Siyasətin, siyasətçinin “silahı” sözdür,...

12-02-2024, 08:43           
Siyasətin, siyasətçinin “silahı” sözdür,...
Siyasətin, siyasətçinin “silahı” sözdür, cümlələrdir, fikirlərdir, tezislərdir, siyasətçi söylədiyi sözün çəkisini bilməli, dedikləri ilə əməlləri arasında bağlantı qurmağı bacarmalıdır. Ucun illər Azərbaycan siyasətində sözün çəkisi olmayıb, ən çox gözdən salınan ağır çəkisi və anlamı olan sözlər “bəyanat”, “tələb edirəm” və “istefa” sözləri olub. Çox güclü politoloji təməlləri olan bu sözlər siyasi “devalvasiyaya” uğradılıb, mənasızlaşdırılıb, əhəmiyyəti və çəkisi itib.
Misal olaraq Avropada son günlər fermerlərin hərakatına baxaq – insanlar əvvəl bəyanat yaydılar, tələb etdilər ki, onlara ziyan vuran qanunlar və normativ aktlar ləğv edilsin – hökumətlər qulaqardına vurdular, addım atmadılar. Sonrakı mərhələdə fermerlər öz traktorları ilə bütün Avropanı lərzəyə saldılar, yolları bağladılar, yəni, bəyanlarının və tələblərinin yerinə yetirilməsi üçün konkret təzyiq vasitələri seçdilər, hökumətlər də geri addım atmağa məcbur qaldılar.
Gələk bizim məmləkətə, məsələn, “A” partiyası bəyanat yayır, deyir ki, mən flan şey tələb edirəm – məntiqlə nə baş verməlidir?! Bəyanatda irəli sürülən tələb yerinə yetirilmirsə ikinci, üçüncü addımlar atılmalı, o tələbin yerinə yetirilməsi üçün təzyiq vasitələri işə düşməlidir. Amma nə görürük – hansısa “A” partiyası yekə-yekə deyirlər ki, biz bu seçkilərin nəticəsini tanımadığımızı bəyan edirik, və tələb edirik ki, yeni seçkilər təyin edilsin. Eyvallah, tam legitim əsasları olan siyasi mövqe və tələbdir. Hökumət isə bu bəyanatı və tələbi neft buruğuna da almır, bəs sonra “A” partiyası nə edir – heç nə! Boş söz püləyir, çox vacib siyasi terminlər olan bəyanat, tələb və istefa qavramlarını mənasızlaşdırırlar.
Və ya, “B” partiyası deyir ki, seçkilərin legitimliyini, nəticələrini tanımıram - əla, nə gözəl, tam ixtiyarları var, o zaman seçildiyi elan edilən şəxsin fərman və qərarlarına niyə uyur?! Nədən onun imzaladığı qanunlarla yaşamağı qəbul edir – adi məntiq var da, tanımırsan, qalxırsan dağlara, çəkilirsən meşələrə öz mövqeyin uğrunda mübarizə aparırsan. Bunu etmirsənsə, legitimliyini tanımadığın Parlamentin və ya Prezidentin qərarları ilə yaşamağa davam edirsənsə, deməli yalançı, ikiüzlü və şarlatansan. Hə, seçkilərin nəticələrini mübahisələndirmək, siyasi (hüquqi yox ha, siyasi) qiymət vermək olar və lazımdır, və siyasi nəticələri ilə razı olmadığın seçki nəticələrini siyasi üsullarla da dəyişməyə çalışmalısan. Amma, “legitimliyini tanımamaq” siyasi deyil də, hüquqi qiymətdir və başqa addımlar atmağı özündə ehtiva edir. O addımlara atmağa ..... zadın çatmırsa, boş-boş danışmaqla siyasi dili-üslubu bəsidləşdirmək olmaz, bu siyasət institutuna ziyan gətirir, siyasətçi sözünü xalqın gözündən salır.
Məhz buna görə biz “bəyanat” sözünü, “tələb edirəm” ifadəsini işlətməməyə çalışırıq, çünki xalqa və özümüzə hörmət edirik. İstefa kimi vacib siyasi təzyiq alətini özünə və xalqına hörmət edən siyasi təşkilatlar bir dəfə deyir, bunu tələb etdiyini bəyan edir və nəticə əldə etmək üçün bütün addımları atır – bu alqoritm və ardıcıllıq yoxdursa, həmin siyasi təşkilat özünə, xalqa hörmət qoymur, siyasi oyunbazlıqla məşğul olur. Vəssalam!
Natig Cəfərli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.