AŞPA Azərbaycanı Qarabağ ermənilərinə qarşı “xoş niyyətini sübut etməyə” çağırıb

14-10-2023, 09:31           
AŞPA Azərbaycanı Qarabağ ermənilərinə qarşı “xoş niyyətini sübut etməyə” çağırıb
Cümə Axşamı günü Avropa Şurası Parlament Assambleyası (AŞPA) Dağlıq Qarabağla bağlı qətnamə qəbul edib. O, Azərbaycan hakimiyyətini Qarabağdan olan ermənilərin bölgəyə qayıda bilməsi üçün “etimad mühiti və maddi şərait yaratmağa” çağırıb.

Qətnamədə deyilir ki, Azərbaycan Qarabağın erməni əhalisini geri qayıtmaları üçün həvəsləndirməlidir.

AŞPA Azərbaycandan “Avropa İnsan Hüquqları Konvensiyasına əsasən bu regiondan olan ermənilərin hüquq və azadlıqlarının müdafiəsi və gücləndirilməsi üçün artıq görülmüş və nəzərdə tutulan tədbirlər haqqında tam və ətraflı məlumat verməyi” xahiş edib.

Qətnaməyə hələ rəsmi Bakıdan heç bir reaksiya verilməyib.

Azərbaycan Qarabağ ermənilərinə Azərbaycan qanunvericiliyi və hakimiyyəti çərçivəsində hüquqlar və təhlükəsizlik vədi verib.

Sənəddə Assambleya Azərbaycanı dözümsüzlük ifadələrindən və ya keçmiş hadisələrə görə qisas almaqdan çəkinməyə, bölgənin erməni mədəni irsini qorumağa çağırıb.

AŞPA Azərbaycanı tanınmamış Dağlıq Qarabağın bütün həbs edilmiş nümayəndələrini, eləcə də hazırda həbsdə olan bütün erməni hərbi əsirləri azad etməyə çağırıb.

Bundan başqa Azərbaycandan Avropa Şurasının təsisat və orqanlarının regiona çıxışına icazə vermək istənilib.

Qətnaməyə görə, Azərbaycan öz öhdəliklərini yerinə yetirməsə, ölkəyə qarşı AŞ Nazirlər Komitəsi və Parlament Assambleyasının birgə prosedur başlanıla bilər və qurum "2024-cü ilin ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsini mübahisələndirə bilər”.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.