaqəli məsələləri həll etmək məqsədilə” Dağlıq Qarabaq nümayəndələri ilə rəsmi Bakı arasında dialoqun təmin edilməsi üçün davamlı beynəlxalq mexanizmin zəruriliyini vurğulayıb.

Bundan iki gün öncə, sentyabrın 21-də isə BMT Təhlükəsizlik Şurasında Azərbaycanın sentyarbın 19-da Qarabağda keçirdiyi hərbi əməliyyat və regiondakı humanitar durumla bağlı brifinq keçirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.